AZ EN RU

Parlaq və etibarlı gələcək naminə yaradılan liseyin yüksəkixtisaslı kadr hazırlığına öz töhfəsini verəcəyinə əminik!

    Hər bir ölkənin inkişafının təməlində təhsil siyasəti dayanır. İqtisadi qüdrəti də, yüksək mədəni və intellektual səviyyəli cəmiyyəti də yaradan, formalaşdıran, inkişaf etdirən məhz təhsildir. Bu gün muxtar respublikamızda da təhsil siyasəti ümummilli liderimizin əsasını qoyduğu, möhkəmləndirdiyi etibarlı zəmin üzərində davam etdirilərək inkişaf strategiyasının mühüm istiqamətlərindən birinə çevrilib. Təhsilə göstərilən hərtərəfli qayğının daha bir nümunəsi isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 4 avqust tarixli Sərəncamı ilə yaradılan Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseydir. 

    Bilik Günü istifadəyə verilən liseyin açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri deyib: “Təhsil sahəsində bu tədbirlər ona görə həyata keçirilir ki, bunu ölkəmizin və xalqımızın gələcəyi tələb edir. Məqsəd Azərbaycan dövləti qarşısında məsuliyyətini dərk edən, Azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən gənclər yetişdirməkdir. Tədrisin məzmun və formasının ümumi inkişafa uyğunlaşdırılması zamanın tələbidir. Kimya-Biologiya Təmayüllü Liseyin yaradılması və müasir tədris kompleksinin istifadəyə verilməsi də bu məqsədə xidmət edir. Naxçıvan Dövlət Universitetində kimya-biologiya və tibb ixtisasları üzrə kadr hazırlığının aparılması, muxtar respublikada müasir səhiyyə müəssisələrinin fəaliyyət göstərməsi lisey şagirdləri üçün geniş imkanlar yaradır. Kollektiv yaradılan şəraitdən səmərəli istifadə etməklə tədrisi də keyfiyyətlə aparmalıdır”. Təhsil ocağı ilə əyani tanışlıq zamanı qürur, fərəh, sevinc, heyrət hissi keçirməmək mümkün deyil. Səliqəli, rahat sinif otaqları, ən son texnologiya ilə təmin olunan kabinələr, müasir avadanlıqlarla təchiz edilən laboratoriyalar, hər cür şəraiti olan yataqxana, yeməkxana və daha nələr, nələr... Liseyi gəzdikcə düşünürsən ki, gələcəyimiz olan övladlarımıza bu diyarda necə də böyük dəyər verilir, diqqət, qayğı göstərilir. Övladlarımızın hərtərəfli inkişafını, şəxsiyyət kimi formalaşmasını, gələcəkdə uğur qazanmalarını, cəmiyyət üçün layiqli vətəndaş kimi yetişmələrini, rahatlığını, firəvanlığını, bəlkə də, biz valideynlərdən çox onlara belə gözəl şəraiti yaradan dövlətimiz düşünür. Bu diqqət, bu qayğı bir valideyn üçün, doğrudan da, böyük xoşbəxtlikdir. Təhsil ocağının yataqxanasını gəzə-gəzə sevinc hissi ilə bu düşüncələri ağlımdan keçirərkən liseyin direktoru Nazim Rəhimovun yeni təhsil ocağı ilə bağlı söylədiyi fikirlər məni düşüncəmdən ayırır. Nazim müəllim deyir:  – Şahidi olduğunuz kimi, liseydə şagirdlərin yüksək səviyyədə təhsil almaları, müəllimlərin isə həvəslə öz fənlərini tədris etmələri üçün hərtərəfli şərait yaradılıb. Belə şəraitin müqabilində liseyin müəllim kollektivinin yalnız bir amalı, bir məramı ola bilər: muxtar respublikamızın intellektual potensialını daha da artırmaq, xüsusi qabiliyyəti və istedadı ilə seçilən şagirdləri intellektli, bacarıqlı şəxsiyyət kimi formalaşdırmaq, cəmiyyətə yararlı, savadlı, bilikli fərdlər yetişdirmək. Bunu liseyin müəllimləri olaraq hər birimiz özümüzə borc bilir, bunun üçün səylərimizi əsirgəmirik. Əmin edirəm ki, lisey verdiyi təhsilin səviyyəsinə, təlim-tərbiyə işlərinin keyfiyyətli təşkilinə, şagirdlərin yüksək hazırlığına görə ölkəmizdə böyük nüfuz və rəğbət qazanaraq reytinqli təhsil ocaqlarından birinə çevriləcək. 

