AZ EN RU

Payız-qış mövsümünə hazırlıqla bağlı görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib - FOTOLAR

    Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyində payız-qış mövsümünə hazırlıqla bağlı görülən işlər və qarşıda duran vəzifələrin icrasına həsr olunmuş iclas keçirilib. Nazir, general-leytenant Şamı Abdullayev çıxış edərək bildirilib ki, 2022-2023-ci illərin payız-qış mövsümündə fövqəlаdə hаllаrın nəticələrinin аrаdаn qаldırılmаsındа оpеrаtivliyin təmin еdilməsi məqsədilə Mülki Müdafiə Alayında 3 aylıq ərzaq, əşya və yanacaq-sürtkü materialları ehtiyatı, Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin yanğın avtomobilləri üçün 19 min 960 litr, anbarlarda isə 5 min 760 litr köpük əmələ gətirən maye ehtiyatı yaradılıb. Yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə yanğın-texniki müayinələr keçirilib, 62 min 459 nəfər yanğına qarşı təlimatlandırılıb. 473 əlavə çəkilən elektrik xətti, qeyri-standart elektrik qızdırıcılarının, 995 şlanqla çəkilən qaz xəttinin və qeyri-standart qaz sobalarının istismarı dayandırılıb. Hamam-vanna otağında quraşdırılan 367 qazla işləyən suqızdırıcı sökülərək təhlükəsiz yerə köçürülüb. 54 təhlükə potensiallı obyektdə mühafizə işinin təşkili vəziyyəti, 115 obyektin fövqəladə hallara hazırlıq vəziyyəti yoxlanılıb. Müvafiq dövlət qurumlarının nümayəndələri ilə birlikdə 142 ticarət obyektində yoxlamalar aparılıb. Aparılan profilaktik tədbirlər nəticəsində muxtar respublika ərazisində yanğınların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 50 faiz azalıb.
    Diqqətə çatdırılıb ki, Naxçıvan şəhər ərazisində fəaliyyət göstərən 5 mərkəzləşmiş qazanxananın maye qazdan-yağa keçirilməsi təmin olunub. Qış mövsümündə qazanxanaların yağla işlədilməsi üçün 52 min 320 litr yağ toplanıb. Mövsüm ərzində 784 qаzаnхаnаyа baxış keçirilib, yanğın və texniki təhlükəsizlik tədbirləri diqqətdə saxlanılıb. 448 nəfər peşə məktəblərində qazanxana maşinisti ixtisası üzrə kurslara cəlb edilib. Dəm qazı ilə zəhərlənmələrin qarşısının alınması məqsədilə 27 ictimai yaşayış binasının 688 mənzilinin tüstü bacalarına və havaçəkən kanallarına baxış keçirilib, onlardan 398-i təmizlənib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. 116 ictimai yaşayış binasının mülki müdafiə təyinatlı zirzəmisinin vəziyyəti yoxlanılıb, 7 inzibati və ictimai yaşayış binasının zirzəmisinin pasportu hazırlanıb. Taxılın və digər sahələrin yanğından mühafizəsinə diqqət artırılıb. Aparılan profilaktik tədbirlər nəticəsində taxıl sahələrində yanğın hadisəsi qeydə alınmayıb. Vurğulanıb ki, viruslara yoluxmanın qarşısının alınması məqsədilə 26 milyon kvadratmetrə yaxın sahə dezinfeksiya edilib. Yeni tədris ilinin başlanması ilə əlaqədar muxtar respublikanın bütün təlim-tədris müəssisələrində dezinfeksiya tədbirləri davam etdirilir.
    Nazir qeyd edib ki, Naxçıvan Muxtar Respublikasında 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələr barədə keçirilən müşavirədə verilən tapşırıqlara əsasən qazanxana işçiləri qabaqcadan təlimatlandırılmalı, yanğın təhlükəli obyektlərdə texniki və yanğın təhlükəsizliyi qaydalarına əməl edilməsi, yanğın və dəm qazından zəhərlənmə hallarının qarşısının alınması istiqamətində maarifləndirici tədbirlər və yerində baxış keçirilməlidir. Fövqəladə Hallar Nazir­liyi, Dövlət Gömrük Komitəsi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti standarta uyğun olmayan qızdırıcı elektrik və qaz cihazlarının muxtar respublikaya gətirilməsinin, satışının və istismarının qarşısını almalı, bununla bağlı sahibkarlar əvvəlcədən məlumatlandırılmalıdır. Diqqətə çatdırılıb ki, muxtar respublikada fövqəladə hallar zamanı fəaliyyəti zəruri olan müəssisə və təşkilatların fövqəladə hallara hazırlıq vəziyyəti yoxlanılmalı və aşkar olunan nöqsanlar noyabrın 1-dək aradan qaldırılmalıdır. 
    Sonra məruzə ətrafında çıxışlar olub.

