AZ EN RU

Parlaq və etibarlı gələcək naminə!

    Azərbaycan təhsilinin yüksək sürətlə inkişafının təməlində, şübhəsiz, Ulu Öndər Heydər Əliyevin ideyaları və həmin ideyalar əsasında həyata keçirilən siyasətin strateji kursu dayanır. Bu siyasətin bünövrəsi müasir Azərbaycan Respublikasının memarı, Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyularaq bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının yüksək diqqəti və məqsədyönlü göstərişləri əsasında atılan addımlar, icra edilən Dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin əldə edilməsinə, yüksək nəticələrin qazanılmasına hədəflənib. Bu da ölkəmizdə milli kadr potensialının kəmiyyət və keyfiyyət baxımından yetişdirilməsi və təkmilləşdirilməsi işinə mühüm töhfələr verir. 

    Ölkə başçısı cənab İlham Əliyevin imzaladığı müvafiq Sərəncamla təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda yer alan Naxçıvan Dövlət Universitetinin nəzdində ingilisdilli beynəlxalq məktəbin yaradılması da təhsilə göstərilən diqqətin növbəti ifadəsidir. Beynəlxalq məktəb Dövlət Proqramının təsdiqindən keçən qısa zaman ərzində reallaşan layihələrdən biridir. Bu məktəbin ən üstün cəhəti tədrisin ingilis dilində aparılmasıdır. Naxçıvan təhsil tarixinin ən uğurlu layihələrindən biri olan Naxçıvan Dövlət Universitetinin ingilisdilli beynəlxalq məktəb ilə əyani tanışlıq da onu göstərdi ki, şagirdlərin yüksək səviyyədə təhsil almaları, müəllimlərin isə öz fənlərini həvəslə tədris etmələri üçün burada hərtərəfli şərait yaradılıb, zəruri maddi-texniki baza ilə təchiz edilib. Bununla yanaşı, məktəbdə kimya, fizika və biologiya laboratoriyalarında praktiki iş imkanı, texniki avadanlıqlar ilə zəngin kabinetlər, zəngin kitabxana, səliqəli yataqxana, açıq və qapalı idman meydançaları, şagirdlərin hərtərəfli inkişafına imkan yaradan unikal proqramlar mövcuddur.
    Naxçıvan Dövlət Universitetinin prorektoru Arzu Abdullayev də Naxçıvan Dövlət Universitetinin ingilisdilli beynəlxalq məktəbinin qəbul qaydaları, gələcək perspektivləri, şagirdlər üçün yaradılan şərait barədə məlumat aldıq. O bildirdi ki, qloballaşmanın, modern tərəqqinin özü ilə gətirdiyi üstünlüklərdən biri də elm və təhsil sahəsində beynəlxalq əlaqələrin genişlənməsi və mübadilə xarakterli tədbirlərin böyük vüsət almasıdır. Təhsilin beynəlmiləlləşdirilməsi hər bir universitet üçün xüsusi əhəmiyyət daşıyır. Bu proses dünya ali məktəbləri arasında bu və ya digər təhsil müəssisəsinin yerini müəyyənləşdirən əsas amilə çevrilib. Bu isə beynəlxalq təhsil məkanına inteqrasiya etmək zərurəti yaradır. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş adıçəkilən Dövlət Proqramında Naxçıvan Dövlət Universitetinin üzərinə mühüm vəzifələr qoyulub ki, bu da tarixi əhəmiyyət daşıyır. Belə ki, həmin dövlət sənədində Naxçıvan Dövlət Universitetinin nəzdində ingilisdilli orta məktəbin yaradılması, xarici ölkələrin ali təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi, birgə pro­qramların təşkili, ali təhsil müəssisələrində yeni məzmunlu proqramların (SABAH, ingilisdilli tibb fakültəsi, tibbi tədqiqat klinikası və sair) tətbiq edilməsi nəzərdə tutulub.