    Direktor məlumat üçün bildirdi ki, zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan bina 342 yerlikdir. Burada 19 sinif otağı, fizika, kimya və biologiya laboratoriyaları, şahmat sinfi, 2 kompüter, 2 müəllimlər, direktor, psixoloq, texniki otaqlar, hərbi kabinə, STEAM kabinəsi, kitabxana, idman zalı və qarderob yerləşir. Liseydə 58 kompüter və 16 elektron lövhə quraşdırılıb ki, bu da şagirdlərin müasir avadanlıqlar vasitəsilə dərsləri daha sürətlə və aydın şəkildə mənimsəmələrinə şərait yaradır. Kitabxana fondunda 8000-ə yaxın kitab və 840 test toplusu var ki, bu da şagirdlərin mütaliə vərdişinin formalaşmasına və lazım olan testləri rahatlıqla əldə etmələrinə imkan verir. 

    “Təhsildə tətbiq olunan ən mühüm yeniliklərdən biri də STEAM təhsil metodunun tətbiqidir”, – deyən Nazim müəllim söhbətinə belə davam edir: – Bu amil nəzərə alınaraq liseydə STEAM kabinəsi yaradılıb, kabinə lazımi avadanlıqlarla təchiz olunub. 1 elektron lövhə, 12 kompüter, 3D printer, 31 mikrobit və komponent dəsti, 31 arduino və komponent dəsti, 2 Makeblock kəsmə və oyma CNC lazer dəzgahı, 32 ədəd 3D çap materialı, 78 STEAM eksperiment dəsti, 4 lego spike inkişaf dəsti, 10 ədəd 3D qələm, 23 elektrik mühəndisliyi dəsti və digər öyrədici STEAM qurğuları ilə təchiz edilən STEAM kabinəsi şagirdlərin ən çox maraq göstərdiyi yerdir. 

    Direktorun sözlərinə görə, 60 qız, 60 oğlan olmaqla bu tədris ocağında cəmi 120 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 14 ixtisaslı, 6 tərbiyəçi müəllim məşğul olur. Şagirdlər əvvəlcədən hazırlanmış gün rejimi ilə 730-da oyanır, səhər yeməklərini yeyirlər. Daha sonra Azərbaycanın Dövlət Himnini oxuyaraq 930-da dərsə başlayırlar. Dərs saatları bitdikdən sonra şagirdlər nahar edir, günün ikinci yarısında isə məşğələlərə başlayırlar. Məşğələlər saat 1800-dək davam edir. Məşğələ zamanı fasilə vaxtı olur ki, həmin vaxt şagirdlər şirniyyatla çay içirlər. 1930-dək onlara asudə vaxt ayrılıb. Kimisi idmanla məşğul olur, kimisi şahmat oynayır, kimisi də kitabxanamızda olan bədii ədəbiyyatları mütaliə edir. Yataqxanada yaradılan şəraitdən danışan Nazim müəllim deyir ki, burada yataqxana qızlar üçün ayrı, oğlanlar üçün ayrıdır, otaqların hər birində kamera sistemi quraşdırılıb. Qızlar üçün 120 yerlik 42 otaq, oğlanlar üçün isə 144 yerlik 50 otaq var. Yataqxanalarda kamera sistemi olmasına baxmayaraq, 2 kişi, 2 qadın olmaqla, 4 dayə oğlan və qız yataqxanalarına nəzarət edir. 

