AZ EN RU

Payız-qış mövsümünə hazırlıqla bağlı görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub - FOTO

    Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilib. Tədbirdə nazir Nicat Babayev məruzə ilə çıxış edərək bildirib ki, ötən mövsümün göstəricilərinə əsasən sağlamlıq imkanları məhdud qadınlar tərəfindən toxunmuş 2500 cüt corab, 800 yun jilet və 100 ədəd boyunluq haqqı ödənilərək təhvil alınıb, hərbi hissələrə verilib. Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi ilə birgə muxtar respublikada fəaliyyət göstərən 782 qazanxanada müvafiq yoxlama işləri aparılıb. Mövsümi işçilər üçün maarifləndirmə tədbirləri icra olunub. İşaxtaran şəxslərin vakant iş yerlərinə göndərilməsi məqsədilə Naxçıvan Regional Peşə Tədris Mərkəzində qazanxana maşinisti peşəsi üzrə təşkil olunmuş 4 kursa 80 nəfər cəlb edilib. Bundan əlavə, qaz avadanlıqlarının təmiri və istismarı üzrə qazpaylayıcı stansiyanın operatoru üzrə 2 ixtisas­artırma kursunda 20 nəfər iştirak edib. 
    Nazir diqqətə çatdırıb ki, sentyabrın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2022-2023-ci illərin payız-qış mövsümünə hazır­lıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabeliyində olan bərpa müəssisələrinin, eləcə də Ahıllar Evinin qış mövsümünə hazırlığını diqqətdə saxlamaq, peşə müəssisəsində qazanxana maşinisti ixtisası üzrə kurslar təşkil etmək, hərbi hissələr üçün yun şərf və corabların toxunması işini davam etdirməklə bağlı tapşırıqlar verilib.
    Vurğulanıb ki, bu tapşırıqların icrası çərçivəsində Ahıllar Evinin və bərpa müəssisələrinin qış mövsümünə hazırlığı diqqətdə saxlanılmalı, sosial xidmət göstərilən tənha ahıl və sağlamlıq imkanları məhdud şəxslər payız-qış mövsümü ilə əlaqədar ehtiyaclarına uyğun mövsümi ləvazimat və digər zəruri vasitələrlə təmin edilməlidir. İstilik sistemləri üzrə ixtisaslı kadrların hazırlanması və qaz təsərrüfatında çalışanların ixtisas hazırlığına cəlb olunması məqsədilə peşə kursları təşkil edilməli, sağlamlıq imkanları məhdud qadın­lar tərəfindən hərbi hissələr üçün isti qış geyimlərinin toxunuşu davam etdirilməlidir.
    Vurğulanıb ki, nazirlik və struktur təşkilatlarında qazanxanalar yoxlanılmalı, xidməti avtomobillərin payız-qış mövsümünə hazırlığına diqqət artırılmalıdır.
    Müşavirədə çıxışlar dinlənilib.

***

    Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazir­liyində payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirəni nazir Mayis Əliyev  açaraq bildirib ki, sentyabrın 7-də Naxçıvan Muxtar Respublikasında 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələr barədə keçirilən müşavirədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə muxtar respublikanın bitki və heyvanat aləminin qış aylarında qorunması üçün müvafiq ərazilərdə biotexniki işlərin görülməsi, quru ağacların kəsilərək hərbi hissələrə təhvil verilməsi, yeni yaşıllıqlar salınması tapşırıqları verilib. 

    Qeyd edilib ki, nazirliyin İstehsalın təşkili, planlaşdırılması və geologiya şöbəsi aid idarə və müəssisələrlə birlikdə 2022-ci ilin payız aylarında yeni yaşıllıqların salınması ilə bağlı hazırlıqlara başlamalı, sentyabr ayı ərzində ərazilərin sxem-planlarını hazırlamalı, ting ehtiyatı müəyyənləşdirilməlidir. Bunun üçün texnika, maşın və mexanizmlər saz vəziyyətə gətirilməli, əkin işlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə rayonlaşdırma işləri aparılmalı, torpaqların münbitliyinin artırılması diqqətdə saxlanılmalıdır. Xüsusi mühafizə olunan təbiət əraziləri şöbəsi ilə birlikdə toxum tədarükü ciddi nəzarətdə saxlanılmalı, dağlıq və meşə fondu ərazilərində toxumla əkin işlərinin aparılmasına üstünlük verilməli, quru ağaclar müəyyənləşdirilməli, kəsilərək hərbi hissələrə təhvil verilməli, kəsilmiş quru ağacların yerində yeni yaşıllıqların, ağacların salınması diqqətdə saxlanılmalıdır. 
    Vurğulanıb ki, nazirliyin Xüsusi mühafizə olunan təbiət əraziləri şöbəsi və aidiyyəti idarələr bitki və heyvanat aləminin qış aylarında qorunması üçün müvafiq ərazilərdə biotexniki işlər görməli, daşduz, qaba yem ehtiyatı indidən toplanmalıdır. 
    Diqqətə çatdırılıb ki, Bioloji mühit və təbii sərvətlərdən istifadənin təşkili şöbəsi tərəfindən yay-qış otlaq sahələrində ekoloji monitorinqlər aparılmalı, ətraf mühitin mühafizəsi qanunvericiliyinin tələblərinə uyğun olaraq tədbirlər icra edilməlidir. Xüsusilə qış otlaq sahələrində təsərrüfat fəaliyyətinin tənzimlənməsi üçün müvafiq tədbirlər həyata keçirilməlidir.
    Müşavirə məruzə ətrafında çıxışlarla davam edib.

