AZ EN RU

Payız-qış aylarında sərnişinlərə nümunəvi nəqliyyat xidməti göstəriləcək

    2022-2023-cü illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar “Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidməti” publik hüquqi şəxsdə keçirilən yığıncaqda publik hüquqi şəxsin direktoru Əli Hüseynəliyev geniş məruzə ilə çıxış edib. Bildirib ki, publik hüquqi şəxsin qarşısına qoyulmuş tapşırıqların icrasının təmin edilməsi məqsədilə, eləcə də 2022-2023-cü illərin payız-qış mövsümünü qüsursuz başa vurmaq üçün hazırlıq işlərinə başlanılıb. İlk olaraq payız-qış mövsümünə hazırlıq və texniki müayinə komissiyalarının fəaliyyəti əlaqələndirilib, bütün sahələrə nəzarət gücləndirilib. 
    Qeyd edilib ki, Naxçıvan şəhərdaxili marşrutunda işləyən avtobus və mikroavtobuslara texniki müayinə komissiyası tərəfindən texniki baxış keçirilib, mövcud çatışmazlıqlar müəyyən olunub, onların aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsinə başlanılıb. Publik hüquqi şəxsin payız-qış mövsümünə hazırlıq komissiyası Sədərək rayonunun Sədərək kəndinə, Şərur rayonunun Havuş, Şahbulaq, Yuxarı Yaycı, Babək rayonunun Gərməçataq, Yuxarı Buzqov, Ordubad rayonunun Unus, Tivi, Parağa, Şahbuz rayonunun Ağbulaq və digər ucqar dağ kəndlərinə işləyən nəqliyyat vasitələrinin sahibkarları ilə görüşərək mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində lazımi köməklik göstərilib. 
    Vurğulanıb ki, payız-qış mövsümü ilə əlaqədar müəyyən qabaqlayıcı işlər də görülüb. Belə ki, şəhərdaxili marşrut avtobusların, mikroavtobusların və taksi minik avtomobillərinin mövsümlə əlaqədar yarana biləcək problemlərinin həll edilməsi məqsədilə mexanik və çilingərlərdən ibarət təmir briqadası yaradılıb, mövsüm ərzində qarşıya çıxacaq hər hansı nasazlığı vaxtında aradan qaldırmaq üçün təmir sexləri hazır vəziyyətə gətirilib, sərnişinlərə keyfiyyətli nəqliyyat xidməti göstərilməsi üçün müəssisədə lazımi şərait yaradılıb. İctimai nəqliyyatda əhaliyə göstərilən sərnişindaşıma xidmətinin səviyyəsinin yüksəldilməsi, eləcə də operativ və keyfiyyətli fəaliyyətin təmin edilməsi məqsədilə “Naxtel” MMC ilə birgə innovasiyaya əsaslanan mərkəzləşdirilmiş dispetçer xidməti təqdim olunub, nəzarət sistemi təkmilləşdirilib. Bu da qış aylarında avtobuslararası intervalın qorunmasına, marşrut qrafikinə dəqiq əməl olunmasına nəzarət üçün rahat şərait yaradacaq.
    Sonra məruzə ətrafında çıxışlar olub.

Nail ƏSGƏROV

Nəşr edilib : 22.09.2022 18:03