AZ EN RU

Payız-qış mövsümünə hazırlıq işləri diqqətdə saxlanılır

    Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən kollegiya iclasını səhiyyə naziri Niyazi Novruzov açaraq qeyd edib ki, sentyabrın 7-də keçirilən müşavirədə Ali Məclisin Sədri Səhiyyə Nazirliyinə qış mövsümünü fəsadsız keçirmək üçün tələbata uyğun dərman preparatları və tibbi avadanlıqlarla təminatın davam etdirilməsi, səhiyyə maarifinə diqqətin artırılması, əhalinin mövsümi xəstəliklərlə bağlı məlumatlandırılması, profilaktik tədbirlər görülməsi, gigiyena və epidemiologiya mərkəzləri tərəfindən qrafikə uyğun dezinfeksiya işlərinin aparılması, tibbi avadanlıq və generatorların işlək vəziyyətdə saxlanılması ilə əlaqədar tapşırıqlar verib. 
    Bildirilib ki, yeni istifadəyə verilən müəssisələr istilik sistemi ilə təchiz edilir, payız-qış mövsümünə hazır vəziyyətə gətirilir. Bu il nazirliyin tabeliyində olan 76 tibb müəssisəsi fərdi istilik sistemi ilə, 133 müəssisə mərkəzi istilik sistemi ilə, 1 müəssisə neft sobası, 1 müəssisə isə təbii qaz ilə qızdırılacaq. Qışa hazırlıq məqsədilə bütün elektrik xətləri, transformator, generatorlar, istilik və su xətləri yoxlanılır və çatışmazlıqlar aradan qaldırılır.
    Vurğulanıb ki, əks-epidemik tədbirlər çərçivəsində səhiyyə sisteminin və sanitar-epidemioloji xidmətin yenidən qurulması, fəaliyyətin gücləndirilməsi, idarəolunan yoluxucu xəstəliklərə qarşı peyvənd işinin təşkili, dezinfeksiya, dezinseksiya, deratizasiya, delarvasiya tədbirlərinin ardıcıl və keyfiyyətlə aparılması davam etdirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında gigiyena və epidemiologiya sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı 2022-2025-ci illər üzrə Dövlət proqramı” muxtar respublikada əhalinin sanitar-epidemioloji vəziyyətinin qorunması, sanitariya mədəniyyətinin formalaşmasına nail olmaq və epidemioloji xidməti müasir tələblərə uyğun qurmaq üçün əlverişli şərait yaradıb.  İnfeksiyaların muxtar respublika ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. Tərtib edilən qrafik əsasında Naxçıvan şəhərində yerləşən ali, orta, orta ixtisas məktəbləri, şadlıq evləri və bir sıra müəssisə və təşkilatlar olmaqla 52 obyektdə 132036 kvadratmetr sahədə dezinfeksiya işləri aparılıb. Payız-qış mövsümündə infeksiyaların qarşısının alınması məqsədilə dezinfeksiya tədbirlərinin mütəmadi aparılması üçün kifayət qədər dezinfeksiyaedici ehtiyat yaradılıb.
    Diqqətə çatdırılıb ki, payız-qış aylarında baş verə biləcək hər hansı hal üçün müəssisə rəhbərləri məsuliyyət daşımalı, sertifikatı olmayan ocaqçılar qazanxana maşinisti kurslarına cəlb olunmalı, səhiyyə müəssisələrinə veriləcək yanacaq materialından səmərəli istifadə təmin edilməli, bütün tibb müəssisələrində ocaqçı və gözətçilərin peşə hazırlıqları bir daha yoxlanılmalı, dövlət mülkiyyətinin qorunmasına şüurlu münasibət formalaşdırılmalıdır.  
    Sonra məruzə ətrafında çıxışlar dinlənilib.

***

    Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində keçirilən müşavirəni nazir Bəhruz Bayramov açıb. Qeyd olunub ki, bu gün kənd təsərrüfatının inkişafı vacib amillərdən biri kimi daim diqqətdə saxlanılır. Bu istiqamətdə muxtar respublikada həyata keçirilən məqsədyönlü tədbirlər öz müsbət nəticəsini verir. Hazırda muxtar respublikada taxılçılıq, tərəvəzçilik, meyvəçilik, üzümçülük və digər sahələrin inkişafı situmullaşdırılır, fermerlərə güzəştli kreditlərin və aqrolizinq xidmətlərindən daha geniş istifadə imkanları yaradılır, əkin sahələri genişləndirilir. Eyni zamanda ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində xüsusi əhəmiyyətə malik ailə-fermer təsərrüfatlarına yeni innovasiyaların tətbiqi, intensiv metodlara əsaslanan müasir təsərrüfatların yaradılmasına dövlət dəstəyi davam etdirilir. 

    Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası Prezidenti və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən verilmiş qərarlara və tapşırıqlara uyğun olaraq muxtar respublikada kənd təsərrüfatının inkişafı sahəsində bir sıra genişmiqyaslı layihələr həyata keçirilmişdir. Belə ki, aparılan melorasiya, irriqasiya tədbirlərinin gücləndirilməsi, lizinq xidmətinin genişləndirilməsi, taxıl və soyuducu anbarların tutumunun artırılması, istixana komplekslərinin, quşçuluq və balıqçılıq təsərrüfatlarının, meyvə-tərəvəz emalı müəssisələrinin işə salınması kənd təsərrüfatının sürətli inkişafına əlverişli şərait yaratmışdır. 
    Bildirilib ki, payızlıq taxıl əkini ilə əlaqədar olaraq şum və səpin aparmaq üçün 865 ədəd təkərli, 75 ədəd tırtıllı, 123 ədəd taxılsəpən, 445 ədəd kotan, 105 ədəd çizel və şırımaçan, 38 ədəd toxumtəmizləyən, 253 ədəd lafet saz vəziyyətə gətirilmişdir. 
    Vurğulanıb ki, toxumçuluq kənd təsərrüfatının əsas sahələrindən biridir. Payızlıq taxıl əkininin aparılması üçün muxtar respublikaya 6000-6500 ton taxıl tələb olunur. Tələb olunan toxum “Naxçıvan Toxumçuluq Mərkəzi” publik hüquqi şəxsin, “Araz” Elm İstehsalat Birliyinin Yardımçı Təcrübə təsərrüfatında və torpaq mülkiyyətçilərinin özlərində mövcuddur. Hazırda “Naxçıvan Toxumçuluq Mərkəzi” publik hüquqi şəxsində 365 ton, “Araz” Elm İstehsalat Birliyinin Yardımçı Təcrübə təsərrüfatında 131 ton yüksək keyfiyyətli reproduksiyalı buğda, arpa toxumları mövcuddur və toxum satışı davam etdirilir. Bundan əlavə, Azərbaycanın digər rayonlarının toxumçuluq təsərrüfatlarından, qonşu ölkələrdən (Rusiya, Türkiyə)  muxtar respublikanın torpaq-iqlim şəraitinə uyğun, az su tələb edən, məhsuldarlığı yüksək toxumlar gətirilir. Toxumların satışı “Naxçıvan Toxumçuluq Mərkəzi” publik hüquqi şəxsinin nəzdində fəaliyyət göstərən toxumların satışı mərkəzi tərəfindən həyata keçirilir. 
    Sonra məruzə ətrafında çıxışlar edilib. 

Xəbərlər şöbəsi

Nəşr edilib : 23.09.2022 20:29