***

    Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində keçirilən iclasda komitə sədri, gömrük xidməti general-leytenantı Səhət Həbibbəyli müşavirədə verilmiş tapşırıqların icrasının təmin olunması ilə əlaqədar görüləcək işlərdən danışarkən vurğulayıb ki, aidiyyəti dövlət orqanları ilə birgə hazırlanmış Tədbirlər Planına əsasən standarta uyğun olmayan və sənaye üsulu ilə hazırlanmayan qızdırıcı elektrik və qaz cihazlarının satışının qarşısının alınması və gətirilmə yollarının müəyyən edilməsi məqsədilə satış yerlərində reydlərin təşkili, istehlakçılar və sahibkarların əvvəlcədən məlumatlandırılması nəzərdə tutulub. İdxal istiqamətində gətirilən  qızdırıcı elektrik və qaz cihazlarının buraxılışına aidiyyəti dövlət orqanı ilə birgə baxış keçirildikdən sonra icazə veriləcəkdir.

    Komitə sədri gömrük orqanlarında qışa hazırlıqla bağlı görüləcək işlərdən də danışıb. Qeyd olunub ki, qazanxanaların fəaliyyəti, elektrik enerjisi ilə təminat, su və kanalizasiya xətlərinin vəziyyəti, yanğın təhlükəsizliyi, avtomaşınların sazlığı, əməkdaşların qış geyim dəsti ilə təchizatı məsələləri ilə bağlı işlər vaxtında başa çatdırılmalı, payız-qış mövsümündə də gömrük nəzarəti zonalarında və inzibati binalarda xidmətin yüksək səviyyədə təşkili təmin olunmalıdır. Elektrik enerjisi və təbii qazdan qənaətlə istifadə olunmalı, istilik sistemlərinin fəaliyyəti hava şəraitinə uyğun tənzimlənməli,  israfçılığa yol verilməməlidir. 
    Sonra qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində görüləcək işlərlə bağlı məruzələr edilib. İclasın gündəliyində duran məsələlərlə bağlı tabeli gömrük orqanları rəislərinin çıxışları olub. 

***

    Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində keçirilən iclası cəmiyyətin sədri Yəhya Allahverdiyev açaraq bildirib ki, Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən və 303,5 milyon kubmetr sututumuna malik olan sututarlarına 146,08 milyon kubmetr su ehtiyatı toplanıb. Su istifadəçilərinə mexaniki üsulla və öz axını ilə 159,62 milyon kubmetr suvarma suyu verilib, bunun müqabilində təkrar suvarma ilə 133 min 911 hektar torpaq sahəsi su ilə təmin olunub. Babək rayonunun Nehrəm qəsəbəsi ərazisində 250 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikinti işləri davam etdirilib.

