AZ EN RU

Payız duyğulu, şəhid qoxulu, qələbə sevincli müjdə xəbəri...

    Payız insan ömründə ən çox iz buraxan fəsildir. Baharın bütün gözəlliklərini göz qırpımında alıb saraldan, xatirələrimizi yarpaq-yarpaq tökən bir fəsildir. Payız quşların köç fəsli, tənha adamların qəm pəncərəsindəki təbəssüm tablosu, sevənlərin xəzan dolu yollarıdır.
    Günəşi bizdən alaraq bir-birinə dəyib guruldayan payız buludları bir göz qırpımında göy üzünə pərdə çəkib, canımıza soyuq vəlvələ salır. İsti yay günlərində buludların lay-lay ağ-qara topasında yuxuya gedən yağış payızın gəlişi ilə ürəklənərək, qılıncını siyirib göyü doğram-doğram edərək yeri-göyü öz işığına qərq edir. 
    Payızın gəlişi ilə meşələr, bağlar, çöllər quşların cəh-cəhindən aralı qalıb, köks ötürür. Görəsən, payızın gəlişi ilə uçub gedən təkcə quşlarmı olacaq? Əlbəttə, yox. Gedən quşları düşündükcə hiss edirik ki, gələn il yazda uçub isti diyarlara köç edən bu sevimli “civcivlər” yazda yenə civildəşə-civildəşə öz doğma yuvalarına bayram sovqatı ilə geri dönəcək. 
    İlk qədəmini yenicə atan bu payız ömrümüzün yenicə başa çatmış bir yayını da özü ilə götürüb apardı. O yay bir də eyni ab-hava ilə, şirin-şirin deyib-güldüyümüz, bir evdə qaldığımız sevdiklərimiz də geri dönməyəcək, o yaydan geriyə qalan isti, həlim və acılı-şirinli xatirələr olacaq. İllər keçdikcə o ilıq nəfəs, daşa dönmüş xatirələr qəlbimizi üşüdəcək.
    Bu payız hər ilkindən daha bərəkətli, daha qucaq dolusu bar gətirir. Sanki bütün fəsilləri izləyib, göy üzünü, yer üzünü, bu dünyanın hər üzünü gəzib bizə qucaq dolusu xəbərlər gətirir. Bütün rəngləri özündə ehtiva edən payız bizə rənglərin bənzərsiz cazibəsini yaşadır.
    Günlər düşmür təqvimdən. Bu payız gecikir. Sanki rişxəndlə qırcınaraq bir az daha...bir az daha intizarla gözləyin yolumu, sizə həm nisgilli, həm müjdəli xəbərlər gətirmişəm. Ayağımızın altında yarpaqlar xışıldadıqca hiss edirik ki, hardasa bir ananın gözü yol çəkir, əli qabarlı atanın qışa tədarükü başlayır, teli xınalı gəlin Vətənə xidmət edən əsgər yolu gözləyir. O əsgər ki torpaq yalnız və yalnız ona əmanətdir. Əsgər torpağın çiçək olur döşündə, sancaq olur yaxasında, qol verir boynunu qucaqlamağa, göyünə baxmağa göz verir bəzən. Bəzən qayalara yapışıb qalır, bəzən mamırlara dönüb göyərir, bəzən isə ikinci həyat olur torpağına.
    Bu payızı şəhid xəbərləri ilə qarşıladıq. Ağaclar nəfəssiz qalıb yarpaqlarını daha tez tökür sanki. Bəlkə də, yaramıza sarğı olmaq üçün tökülür bu payız yarpaqlar. Və yaxud şəhidlərlə aramıza girir bu payız yarpaqları...
    Sözü xəzan yellərinə verən bu payız yarpaqları, həmçinin xoş xəbərlərin müjdəçisidir. Hamımızın 30 il həsrətini çəkdiyimiz qələbə müjdəsinin. Nər igidlər düşmən üzərinə yeridi. Ulular da baş qaldırdı torpaq altdan qaya kimi. Torpağın taleyində igidlərin yaşaması dağ olmaqla mümkün oldu. Bu basılmaz ərənlər, bu qaya sərkərdələr daş olub düşmənin başına yağdı. Min qoldan güc alan bir ağıl gücü zülmətdən aydınlığa aydın yol oldu, qol ağıl oldu, ağıl qol oldu. Mübariz harayının nidalarında, Poladlaşan biləklər yeri titrətdi, göyü əsdirdi. 
    Yağış kimi yağdırılan mərmilərin saçdığı ölüm qorxusu ilə əsgərin torpağa sarılması ilə ona gömülməsi torpağı ona yeganə dost, qardaş və ana edir. O isə öz hıçqırığını əbədi olaraq torpağın lal sükutuna boşaldaraq vurulduğu yerdə yuxuya gedir.
    İndi qapı döyürük – ürək qapısı. Seldən qopan, yeldən qopan, oddan yapışan ürək qapısı. Durub indi yeri öpək, daşı qucaq, doğruya qan, şərə qalxan olaq...səs ver bizim səsimizə Vətən!
    Şəhidlik qəhrəmanın ölümü deyil, ölümün qəhrəmanlığıdır. Ey şəhid qardaşlarım, siz varsınız...siz sağsınız, siz öz qanınızla yandırdığınız çırağa hələ də işıq olmaqda davam edənsiz... Sizsiz indi göylərdə Günəş olub  haqq saçan, sizsiz bəyaz buludlara bürünən günahsızlaşan, saflaşan… Rahat uyuyan, əmin uyuyan, səssiz uyuyan. Ovuc-ovuc torpaq gətirib, zərrə-zərrə qanınızdan Vətən yaradan siz deyilsinizmi?! Sizsiniz öz içinə töküləcək hər daşın qanı... Sizsiniz Xudafərinin söykəndiyi sahilə qaya olan, dikələnə dirək olan, aşana çiyin. Biz gördük, ey şəhid qardaşlarım, canınızdan keçib torpağa can olmağınızı...zəfər cənglərini, əbədiyyət uğurlarını...torpağın əmanət müjdəçilərini... Sizlərsiniz  öz bağınıza keşik çəkib bağban olan...torpağı qərənfillə, lalə ilə allandıran Vətən oğulları, qeyrət simvolları... İndi şərəf, namus deyə yetişdirən, torpaq sizi qoynuna alıb, yenidən cücərdir, hər gün eyni ruhda doğulan oğullar “sönməyən məşəl’’ yaradıb, verir bu yurda... Bir dəfə can verib, daim yaşayan, ey şəhid qardaşlarım! Şairin də dediyi kimi:

