AZ EN RU

Payız-qış mövsümünə hazırlıqla bağlı görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib - FOTO

    Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində keçirilən müşavirəni Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri, III dərəcəli dövlət ədliyyə müşaviri Daşqın Rəhimov açıb. Nazir bildirib ki, sentyabrın 7-də keçirilmiş müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov muxtar respublikanın qışa hazırlığını geniş təhlil edərək, görüləcək işlərlə bağlı müvafiq tapşırıqlar verib.
    Qeyd edilib ki, Ali Məclis Sədrinin rəhbərliyi ilə payız-qış mövsümünə hazırlıq işləri hər il diqqət mərkəzində saxlanılır. Nazir keçirilən müşavirədə növbəti mövsümə hazırlıqla əlaqədar nazirliyin Penitensiar Xidmətinə verilmiş tapşırıqları diqqətə çatdırıb.  Bildirilib ki, ilk növbədə, cəzaçəkmə müəssisələrinin inzibati binalarının vaxtında istiliklə təmin edilməsi üçün operativ tədbirlər görülməlidir. Qızdırıcı cihazlara, nasoslara, hidroforlara, su xətlərinə yenidən baxış keçirilməli, onların işlək vəziyyətdə olması təmin edilməlidir. Cəzaçəkmə müəssisələrinin bütün tələbatları nəzərə alınaraq məhkumların isti geyim və ərzaqla təminatı sahəsində ehtiyac üzrə sifarişlər verilərək təyinatı üzrə istifadəsi diqqət mərkəzində saxlanılmalıdır. Qış mövsümü üçün tədarük edilən qida məhsullarının soyuducu anbarlarda saxlanmasına nəzarət edilməlidir. Məhkumlar vaxtında həkim müayinəsindən keçirilməli, qış mövsümü xəstəliklərinin müalicəsi üçün nəzərdə tutulan dərmanların sifariş verilməsi təmin edilməlidir. Yoluxucu xəstəliklərin cəzaçəkmə müəssisələrinə keçməsinin qarşısının alınması üçün həyata keçirilən kompleks dezinfeksiya tədbirləri davam etdirilməlidir.
    Eləcə də nazirliyin balansına daxil olan inzibati binaların qızdırılması üçün nəzərdə tutulan qazanxana və kombilərə texniki baxış keçirilməli, onların işlək vəziyyətdə olması yoxlanılmalıdır. Qazanxanalarda və kombilərdə istilik hava şəraitinə uyğun tənzimlənməli, qazanxanaların sertifikat almış əməkdaşlar tərəfindən istismar edilməsinə diqqət yetirilməli, qazdan, elektrik enerjisindən, sudan və yanacaqdan səmərəli istifadə təmin edilməlidir.
    Məruzə ətrafında çıxışlardan sonra Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri, III dərəcəli dövlət ədliyyə müşaviri Daşqın Rəhimov müşavirəyə yekun vuraraq verilmiş tapşırıqların qısa zamanda təmin ediləcəyini bildirib, bu məqsədlə tədbirlər planı təsdiq edilib.

***

    Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində keçirilən iclasda rabitə və yeni texnologiyalar naziri Vüsal Sevdimaliyev bildirib ki, Naxçıvan Muxtar Respublikasında 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən Rabitə və Yeni Texnologiyalar Nazirliyinə vətəndaşlara fasiləsiz rabitə və internet xidmətlərinin göstərilməsini təmin etməklə bağlı, mal-material ehtiyatının yaradılması barədə tapşırıqlar verib.  Həmin tapşırıqların icrası ilə bağlı Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən qarşıda duran vəzifələr müəyyənləşdirilib, müvafiq tədbirlər planı hazırlanıb.

    Diqqətə çatdırılıb ki, nazirliyin struktur bölmələrinin əməkdaşları bütün yaşayış məntəqələrində fasiləsiz rabitə və internet xidmətlərinin göstərilməsinə, qəzalı vəziyyətdəki xətt və dirəklərin dəyişdirilməsinə, müvafiq mal-material ehtiyatının yaradılmasına nail olmalı, rabitə mütəxəssisləri mövsümə uyğun geyim və zəruri avadanlıqlarla təmin edilməli, avtomat telefon stansiyalarında istismar olunan qurğulara, o cümlədən generatorlara və akkumluyatorlara texniki baxış keçirilməli və aşkar olunan çatışmazlıqlar qısa müddət ərzində aradan qaldırılmalıdır. Həmçinin nazirliyin aid əməkdaşları tərəfindən yerlərdə monitorinqlər keçirilməli, rabitə xətt təsərrüfatının vəziyyəti təhlil edilməli, nəticələrə uyğun zəruri tədbirlər görülməli, avtomat telefon stansiyalarının fasiləsiz fəaliyyəti üçün müvafiq yanacaq ehtiyatının yaradılması təşkil edilməli, qazanxanalar işlək vəziyyətə gətirilməlidir.
    Bildirilib ki, payız-qış mövsümünə hazırlıqla əlaqədar hazırda fəaliyyət göstərən qazanxana işçilərinin ixtisasları araşdırılmalı, bilik səviyyələri yoxlanmalı, qabaqcadan təlimatlandırılmalıdır. Zərurət yarandıqda qazanxana və istilik sistemləri üzrə yeni ixtisaslı kadrların hazırlanması üçün müvafiq peşə kurslarında onların iştirakı təmin edilməlidir. Nazirlikdə və tabeli qurumlarda yanğın təhlükəsizliyi ilə bağlı tədbirlər də davamlı xarakter almalıdır. 
    Sonra məruzə ətrafında çıxışlar dinlənilib. 

Xəbərlər şöbəsi

Nəşr edilib : 12.09.2022 18:22