    Liseydə olarkən biologiya müəllimi İlkanə Qasımovayla həmsöhbət olduq. Dedi ki, ilk dəfə pedaqoji fəaliyyətə 2016-cı ildə Naxçıvan Qızlar Liseyində başlamışam. 6 il orada çalışmışam. 5 illik iş müddətim tamam olduğuna görə 2022-ci ilin mart ayında müəllimlərin sertifikasiya imtahanına buraxılmışam. İmtahanda ixtisasım üzrə, ümumilikdə, 99 bal toplamışam. Həmin il Biologiya ixtisası üzrə ən yüksək nəticəni göstərərək muxtar respublika birinciliyi əldə etmişəm. Yüksək nəticə göstərdiyim üçün 2022-2023-cü tədris ilində təyinatım Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyə verilib. Yeni tədris ilindən pedaqoji fəaliyyətimi burada davam etdirirəm. Gənc müəllim deyir ki, liseydə təhsil alan uşaqların hər biri öz intellekti, biliyi ilə seçilən şagirdlərdir. Təbii ki, bunun da öz çətinlikləri var. Kənardan, bəlkə də, hər kəsə asan görünə bilər ki, uşaqlar imtahan yolu ilə seçiliblər deyə onlarla işləmək daha rahatdır. Amma heç də elə deyil. İşin gedişatı ilə daha yaxından tanış olsalar görərlər ki, bizim qarşımıza necə böyük məsuliyyət qoyulub. Lisey şagirdinin qarşısına çıxmaq bir müəllim üçün böyük bir öhdəlikdir. Bu işi sevərək, həvəslə görürəm. Fəaliyyət göstərdiyim digər liseydən fərqli olaraq bildiyiniz kimi, bu lisey yatılıdır. Şagirdlərin əksəriyyəti, təqribən, 80 faizi burada qalır. Onlar, bəlkə də, ilk dəfədir ki, ailələrindən uzaq düşüblər. İlk aylar adaptasiya dövrüdür deyə onlara təbii ki, çətindir. Ona görə çalışırıq ki, burada onlara maksimum rahat şərait yaradaq. Hər hansı  problemləri olduqda, heç bir çətinlik çəkmədən biz müəllimlərinə yaxınlaşaraq öz problemlərini bildirsinlər. Bunun üçün bizim üzərimizə böyük bir öhdəlik düşür. Burada biz müəllimlər valideyn sevgisini onlardan əsirgəməməliyik, şagirdlərimiz üçün həm də ailə mühiti yaratmalıyıq. Çünki düşünürəm ki, müəllimin pedaqoji bacarıqlarından biri də, müəllim-şagird münasibətini tarazlamaqdır. Mən də çalışıram, o tarazlığı qoruyum. Məqsədimiz yüksək nəticədir. Ümid edirəm ki, liseyin şagirdləri ən yüksək nəticələrlə biz müəllimləri sevindirəcək. İstərdim ki, liseydəki laboratoriyalardan da bəhs edim. Ən müasir avadanlıqlarla təmin olunan laboratoriyada müxtəlif əyani vəsaitlərlə yanaşı, neyronun, sinir sisteminin və DNT-nin maketləri var. Deyərdim ki, onlar bu laboratoriyadakı ən önəmli əyani vəsaitlərdən biridir. 
    Liseyin fəaliyyəti barədə hərbi rəhbər Aqşin Məmmədov danışdı: – Bildiyiniz kimi, hərbi dərslər 10-cu sinifdən başlayır. Onun üçün səbirsizliklə hərbi dərsləri keçmək üçün növbəti tədris ilini gözləyirik. Baxmayaraq ki, şagirdlərimiz hələ 8-ci və 9-cu sinifdə təhsil alırlar, onlara vətənpərvərlik hissi aşılamaq, Vətənə sədaqət, sevgi ruhunda yetişmələri üçün “Hərbi anlayışlar”, “Vətənə sadiqlik”, “Hərbi and nədir?” kimi mövzularda onlarla söhbətlər aparırıq. Onlarda olan yüksək vətənpərvərlik hissini görüb düşünürəm ki, bu millətin Vətən eşqiylə döyünən böyük ürəkli övladları varsa, deməli, ölkəmizin bu gün olduğu kimi, bundan sonra da gözəl, aydın bir gələcəyi olacaq. 