    Kəngərli rayonunun Böyükdüz kəndinin 2200 hektar torpaq sahəsini suvarma suyu ilə təmin etmək məqsədilə Araz çayından qidalanan yeni nasos stansiyası və 6600 metr uzunluğunda təzyiqli boru xəttinin tikintisi başa çatdırılıb. Həmçinin Böyükdüz və Xok kəndlərinin 3200 hektar torpaq sahəsini suvarma suyu ilə təmin etmək məqsədilə Araz Su Anbarından qidalanan yeni nasos stansiyasının və təzyiqli boru xəttinin tikintisi layihəsi çərçivəsində işlərə başlanılıb. Rayonda Şahtaxtı Gömrük məntəqəsinə gedən avtomobil yolunun kənarında yaşıllıqları suvarma suyu ilə təmin etmək, Babək rayonunda Uzunoba gölünün yaxınlığında olan təpədə yaşıllıq sahəyə fasiləsiz su verilməsi, Cəhri qəsəbəsinin isə içməli su təminatını yaxşılaşdırmaq Vayxır kəndində isə məktəb və kənd mərkəzini içməli su ilə təmin etmək üçün tədbirlər görülüb.   
    Qeyd olunub ki, 2022-ci ilin yanvar-iyun ayları ərzində 8 kəhrizdə təmir-bərpa işləri başa çatdırılıb, 5 kəhrizdə təmir-bərpa işləri davam etdirilib, quyularda 433 metr təmizləmə işi aparılıb, 254 metr çalagərdan hörgü işi yerinə yetirilib, 4535 metr kürə lildən təmizlənib, 486 metr saybənd hörülüb. 
    Kəngərli rayonunun Qarabağlar kəndində 2 ədəd subartezian quyusunun tikintisi başa çatdırılıb. Sədərək rayonunda içməli su və kanalizasiya şəbəkəsinin tikintisi cəmiyyətin Su Təmir-Tikinti İdarəsi tərəfindən davam etdirilir. 
    Diqqətə çatdırılıb ki, görülən işlərin davamı olaraq payız-qış mövsümündə əhalinin fasiləsiz içməli su ilə təmin olunması, payız suvarma mövsümünün mütəşəkkil keçirilməsi, suvarma bitdikdən sonra hidrotexniki qurğuların növbəti ilə hazırlanması üçün texniki xidmət göstərilməsi, tikintisi aparılan qapalı suvarma şəbəkələrində işlərin başa çatdırılması, su anbarlarına su ehtiyatı toplanması su təsərrüfatı işçiləri qarşısında qoyulan başlıca tapşırıq­lardır. Rayon Meliorasiya və Su Təsərrüfatı idarələri tərəfindən rayon mərkəzi və ətraf kəndlərdə əhalinin içməli su ilə təchizatının yaxşılaşdırılması üçün bütün zəruri tədbirlər vaxtında həyata keçirilməlidir. 
    Vurğulanıb ki, payız-qış mövsümünə qədər mövcud kaptajlara, kəhrizlərə, subartezian quyularına, içməli su və kanalizasiya sistemlərinə nəzarət edilməli, suların keyfiyyəti sanitar-gigiyenik qaydalara uyğunlaşdırılmalıdır.
    Sonra məruzə ətrafında çıxışlar dinlənilib. 

***

    “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətində 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən yığıncaqda cəmiyyətin direktoru Mahir Əliyev çıxış edib. Bildirib ki, hazırlıqla Culfa Lokomotiv Deposunda payız-qış mövsümündə istismar olunacaq elektrovozların və manevr-magistral teplovozlarının hərəkət və dartı hissələri müayinə olunaraq, texniki baxışdan keçirilərək cari təmir edilib. Culfa İstismar Vaqon Deposunda da müxtəliftipli vaqonlarda cari və depo təmirləri aparılıb. 

    Qeyd edilib ki, payız-qış mövsümündə vaqon və lokomotivlərin normal və fasiləsiz istismarının təmin olunması məqsədilə Bakı şəhərindən sərnişin vaqonları və elektrovozlar üçün əyləc qəlibləri alınıb, lazımi sürtkü yağları tədarük edilib. Əlavə olaraq Bakı şəhərinə göndərilmiş 6 elektrovoz və 2 manevr teplovozu üçün təkər cütləri təmir olunaraq geri qaytarılıb. Ötən aylarda Culfa Lokomotiv Deposunda nasaz vəziyyətdə olan 2 manevr teplovozunun və 1 elektrovozun təkər cütləri dartı motorları ilə birgə dəyişdirilərək nasazlıqlar aradan qaldırılıb. İstilik sistemləri ilə təchiz edilmiş sərnişin vaqonlarının və aralıq stansiyalarda  növbətçi otaqlarının qızdırılması üçün 40 ton daş kömürün alınıb gətirilməsinə dair zəruri tədbirlər görülür.
    Vurğulanıb ki, qış mövsümündə hərəkətin təhlükəsizliyinin tam təmin olunması məqsədilə bəzi sahələrə xüsusi önəm verilməlidir. Belə ki, istismarda olan vaqonların və lokomotivlərin mövsümdə fasiləsiz işini təmin etmək məqsədilə onlarda aparılan təmir işlərinin keyfiyyətinə nəzarət daha da gücləndirilməlidir.  
    Sonra məruzə ətrafında çıxışlar olub.

Xəbərlər şöbəsi

Nəşr edilib : 16.09.2022 18:49