AZ EN RU

Pedaqoji profilli ixtisaslarda təhsil alan tələbələrlə görüş

    “Sabahın müəllimi” layihəsi çərçivəsində ali təhsil müəssisələrinin pedaqoji profilli ixtisaslarının sonuncu kursunda təhsil alan təcrübəçi tələbələrlə görüş keçirilib.
    Görüşdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov bildirib ki, muxtar respublikada təhsilin bütün sahələri dövlət qayğısı ilə əhatə olunub, müasir tələblərə cavab verən təhsil infrastrukturunun yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirilib, yeni STEAM təlim metodunun tətbiqi üçün kabinələr yaradılıb. Qeyd edilib ki, pedaqoji kadrların təkmilləşməsi istiqamətində atılan addımlar, keçirilən təlim və təcrübələr bu sahədə əhəmiyyətli uğurların qazanılmasına şərait yaradıb. Göstərilən dövlət qayğısı sayəsində muxtar respublikada sənətini sevən kifayət qədər peşəkar müəllim formalaşıb, bu peşəyə maraq artıb.
    Bildirilib ki, 2018-ci ildən başlayaraq müəllimlərin işə qəbulunun müsabiqə yolu ilə aparılması, 2020-ci ildən isə müəllimlərin sertifikasiyaya cəlb olunması onların bilik və bacarıqlarının inkişafı üçün bir stimul olub.
    Nazir hamilik çərçivəsində aparılan məqsədyönlü işlərin əhəmiyyətinə toxunaraq bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamları ilə 32 pedaqoji profilli ixtisas Təhsil Nazirliyinə hamiliyə verilib. Hamilik çərçivəsində tələbələrin bilik və bacarıqlarının, təcrübələrinin artırılması üçün bir sıra tədbirlər həyata keçirilib.
    Bunun nəticəsidir ki, artıq tələbələr universitet dövründə ixtisaslı bir kadr kimi formalaşırlar.
    Universitet məzunlarının iş təminatından da danışan təhsil naziri diqqətə çatdırıb ki, 2018-ci ildən müəllimlərin işə qəbulu üzrə keçirilən müsabiqələrdə 700-ə yaxın müəllim işlə təmin olunub.
    Tədbirdə Təhsil Nazirliyi aparatının baş məsləhətçisi Aygün Məmmədova “Təhsil müəssisələrinə işə qəbul qaydaları”, nazirliyin şöbə müdiri Abdulla Əsgərov “Stimullaşdırıcı tədbirlər və sertifikasiya qaydaları”, nazirliyin aparıcı məsləhətçisi “Müəllimlərin etik davranış qaydaları” mövzularında təcrübəçi tələbələrə geniş məlumatlar veriblər.
    Babək rayon Araz kənd ümumi tam orta məktəbinin tarix müəllimi muxtar respublikada müəllimlərə göstərilən dövlət qayğısından danışıb.
    Naxçıvan Müəllimlər İnstitutunun Tədris və tərbiyə işləri üzrə prorektoru Çapay Quliyev muxtar respublikada hamilik çərçivəsində həyata keçirilən tədbirlərin tələbələrin gələcəyin mütəxəssisi kimi yetişməsində mühüm əhəmiyyət daşıdığını deyib. 
    Görüşdə tələbələrin sualları ətraflı cavablandırılıb.
    Qeyd edək ki, görüşdən sonra tələbələr üçün STEAM Tədris Mərkəzində seminar keçilib. Həmçinin tələbələrin Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzindəki innovativ dərnəklərə ekskursiyası da təşkil olunub.

Naxçıvan Muxtar Respublikası 
Təhsil Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 19.04.2022 18:32