AZ EN RU

Payız-qış mövsümünə hazırlıqla bağlı görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub - FOTOLAR

    Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar kollegiya iclası keçirilib. İclası komitənin sədri Hicran Rüstəmov açaraq bildirib ki, 2022-ci ildə əhalinin mənzil-kommunal təminatının yaxşılaşdırılması sahəsində yeni yaşayış binalarının tikintisi və ya yenidən qurulması davam etdirilib. Şahbuz şəhərində “N” hərbi hissədə 44 mənzilli yaşayış binasının tikintisi, Naxçıvan şəhərində 2 yaşayış binasının fasadının üzlənməsi və təmir başa çatdırılıb. Naxçıvan şəhərində 13, Şərur rayonunda 9, Babək rayonunda 1, Ordubad rayonunda 1, Culfa rayonunda 2, Kəngərli rayonunda 1, Şahbuz rayonunda 1 olmaqla, muxtar respublika üzrə 28 yaşayış binasında fasadın üzlənməsi və təmir işləri davam etdirilir. Tikinti və yenidənqurma işləri həyata keçirilərkən binaların mövsümə hazırlıq səviyyəsi diqqətdə saxlanılıb, dam örtüklərinə istilik qatı verilib, havalandırma sistemlərinin və tüstü bacalarının sazlığı yoxlanılıb, müasir qazanxanalar və istilik sistemlərinin quraşdırılması həyata keçirilib. Muxtar respublikanın enerji təhlükəsizliyinin təmin edilməsi məqsədilə 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyasının, 15.6 meqavat gücündə Tivi Su Elektrik Stansiyasının, Culfa rayonunda 132/110/35 kilovolt elektrik yarımstansiyasının tikintisi davam etdirilir. 
    Qeyd olunub ki, cari ilin avqust ayında Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən və bir sıra yerli icra hakimiyyəti orqanlarından daxil olmuş müraciətlərə əsasən təhsil müəssisələrində və yerli icra orqanlarında aşkarlanmış nöqsanlar yerli tikinti idarələri tərəfindən aradan qaldırılıb. Ali Məclisin Sədri tərəfindən verilən tapşırıqların keyfiyyətlə və sürətlə yerinə yetirilməsi üçün komitənin şəhər və rayon idarələrində müvafiq işçi qrupları yaradılmalı və bu qruplar muxtar respublikanın ərazində yerləşən inzibati binalara, təhsil, səhiyyə, mədəniyyət, idman müəssisələrinə, eləcə də sosial obyektlərə baxışlar keçirməli, zəruri olan təmir işləri müəyyənləşdirilməlidir. Dövlət orqanlarında, idarə və müəssisələrində nasaz qazanxana və istilik sistemləri aşkarlandıqda nasazlığın yaranma səbəbi araşdırılmalıdır. Nasazlıq təşkilatın təqsiri üzündən baş verdikdə müvafiq mütəxəssis rəyi verilməli, aktlaşdırılmalı və təmir xərclərinin həmin orqanların maliyyə vəsaiti hesabına ödənilməsi təmin edilməlidir. Komitənin aid şöbələri və nəzarətçiləri, həmçinin şəhər və rayon idarələrinin rəhbərləri işçi qruplarının fəaliyyətini nəzarətdə saxlamalıdırlar. Aşkar edilmiş nasazlıqların aradan qaldırılması sentyabr-oktyabr ayı ərzin­də yekunlaşdırılmalıdır. 

***

    Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən iclasda xidmətin rəisi Bəxtiyar İsmayılov çıxış edib. Bildirib ki, 2022-ci il 7 sentyabr tarixində Naxçıvan Muxtar Respublikasında 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə Ali Məclisin Sədri tərəfindən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin də qarşısında bir sıra mühüm vəzifələr müəyyənləşdirilib. 

