AZ EN RU

Payız-qış mövsümünə hazırlıq işləri başa çatıb

    Naxçıvan Muxtar Respublikasında hava gəmilərinin qış mövsümündə təhlükəsiz enib-qalxmasını təmin etmək məqsədilə xüsusi avtonəqliyyat vasitələri tam saz vəziyyətə gətirilib.
    Naxçıvan Beynəlxalq Hava Limanında qış mövsümündə istifadə olunacaq texnikalara baxış olub. Hava limanının Aerodrom təminatı xidmətinin rəisi Həmzə Həmzəli mövsümə hazırlıqla bağlı məlumat verərək bildirib ki, görülən işlər çərçivəsində texniki heyətlə məşğələlər keçirilib və uçuş- enmə zolağı, dönmə yolları, perron ərazisinin qardan təmizlənmə proseduru işlənib hazırlanıb. İstifadədə olan 4 qartəmizləyən, 1 qaratan və 1 buz əleyhinə maye səpən avtonəqliyyat vasitələri imkan verir ki, istənilən qarlı hava şəraitində uçuş-enmə zolağını, dönmə yollarını, perron ərazisini qardan və buzlaşmadan təmizləmək mümkün olsun. Ən son model olan skidometr avadanlığı ilə uçuş-enmə zolağının sürüşmə əmsalı hesablanır və təlimata uyğun olaraq işlər yerinə yetirilir. Hava gəmilərinin buzlaşmaya qarşı emalı üçün nəzərdə tutulmuş 2 maşın tam saz vəziyyətə gətirilib. 
    Həmzə Həmzəli vurğulayıb ki, Naxçıvan Beynəlxalq Hava Limanının bütün işçiləri istənilən qarlı hava şəraitində hava gəmilərinin fasiləsiz enib-qalxmasını təmin etmək üçün var gücü ilə çalışacaq.

Nail ƏSGƏROV

Nəşr edilib : 31.10.2022 20:56