    Burada yaradılan şəraitə gəldikdə isə, sözün düzü, bunları bir-bir sadalamağa ehtiyac olmadığını düşünürəm. Çünki hər şey göz qabağındadır. Ataların da dediyi kimi: “Görünən dağa nə bələdçi?” Sadəcə, bir nüansı diqqətinizə çatdırmaq istərdim ki, digər məktəblərimizdə olduğu kimi, buradakı hərbi kabinənin təchizatı da, demək olar ki, mükəmməldir. Hərbi dərslərin keçilməsi üçün kifayət qədər maarifləndirici lövhələr, stendlər var. Daha bir müsbət hal isə kabinələrdə elektron lövhələrin mövcudluğudur. Bu, doğrudan da, şagirdlərin yüksək səviyyədə təhsili üçün böyük önəm daşıyır, dərslərin daha geniş, izahlı, aydın keçilməsinə imkan yaradır. 
    Culfa şəhər 3 nömrəli tam orta məktəbdən ayrılaraq təhsilinə Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseydə davam edən Dərya Tağızadə düşünür ki, bu liseydə təhsil almaq qərarı gələcəkdə arzularına çatmaq üçün ən uğurlu addımlarından ilkidir. Dərya deyir ki, dəqiq elmlərə böyük marağı olsa da, bədii ədəbiyyatları mütaliə etmək əvəzolunmaz məşğuliyyətidir. Oxunması zəruri olan kitabların artıq 28-ni oxuyub. Liseydəki zəngin kitabxana ən çox sevdiyi guşədir. Həmçinin liseydəki müasir avadanlıqlarla təmin olunan laboratoriyalar da dərsə daha böyük maraq doğurur, yüksək səviyyədə təhsil almağa şərait yaradır. Buradakı futbol meydançası, idman zalı, şahmat otağı məktəblilərin asudə vaxtlarını səmərəli keçirmələri üçün əlverişlidir. Dərya söylədi ki, boş vaxtlarında liseydəki şahmat otağında şahmat oynamağı çox sevir. Dərsdən sonra məşğələlərdə iştirak edir, növbəti gün üçün dərslərini tərbiyəçi-müəllimlərin köməyi ilə hazırlayırlar. Tərbiyəçi-müəllimlər şagirdlərin hər biriylə ayrı-ayrılıqda maraqlanır.
    Liseyin 8-ci sinif şagirdi Duyğu Tağıyevanın da liseylə bağlı fikirlərini öyrəndik. O dedi: – Yüksək nəticə topladığım üçün Naxçıvan Şəhər Kimya-Biologiya Liseyinin şagirdi seçildim. Çox sevincliyəm ki, belə bir liseydə təhsil alıram. Liseydə bunun üçün gözəl şərait yaradılıb. Laboratoriyalarımız müasir avadanlıqlarla təchiz olunub, fizika, kimya və biologiya dərslərini hər zaman laboratoriyalarda keçirik. Oradakı sınaq materialları, mikroskop və maketlərlə dərs öyrənmək çox maraqlıdır. Çünki keçdiyimiz dərsi həm də orada araşdırma üsulu ilə öyrənirik. Laboratoriyalarda reaksiyalar üzərində işləyib, müxtəlif təcrübələr aparırıq. Bu isə biz şagirdlərə oxuduqlarımızı daha yaxşı qavramağa kömək edir. Arzum həkim olmaqdır. Əminəm ki, belə yüksək şəraitdə təhsil alaraq gələcəkdə cərrah olmaq arzuma çatacağam. 