    Qeyd olunub ki, verilmiş tapşırıqlara uyğun olaraq bu istiqamətdə icra olunan tədbirlərin effektivliyini və operativliyini təmin etmək məqsədilə Fövqəladə Hallar Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə birgə iş planı hazırlanıb və iş planına uyğun olaraq fəaliyyət əsas istiqamətlər üzrə qurulacaqdır: standarta uyğun olmayan və sənaye üsulu ilə hazırlanmayan qızdırıcı elektrik və qaz cihazlarının muxtar respublikaya idxalına, satışına və istismarına yol verilməməsi barədə istehlakçılar və sahibkarların əvvəlcədən məlumatlandırılması, müvafiq bildirişlərin təsərrüfat subyektlərinə təqdim olunması, standarta uyğun olmayan və sənaye üsulu ilə hazırlanmayan qızdırıcı elektrik və qaz cihazlarının muxtar respublikaya idxalına, satışına və istismarına yol verilməməsi, satış obyektlərində bu cihazların standartlara uyğunluğunun yoxlanılması və onların gətirilmə yollarının müəyyənləşdirilməsi məqsədilə reydlərin keçirilməsi, qaz cihazlarının təhlükəsizlik üzrə yoxlamadan keçirildikdən sonra idxalına, satışına və istismarına icazə verilməsi, standarta uyğun olmayan və sənaye üsulu ilə hazırlanmayan qızdırıcı elektrik və qaz cihazlarının muxtar respublikaya idxalına, satışına və istismarına yol verilməməsi üçün kütləvi informasiya vasitələrində maarifləndirici materialların hazırlanması. Verilmiş tapşırıqların icrasını sürətləndirmək məqsədilə müvafiq işçi qrupu yaradılıb. İşçi qrupu tərəfindən tapşırıqların icrası vaxtında və səmərəli təşkil olunmalı, lazımi nəzarət tədbirləri operativ qaydada aparılmalı və aid təşkilatlarla birgə qarşılıqlı fəaliyyət qurulmalıdır. 
    Vurğulanıb ki, İqtisadiyyat Nazirliyi ilə birgə işlənmiş yağların tədarükü üzrə fəaliyyət çərçivəsində 2021-ci il 10 dekabr tarixdən 2022-ci il 19 sentyabr tarixədək Naxçıvan Muxtar Respublikasında avtomobillərə texniki xidmət göstərən 54 obyektdən və digər 15 müəssisədən 59130 litr həcmində işlənmiş yağ təhvil götürülüb. Hazır­da reyestr üzrə obyektlərdə natamam doldurulmuş çəlləklərdə 6483 litr həcmində işlənmiş yağ mövcuddur. Bu istiqamətdə fəaliyyət göstərən müvafiq işçi qrupu tərəfindən şəhər, rayon icra hakimiyyətləri və aidiyyəti orqanlar ilə birgə avtomobillərə texniki xidmət göstərən obyektlərdən işlənmiş yağların təhvil götürülməsi, qeydiyyatının aparılması və tədarükü işi bundan sonra da davam etdirilməli, verilmiş tapşırıqların icrası operativ qaydada təmin olunmalıdır. Xidmətə verilmiş bütün tapşırıqların icrası yüksək səviyyədə təmin edilməli, fəaliyyət bu istiqamətdə daha da gücləndirilməlidir.
    Sonra məruzə ətrafında çıxışlar olub, qərar layihəsi oxunaraq qəbul edilib. 

***

    Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətində payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirəni giriş sözü ilə xidmətin rəisi Vəli Novruzov açaraq məruzə edib. Bildirib ki, Naxçıvan Muxtar Respublikasında 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirədə Ali Məclisin Sədri tərəfindən xidmətə də bir sıra  tapşırıqlar verilib.