***

    Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən iclasda nazir Rafael Əliyev çıxış edərək aidiyyəti üzrə tapşırıqlar verib. Sentyabrın 7-də Naxçıvan Muxtar Respublikasında 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə Ali Məclis Sədrinin verdiyi tapşırıqları diqqətə çatdıran maliyyə naziri qeyd edib ki, kommunal təyinatlı müəssisələrdə çalışan işçilərin müvafiq geyim dəstləri və avadanlıqlarla təmin olunması üçün maliyyə vəsaitinin ayrılması həyata keçirilməlidir. Həmçinin müəssisələrin balansında olan nəqliyyat vasitələrinin ehtiyat hissələri ilə təmin olunması, generatorların tam işlək vəziyyətə gətirilməsi üçün lazımi tədbirlər görülməlidir.
    Qeyd olunub ki, təşkilatlarda fəaliyyətə başlayacaq qazanxanalara işə götürüləcək mövsümi işçilərin say tərkibinə, onların dövlət məvacibi təminatı ilə əlaqədar dövlət büdcəsindən maliyyələşən və dövlət büdcəsindən maliyyə yardımı alan təşkilatların xərclər smetasında bu məqsədlər üçün ayrılmış vəsaitlərin səmərəli və təyinatı üzrə xərclənməsinə nəzarət olunmalıdır. 
    Vurğulanıb ki, verilən tapşırıqların icrasının təmin edilməsi məqsədilə maliyyə qurumları tərəfindən müəssisə və təşkilatlarda mövsümlə əlaqədar olaraq fəaliyyətə başlayacaq qazanxanaların saz vəziyyətə gətirilməsi üçün real ehtiyaclara əsaslanan vəsaitlərin ayrılması və xərclənməsinə nəzarət keyfiyyətli şəkildə təşkil edilməli, mövsüm ərzində onların işinə nəzarət olunmalıdır. Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda enerjidən istifadə zamanı qənaət tədbirləri çərçivəsində limitlərin müəyyən olunmasının zəruriliyini bildirən maliyyə naziri xərclərin maliyyələşdirilməsi zamanı israfçılığın qarşısının alınması, limitlər daxilində səmərəli maliyyələşdirilmənin təmin edilməsi barədə tapşırıqlar verib.