        Hansı yara sağalmaz ki, bədəndə,
        Torpaq alsa qucağına Vətəndə?!
        Hansı yara sağalmaz ki, ürəkdə,
        Dağda, düzdə çiçək açsa hər rəngdə?!
        Hansı yara sağalmaz ki, yaddaşda,
        Köhnə ocaq naxış salsa o daşda?!
        Hansı yara sağalmaz ki, bu canda,
        Ruh şəhadət səmasına uçanda?!
        Öz qanıyla qüsul alan yuyulmaz, 
        Kəfənlərə, sarğılara sarılmaz,
        Şəhadəti ovuc-ovuc içən var, 
        Hansı şəhid, hansı yara sağalmaz?!

    Sizi qoynuna alan yumruq boyda torpağınız varsa, siz ölməzsiniz. Tarix yaşadıqca siz yaşayacaq, bu Vətənin hər qayasında qeyrət, hər daşında ar olacaqsınız... Bu yurdda yeni bədənlərdə, eyni ruhdan doğulanlar olub, dolaşacaq... Vətən olub, vətənləşən, qan olub bayraqları bayraq edən, mavi səmalara yüksələn, Azərbaycan deyə hökm edən bayraq olacaq... Siz heç zaman ölməyərək, “Bayraqları bayraq edən üstündəki qan, torpaq uğrunda ölən Vətən olacaqsınız!!!”
    Ey mavi göylərin bəyaz süsü, qız bacımın gəlinliyi, şəhidimin son örtüyü. Dalğalanan ay-ulduzlu bayrağım, sənin dastanını oxudum, sənin dastanını yazıram. Dalğalandığın yerdə nə qorxu, nə kədər var. Sabah olmasa, Günəş doğmasa belə kölgəsinə sığındığımız ay-ulduzlu and yerim.
    Füzulidən Murovdağa, Hadrutdan Kəlbəcərə, Laçından Şuşaya, Zəngilandan Xankəndiyə şanlı Tariximizi qanlarıyla torpağa yazaraq bizlərə əmanət edən din, dövlət, mülki-millət, istiqlal və istiqbalımız üçün canlarını fəda edən, ürəklərini sipər edən Odlar Yurdunun qəhrəman şahidləri, siz ölməzsiniz, siz əbədisiniz. Siz 44 günlük müharibənin ilk günlərində ermənilərin “Azərbaycanı Yevlağa qədər qovmuşuq” eyforiyasını puç edərək Xocalının qisasını almış, antiterror əməliyyatları zamanı cəmi 24 saata erməni silahlı dəstələrini təslim olmağa, onları müqəddəs ay-ulduzlu bayrağımızın altında yaşamağa məhkum etmisiniz, Yevlağa qədər olan erməni ümidlərini elə çox uzağa getmədən Kür çayının sahilində dəfn etmişsiniz!

Fariz  ƏHMƏDOV

Nəşr edilib : 21.09.2023 19:15