AZ EN RU

Payız imtahan sessiyası davam edir

    “Naxçıvan” Universitetində  2022-2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyası davam edir. 5 yanvar 2022-ci il tarixdən başlayan imtahanlar əyani formada keçirilir.

    Qeyd edək ki, imtahanlarda, ümumilikdə, 1388 bakalavr, 38 magistrant iştirak etməli idi. Onlardan fənlər üzrə davamiyyətsizliyi 25 faizdən artıq olan 67 tələbə imtahanlara buraxılmayıb.
    Universitetdə imtahanlar iki növbədə keçirilir. Tələbələrin biliyinin qiymətləndirilməsində müxtəlif formaların tətbiqinin əhəmiyyətini nəzərə alaraq, imtahanların qəbulu 420 qrup üzrə yazılı, 207 qrup üzrə test və 3 imtahan isə (Dinşünaslıq ixtisasında “Quran oxuma və təcvid”) şifahi formada təşkil olunur.
    Magistratura səviyyəsində isə, ümumilikdə, 92 imtahan keçirilməsi nəzərdə tutulub ki, bu imtahanların hamısı yazılı formada aparılır.
     Sessiya dövründə tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, yarana biləcək neqativ halları dərhal aradan qaldırmaq və digər tədbirləri həyata keçirmək məqsədilə 6 nəfərdən ibarət Operativ Qərargah yaradılıb. Qərargaha daxil olan hər bir şikayətin araşdırılması məqsədilə Qərargahın nəzdində Apelyasiya Komissiyası fəaliyyət göstərir.
    Tələbələrin imtahanlara hazırlığının səmərəli təşkili üçün universitetin Elmi kitabxanası da gücləndirilmiş iş rejiminə keçirilib. Elmi kitabxanada müasir oxu zalları və elektron kitabxana tələbələrin ixtiyarına verilib.
    Payız semestrinin imtahan sessiyası yanvar ayının sonunadək davam edəcəkdir.

“Naxçıvan” Universitetinin mətbuat xidməti

Nəşr edilib : 25.01.2023 19:57