AZ EN RU

“PAŞA Həyat Sığorta” və “PAŞA Sığorta” Naxçıvanda fəaliyyətə başlayıb

    Naxçıvanda “PAŞA Həyat Sığorta” və “PAŞA Sığorta” Açıq Səhmdar cəmiyyətlərinin rəsmi nümayəndəlikləri istifadəyə verilib. Açılış mərasimində rəsmi şəxslər də iştirak edib.  
    “PAŞA Sığorta” ASC idarə heyətinin sədri Ülviyyə Cabbarova və “PAŞA Həyat Sığorta” ASC idarə heyətinin sədri Niyaz İsmayılov çıxış edərək Naxçıvan şəhərində nümayəndəliklərin fəaliyyətə başlamasından məmnunluqlarını ifadə ediblər.
    Qeyd edilib ki, “PAŞA Sığorta” artıq Naxçıvan əhalisinə peşəkar xidmətlərini təqdim etməyə hazırdır. Qısa zamanda xidmət sahəsini genişləndirərək Qarabağımızın tacı olan Şuşa şəhərində də ofisin açılışı nəzərdə tutulur. Azərbaycanın bütün iqtisadi rayonlarında əhaliyə keyfiyyətli sığorta xidməti təqdim etmək şirkətin qarşıya qoyduğu əsas hədəflərdəndir. 
    Bildirilib ki, daim müştərilərə ən yaxşı xidmət və rəqəmsal həllər təqdim etmək üzərində çalışan “PAŞA Həyat” 2021-ci ildən etibarən yeni Rəqəmsal Transformasiya strategiyasını tətbiq edir. Belə ki, şirkət tərəfindən həyat sığortası sahəsində əhaliyə rahat və keyfiyyətli məhsullar təqdim edilir. “PAŞA Həyat” biznes fəaliyyətindən başqa korporativ sosial məsuliyyət layihələrinə də önəm verir. Bunlar arasında biznes maarifləndirmə, təhsilə dəstək və digər sosial fəaliyyətlər üçün faydalı məhsullar mövcuddur.
    11 vacib prioritet istiqamət üzrə müəyyənləşən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”dan söz açan Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli bildirib ki, proqrama əsasən əhalinin və sahibkarların sığorta savadlılığının artırılması və sığorta xidmətlərinə əlçatanlığının inkişafı məqsədilə müvafiq tədbirlərin görülməsi, sahibkarlığın inkişafı, innovativ texnologiyaların tətbiqinin stimullaşdırılması üçün güzəştli kreditlərin verilməsi, təşviqat işlərinin aparılması və digər maliyyə dəstəyi tədbirləri həyata keçiriləcəkdir. Bütün bunlar əhalinin işlə təminatına, ciddi layihələrin reallaşmasına imkan verəcək, dövlət bu sahəyə daim dəstək göstərəcək.
    Açılış tədbirində Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev, Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Elçin Əliyev, Türkiyənin Naxçıvan Muxtar Respublikasındakı Baş konsulu Asip Kaya, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev və digərləri çıxış edərək son zamanlarda sığorta şirkətlərinin Naxçıvana olan marağından danışıb, bunu muxtar respublikada olan böyük potensialla əlaqələndiriblər. 
    Sonra “PAŞA Həyat Sığorta” və “PAŞA Sığorta” ASC-lərin Naxçıvan nümayəndəliklərinin açılışı olub.
    Açılış tədbirləri çərçivəsində sığorta şirkətlərinin nümayəndə heyətləri Ulu Öndərin Naxçıvan şəhərindəki abidəsi önünə gül dəstələri qoyub, Ümummilli Liderin əziz xatirəsini ehtiramla yad edib, Heydər Əliyev Muzeyinin dəyərli eksponatları ilə tanış olublar.

Xəbərlər şöbəsi

Nəşr edilib : 25.07.2023 19:46