    Liseyin 8-ci sinif şagirdi Əli Rəcəbli: – Mən Şahbuz rayonunun Badamlı kənd tam orta məktəbində oxuyurdum. Ötən il IV ixtisas qrupu üzrə hazırlaşmağa qərar verdim. Müəllimlərim dedi ki, kimya-biologiya təmayüllü yeni lisey açılır. Düşündüm ki, bu mənim üçün böyük fürsət olacaq. Elə həmin gündən liseyə hazırlaşmağa başladım, qarşıma qoyduğum məqsədimə çatdım. Burada təhsil aldığım üçün özümü xoşbəxt hiss edirəm. Ən çox sevdiyim dərslər elekton lövhələr vasitəsilə keçilənlərdir. Bununla yanaşı, STEAM kabinəsi də çox maraqlıdır, orada maraqlı alətlər var. “Bəs burada darıxmırsan?” – sualıma Əli belə cavab verir: – Xeyr. Burada özümə kifayət qədər dostlar qazanmışam. Onlarla geniş futbol meydançasında futbol oynayır, kitablar oxuyur, sonra oxuduqlarımızı müzakirə edirik. Lisey mənə yüksək təhsil verməklə yanaşı, həm də gözəl dostlar qazandırıb. 
    Ötən tədris ilində Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbdə kimya fənnini tədris edən Lamiə Əliyeva yeni tədris ilindən pedaqoji fəaliyyətini liseydə davam etdirir. Lamiə müəllimənin söhbəti: – Müəllimlərin sertifikasiya imtahanında yüksək nəticə göstərdiyim üçün yeni tədris ilindən təyinatım Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyə verildi. Müəllim kimi fəaliyyətə başladığım gündən bəri bir amalım var: muxtar respublikamızın inkişafı naminə fədakarlıqla çalışan, Vətənə sədaqətli, ləyaqətli vətəndaş tərbiyə etmək! Burada yüksək intellektli, nümunəvi şagirdlərlə işləyirik. Ancaq bunun da çətin tərəfləri var. Çünki belə şagirdlər araşdırmacı ruhda olurlar və daim öyrənmək istəyirlər. Belə intellektli, istedadlı, öyrənməyə maraqlı şagirdlər illərin təcrübəli müəllimini belə öz üzərində işləməyə sövq edir. Bu, çox sevindirici haldır. Hər dərsdə yeni bilik öyrənmək istəyən uşaqlarla işləmək çox maraqlıdır. Burada müəllim də yaradıcı olmalıdır. O yaradıcılığın nəticəsində də şagird irəli gedəcək və hər zaman ön planda olacaq. 
    Onu da xüsusi vurğulamaq istərdim ki, inkişaf etmiş ölkələrin çoxunda belə liseylərdə təhsil ödənişli əsaslarla aparılır. Bu gün biz müəllimlər Ali Məclisin Sədrinə minnətdarıq ki, liseyimizdə şagirdlərin təhsil alması, qidalanması və yataqxana ilə təmin olunması ödənişsizdir. Bu da imkan verir ki, müvafiq fənlər üzrə yüksək intellektə malik, uğurlu nəticələr qazanan hər hansı bir şagird ailəsinin sosial vəziyyətindən asılı olmayaraq bu liseydə təhsil ala bilsin. 
    Yeni təhsil ocağı ilə tanışlıq zamanı bir daha əmin olduq ki, liseyin təlim mühiti şagirdləri yaradıcılığa və axtarışa həvəsləndirir, onların istedadını müxtəlif yollarla üzə çıxarır, təhsil imkanlarını daha da genişləndirir. Lisey kollektivi də çalışır ki, şagirdlərin gələcəkdə yaxşı mütəxəssis olması üçün müasir tədris vərdişləri ilə yaxından tanış etsin. Burada həm də vətənpərvərlik və dövlətə məhəbbət duyğuları ön plana çəkilir və hər bir şagirdə dövlətçilik prinsiplərini qorumaq aşılanır. Biz də lisey kollektivinə və gələcəyimiz olan şagirdlərə şərəfli təhsil yolunda uğurlar diləyir, parlaq və etibarlı gələcək naminə yaradılan liseyin yüksəkixtisaslı kadr hazırlığına öz töhfəsini verməsini arzu edirik!

Gülcamal TAHİROVA

Nəşr edilib : 20.10.2022 19:16