AZ EN RU

Paşinyan: Münaqişədən qaçmaq üçün Azərbaycanla delimitasiya prosesi mümkün qədər tez aparılmalıdır

Azərbaycanla sərhəddə vəziyyəti mümkün qədər idarəolunan səviyyədə saxlamaq üçün potensial münaqişə riski olan yerlərdən başlayırıq. Delimitasiya prosesi mümkün qədər tez aparılmalıdır.
Bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin İctimai Televiziyasına müsahibəsində deyib.
Onun sözlərinə görə, Azərbaycanla sərhədin delimitasiyası üçün bütün lazımi sənədlər mövcuddur, onlar Ermənistan hökumətinin sərəncamındadır və bununla bağlı iş aparılır.
Paşinyan bildirib ki, delimitasiya prosesində hökumətin vəzifəsi sərhədin təkcə ayrı-ayrı hissəsinin deyil, həm də bütün Ermənistan-Azərbaycan sərhədinin bərpası üçün qanuni əsasları təmin edəcək formulu tapmaqdır:
"Bu gün biz sərhədin təkrar müəyyən edilməsi üçün lazımi paketi formalaşdırırıq və bu paket Alma-Ata Bəyannaməsinə əsaslanır. 2022-ci il oktyabrın 6-da biz Alma-Ata Bəyannaməsi əsasında Azərbaycanla bir-birimizin ərazi bütövlüyü və suverenliyinin tanınması barədə razılığa gəldik. Biz razılaşdıq ki, Alma-Ata Bəyannaməsi delimitasiya prosesi üçün əsas olacaq. İndi bu prosesə sadiqliyimizi praktikada nümayiş etdirmək son dərəcə vacibdir".
Baş nazir vurğulayıb ki, delimitasiya komissiyaları bir neçə mühüm məsələdə razılığa gəliblər və əsas odur ki, Alma-Ata Bəyannaməsi hər iki tərəf tərəfindən prosesin əsas prinsipi kimi qəbul edilib: "İyulun 1-dək komissiyanın növbəti addımlar üçün iş reqlamenti dəqiqləşdiriləcək. Komissiyaların əsasnaməsi iki ölkənin daxili qanunvericiliyinə uyğun olaraq təsdiq ediləcək. Bundan sonra sərhəd komissiyasının üzvləri bir araya gələrək işi hansı sahələrdə davam etdirəcəklərini müəyyənləşdirəcək və razılaşdıracaqlar".

Nəşr edilib : 01.05.2024 23:39