    Qeyd edilib ki, heyvandarlıq müəssisələrinin və heyvandarlıqla məşğul olan ailə təsərrüfatlarının payız-qış mövsümünü sağlam başa vurmasında muxtar respublika üzrə yoluxucu xəstəliklərə qarşı ilboyu həyata keçirilən peyvəndləmə tədbirlərinin vaxtında və təlimata uyğun təşkilinin böyük əhəmiyyəti vardır. Bu məqsədlə xidmət hər il olduğu kimi, bu il də payız-qış mövsümündə əhalinin etibarlı heyvandarlıq məhsulları ilə tam təmin edilməsi üçün tədbirləri davam etdirib, muxtar respublika üzrə ərzaq ehtiyatının artırılması və təhlükəsizliyinin təmin edilməsində öz üzərinə düşən vəzifələri icra edib. 
    Vurğulanıb ki, payız-qış mövsümünün gəlməsi ilə əlaqədar yaylaqlardan oba köçündən sonra və aran yerlərdə, ümumilikdə, mal-qaranın saxlanıldığı tövlələrdə, yataq yerlərində baytar-sanitariya işinin əsas göstəricilərindən hesab olunan dezinfeksiya, dezinseksiya və dezakarizasiya tədbirlərinin vaxtında həyata keçirilməsi öncədən infeksion və invazion xəstəliklərin yayılmasının qarşısını alır. Ona görə də qışlama binalarına köç başlamazdan əvvəl tövlələrin təmir olunması və digər təmizlik işləri həyata keçirilməlidir. Bu işlərdə də mütəmadi olaraq sahibkarlarla maarifləndirici xarakterli söhbətlər aparılmalı və onlara yaxından köməklik göstərilməlidir. 
    Bildirilib ki, quşçuluqla məşğul olan sahibkar­lara payız-qış aylarında ev quşlarının sağlamlığının qorunması qaydaları, quş damlarının vaxtlı-vaxtında təmizlənməsi, dezinfeksiya, dezinseksiya işlərinin həyata keçirilməsi, həmin yerlərin havalandırılması, temperaturunun və rütubətinin nizamlanması, işıqlandırılmasının vacibliyi izah edilməli və bu istiqamətdə maarifləndirmə işləri aparılmalıdır. 
    Sonra məruzə ətrafında çıxışlar olub.

***

    “Naxçıvanpoçt” publik hüquqi şəxsdə keçirilən müşavirəni publik hüquqi şəxsin direktoru Səxavət Bağırov açaraq bildirib ki, sentyabr ayının 7-də keçirilən müşavirədə “Naxçıvanpoçt” publik hüquqi şəxsə payız-qış mövsümü ərzində poçt göndərişlərinin vaxtında çatdırılması və muxtar respublika sakinlərinə fasiləsiz poçt xidmətlərinin göstərilməsi istiqamətində tapşırıq verilib.

    Qeyd olunub ki, cari ildə tikintisi və ya təmiri davam etdirilənlərlə birlikdə “Naxçıvanpoçt” publik hüquqi şəxs payız-qış mövsümündə 1 mərkəz, 7 filial və 191 poçt bölməsi ilə muxtar respublika sakinlərinə xidmət göstərəcəkdir. Naxçıvan şəhəri və yeddi rayon da daxil olmaqla, 1 mərkəz,          7 filial və 187 poçt bölməsi mərkəzi istilik sistemi ilə təmin edilib. Bu il Şərur rayon Çərçiboğan kənd poçt bölməsi istifadəyə verilib, Şərur rayonunun Vərməziyar və Axura kənd poçt bölmələrinin, Babək rayonunun Vayxır kənd poçt bölməsinin, Ordubad rayonunun Pəzməri, Unus, Kələki, Azadkənd və Xanağa kənd poçt bölmələrinin tikintisi və ya yenidən qurulması davam etdirilir. Həmin bölmələrdə müasir istilik sistemləri qurulacaqdır. “Naxçıvanpoçt” publik hüquqi şəxsdə mövcud olan 12 müxtəlif təyinatlı nəqliyyat vasitəsinin 11-i payız-qış mövsümünə uyğun olaraq yoxlamadan keçirilib, lazımi təmir işləri aparılıb.
    Diqqətə çatdırılıb ki, payız-qış mövsümü ərzində əhaliyə fasiləsiz və keyfiyyətli xidmət göstərilməsi təmin edilməli, nizam-intizama diqqət daha da artırılmalı, əhalinin yaşayış yerlərində artıq vaxt sərf etmədən kommunal ödənişlərini aparmaları, pensiyaçıların pensiyalarını vaxtında almaları və digər poçt xidmətlərindən rahat şəkildə istifadə etmələri təmin olunmalıdır. Eyni zamanda POS-terminallardan istifadə diqqətdə saxlanılmalı, enerjiyə qənaət təmin edilməli, nəqliyyat vasitələri hava şəraitindən asılı olmayaraq, daim işlək vəziyyətdə saxlanılmalıdır.
    Sonra məruzə ətrafında çıxışlar dinlənilib.

Xəbərlər şöbəsi

Nəşr edilib : 20.09.2022 18:38