AZ EN RU

Pedaqoji profilli ixtisasları bitirən 66 gənc ümumtəhsil məktəblərində işlə təmin olunub

    Dünən imtahanlarda müvafiq keçid balını toplayaraq ümumi təhsil müəssisələrinə vakant vəzifələrə işə qəbul edilən gənc kadrlarla görüş keçirilib.
    Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilir. 
    Qeyd olunub ki, bu gün muxtar respublikada gənclərə göstərilən yüksək qayğılardan biri də pedaqoji profilli ixtisasları bitirmiş gənclərin işlə təmin olunmasıdır. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2018-ci il 14 aprel tarixli Qərarı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında müəllimlərin dövlət ümumi təhsil və ilk peşə ixtisas təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Qaydaları”na uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən pedaqoji profilli ixtisasları bitirmiş gənclərin işə qəbulu üzrə müsabiqələr keçirilir. Bu isə səriştəli, bacarıqlı kadrların ehtiyac olan təhsil müəssisələrində yerləşdirilməsini təmin edir. 
    Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən muxtar respublikanın dövlət ümumi təhsil müəssisələrinə vakant vəzifələrə işə qəbul üçün 1 sentyabr 2022-ci il tarixdə elan edilmiş müsabiqənin 19-21 oktyabr 2022-ci il tarixlərdə keçirilmiş test imtahanlarının nəticəsinə uyğun olaraq 13 psixoloq, 14 uşaq birliyi təşkilatının rəhbəri, 15 laborant, 14 kitabxana müdiri, 5 kitabxanaçı və 5 tərbiyəçi olmaqla, ümumilikdə 66 nəfər işə qəbul edilib. 
    Bildirilib ki, 2018-ci ildən başlayaraq vakant vəzifələrə işə qəbul ilə bağlı keçirilən müsabiqələrdə yüksək nəticə göstərən 75 psixoloq, 55 uşaq birliyi təşkilatının rəhbəri, 53 kitabxana müdiri, 15 kitabxanaçı, 12 tərbiyəçi və 48 laborant olmaqla, ümumilikdə, 258 gənc kadr məktəblərdə müvafiq vəzifələrə təyin edilib. 
   Sonra təhsil naziri yeni fəaliyyətə başlayan gənc kadrları təbrik edib, onlara yeni vəzifələrində uğurlar arzulayıb, muxtar respublika gəncliyinə göstərilən qayğıya cavab olaraq hərtərəfli biliyə, geniş dünyagörüşünə yiyələnən, xalqını və Vətənini sevən nəslin yetişdirilməsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirərək səylə çalışmalarının zəruriliyini vurğulamışdır. 
    Təhsil Nazirliyi Aparatının Ümumi təhsil şöbəsinin müdiri Abdulla Əsgərov müsabiqənin nəticələri, aparatın baş məsləhətçi-hüquqşünası Aygün Məmmədova isə psixoloq, kitabxana müdiri, uşaq birliyi təşkilatının rəhbəri və laborantın vəzifə funksiyaları haqqında məlumat verib. 
    Sonra gənc kadrlar adından çıxış edən Ləman Aslanlı informasiya texnologiyalarının imkanlarından maksimum şəkildə istifadə etmək bacarığı olan, geniş biliyə və dünyagörüşünə malik kadrların hazırlanması və onların fəaliyyəti üçün muxtar respublikada yaradılan hərtərəfli şəraitdən danışıb.
    Ləman Aslanlı həyata keçirilən təhsil siyasəti və gənclərə göstərilən yüksək qayğıya görə gənc kadrlar adından dövlətimizə minnətdarlığını bildirib. 

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 02.11.2022 20:07