AZ EN RU

Payız semestrinin imtahan sessiyası başlayıb

Naxçıvan Dövlət Universitetində 2022-2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyası başlayıb. Ali təhsil müəssisəsinin rektoru, dosent Elbrus İsayev keçirilən imtahanların gedişi prosesi ilə tanış olub, tələbələrə uğurlar arzulayıb. İmtahanların tətbiqi ilə bağlı tələbələrin arzu və təkliflərini öyrənib.
Qeyd edək ki, imtahanlar yazılı, şifahi və elektron-test üsulu ilə, əsasən, ikinövbəli olmaqla həyata keçirilir. Bakalavr səviyyəsində 75 ixtisas üzrə 8 minədək tələbə, magistratura səviyyəsində isə 136 ixtisaslaşma üzrə 423 magistrant imtahan verəcək. Yəni orta hesabla gündəlik 160-170 qrup imtahanda iştirak edəcək. Sessiya zamanı imtahanda iştirak etməyən və ya akademik borcu yaranan tələbələrə 2 fənn üzrə imtahan vermək üçün 2023-cü ilin fevral ayının ilk ongünlüyündə şərait yaradılacaq.
Məlumat üçün bildirək ki, imtahan nəticələri imtahan gününün sonunda tələbələrin şəxsi kabinetlərinə yerləşdirilir. Həmçinin imtahan sualları da semestrin əvvəlindən LMS platforması üzərindən tələbələrin şəxsi kabinetinə daxil edilib. Elektron-test üsulu ilə aparılacaq imtahanların testləri 2022-ci il dekabrın 25-dək imtahan sistemində açılaraq tələbələrə təqdim olunub. 
Sessiyanın gedişinə operativ nəzarət, təhsilalanların biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə universitetdə imtahan qərargahı və apellyasiya komissiyası yaradılıb. Komissiya sessiya müddətində imtahanların gedişi ilə əlaqədar daxil olmuş şikayətlərin araşdırılmasını təmin edəcək. Apellyasiya komissiyasına müraciət və həmçinin müraciətə cavabın verilməsi tamamilə elektron qaydada həyata keçirilir.
İmtahan sessiyası fevral ayının 1-dək davam edəcək.

Naxçıvan Dövlət Universitetinin Televiziya, 
mətbuat və ictimaiyyətlə əlaqələr bölməsi 

Nəşr edilib : 11.01.2023 10:36