***

    Naxçıvan Beynəlxalq Hava Limanında keçirilən müşavirəni giriş sözü ilə Naxçıvan Beynəlxalq Hava Limanının direktoru Mənşur Gülmməmədli açıb. Bildirilib ki, muxtar respublikada mövsüm ərzində havaların soyuq və qarlı keçməsini nəzərə alaraq ayrı-ayrı xidmət sahələrinin işinin tənzimlənməsi, mövsümə hazırlıqla bağlı ehtiyat hissələrinin toplanması və sazlanmasına start verilmişdir. Bu istiqamətdə Naxçıvan Beynəlxalq Hava Limanında da müvafiq işlər həyata keçirilmişdir. Belə ki, sərnişinlərin rahatlığının, uçuşların və aviasiya təhlükəsizliyinin təmin olunması, eləcə də hava gəmilərinin qış aylarında qrafik üzrə hərəkəti qarşımızda duran ən mühüm məsələlərdəndir. Həmçinin qazanxana kompleksində istilik şəbəkəsinin, nasos stansiyalarının, nəzarət-ölçü cihazlarının yoxlanılması aparılmalı, istilik radiatorları və digər cihazların saz vəziyyətə gətirilməsi işləri davam etdirilməlidir. İstilik qazanlarının test yoxlamalarının keçirilməsi və mazut ehtiyatının yaradılması tədbirlər planına uyğun aparılmalıdır. 
    Diqqətə çatdırılıb ki, payız-qış mövsümünə hazırlıqla əlaqədar xüsusi avtonəqliyyat xidmətinin maddi-texniki bazasının möhkəmləndirilməsi, lazımi ehtiyat hissələrinin alınması, sürücülərin bilik səviyyəsinin yoxlanılması, yeni alınmış texnikalardan düzgün və təyinatı üzrə istifadə qaydalarına əməl olunması yönündə maarifləndirmə işləri davam etdirilməlidir. O cümlədən mövsümə hazırlıqla əlaqədar olaraq hava gəmilərinin müntəzəmliyinin və təhlükəsizliyinin təmin olunması, tövsiyə olunan beynəlxalq standartlara uyğun aparılmalıdır. Hava gəmilərinin buzlaşmaya qarşı emalı, mayelərin toplanması, təyyarələrin yedəklənməsi, qarşılanıb yola salınması prosesləri mövsümə uyğunlaşdırılmalıdır. 
    Vurğulanıb ki, payız-qış mövsümünə hazırlıqla əlaqədar ən vacib məsələlərdən biri də soyuq havalarda təyyarələrin uçuş-enmə zolağına təklükəsiz, maneəsiz enib-qalxmasının təmin olunmasıdır. Aerodrom təminatı xidməti bu istiqamətdə ardıcıl hazırlıq işləri aparmalı, uçuş-enmə zolağında cari təmir işləri başa çatdırılmalı, ölçü cihazları – spidometr və ATT-2 avadanlıqlarının test yoxlamaları keçirilməli, mühəndis-texnik heyət işini payız-qış mövsümünə uyğun təşkil etməli, qartəmizləmə qrafikləri hazırlanmalı və tələb olunan səviyyədə aerodromun normal istismarını təmin etməlidir. 
    Qeyd olunub ki, texnoloji avadanlıqların istismarı sahəsi və təmiri yeni quraşdırılan avadanlıqların sazlığını yoxlamalı, teleskopik traplara, liftlərə, yoxlama təftiş qurğularına və baqaj konveyerlərinə mövsümlə əlaqədar test yoxlamaları keçirilməlidir. Payız-qış mövsümü ilə əlaqədar olaraq bütün xidmətlərin işçilərinin biliyi yoxlanılmalı, qış geyim forması olmayan və ya geyim formaları yararsız hala düşən işçilər geyim formaları ilə təmin olunmalıdır. Ümumilikdə, hava limanının mövsümlə əlaqədar bütün işləri oktyabr ayının sonuna qədər yekunlaşmalıdır. 
    Sonra məruzə ətrafında çıxışlar edilib. 

***

    Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsində keçirilən yığıncaqda müəssisənin direktoru Behruz Əzimov çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə bağlı keçirilən müşavirədə Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsinə də bir sıra tapşırıqlar verilib. Həmin tapşırıqların icrasına uyğun olaraq müəssisə və təşkilatları vaxtında yanacaqla təmin etmək məqsədilə Bakı şəhərindən İran İslam Respublikası ərazisindən keçməklə və Gürcüstan-Türkiyə yolu ilə Naxçıvan Muxtar Respublikasına yanacaq daşınması üçün ağırtonnajlı avtomaşınlar cəlb edilib.
    Qeyd olunub ki, 2022-ci ilin 8 ayında Gürcüstan-Türkiyə yolu ilə 5089,4 ton dizel yanacağı və 1344,5 ton A-92 markalı avtobenzin, ümumilikdə, 6433,9 ton neft məhsulları daşınıb. İran İslam Respublikasının ərazisindən keçməklə 72739,1 ton dizel yanacağı, 22560,5 ton A-92, 11152,0 ton bitum, 29,8 ton müxtəlif növ yağ, ümumilikdə, 106481,4 ton neft məhsulları gətirilib.
    Vurğulanıb ki, müəssisə 2022-ci ilin 8 ayında ümumi dövriyyəsi 100 milyon 979 min 841 manat olan 113789,6 ton müxtəlif növ neft məhsulları satıb ki, bunun da 24440 tonu avtobenzin, 78212,4 tonu dizel yanacağı, 11075,5 tonu bitum, 32 tonu mazut, 29,7 tonu müxtəlif növ yağlardan ibarətdir. Bununla bərabər, Naxçıvan Muxtar Respublikasının istilik sistemi olmayan təhsil, səhiyyə və mədəniyyət müəssisələrində 2022-2023-cü illərin payız-qış mövsümü üçün tələb olunan dizel yanacağının yerlərdə təhvil verilməsi üçün əlavə ehtiyat yaradılıb. Həmçinin boruların nasos və elektrik avadanlıqlarının saz vəziyyətdə saxlanılmasına nəzarət artırılıb, bu istiqamətdə lazımi tədbirlər görülür.
    Sonra məruzə ətrafında çıxışlar dinlənilib.

Xəbərlər şöbəsi

Nəşr edilib : 09.09.2022 19:13