    Bu gün Dövlət Proqramında əks olunan, universitetin üzərinə qoyulan mühüm müddəalar uğurla icra olunur ki, onlardan biri də yeni tədris ilindən fəaliyyətə başlayacaq Naxçıvan Dövlət Universitetinin ingilisdilli Beynəlxalq məktəbidir. Bununla bağlı lazımi görüşlər də keçirilib və beynəlxalq məktəbdə qısa vaxtda Cambridge proqramının qurulması nəzərdə tutulur. Məktəbdə 160-dan çox ölkənin 1000-dən çox lisey və məktəbinin qoşulduğu Cambridge proqramı tədris olunacaq. Bu beynəlxalq proqramda IELTS dərəcəsinə malik olan və bir neçə təlim kurslarından uğurla keçib sertifikat alan yerli və xarici müəllimlər çalışacaq.
    Prorektor onu da qeyd etdi ki, bu gün dünya təcrübəsində də geniş profilli və həmçinin tədqiqat yönümlü universitetlərin tabeliyində orta məktəblər, liseylər, kolleclər mövcuddur. Dünyanın aparıcı universitetlərinin tərkibində Beynəlxalq məktəblərin fəaliyyət göstərməsi ənənəsi var. Naxçıvan Dövlət Universitetinin nəzdindəki ingilisdilli beynəlxalq məktəb gələcəkdə ali təhsil müəssisəsi ilə digər ölkələrin ali məktəbləri arasında əməkdaşlıqların güclənməsi, birgə proqramların təşkil olunması, həmçinin universitetlərdə yeni məzmunlu proqramların tətbiqi üzrə layihələrin həyata keçirilməsini də mümkün edəcək. Əminliklə qeyd edə bilərik ki, Azərbaycan təhsil tarixində ilklərə imza atan Naxçıvan Dövlət Universitetinin ingilisdilli beynəlxalq məktəbi də qısa zamanda təhsilin inkişafı istiqamətində yüksək göstəriciləri ilə dövlətimizin çiçəklənməsinə öz töhfələrini verəcək.
    Məktəbin direktoru Nazim Rəhimovla da söhbət etdik. Bildirdi ki, ümumtəhsil sistemində təlimin təmayüllər üzrə təşkili müxtəlif fənlər baxımından xüsusi istedad və qabiliyyətə malik uşaqların daha da inkişaf etdirilməsinə, onlara seçilmiş istiqamətlər üzrə dərin biliklərin verilməsinə xidmət edir. Təmayül fənləri üzrə dərinləşdirilmiş proqramlarla tədrisin aparıldığı belə təhsil ocaqları adi ümumtəhsil məktəblərindən bir sıra üstünlüklərə malikdir. Belə ki, təmayüllü məktəblərə şagirdlər xüsusi seçim prosedurları vasitəsilə qəbul edilir, həmin təhsil müəssisələrinin maddi-texniki bazası daha yüksək olur, təmayül fənlərinin tədrisinə çox vaxt ayrılır. Eyni zamanda belə məktəblərə yüksək hazırlıqlı və ixtisaslı müəllimlər cəlb olunur. Təbii ki, bu üstünlüklərinə görə cəmiyyətin təmayüllü məktəblərdən gözləntiləri də çoxdur. Onların məzunları daha hazırlıqlı, seçilmiş təmayül fənləri üzrə yüksək bilikli olmalıdırlar. Biz də məktəb kollektivi olaraq çalışacağıq ki, burada təhsil alacaq şagirdləri gələcək üçün vətənpərvər, intellektli, peşəkar kadrlar olaraq hazırlayaq. Nazim müəllim xüsusilə qeyd etdi ki, məktəbin şagirdləri təhsillərini başa vurduqdan sonra aldıqları Beynəlxalq attestatla xarici ölkələrdə təhsillərini imtahansız davam etdirə biləcəklər. Nazim müəllim onu da diqqətə çatdırdı ki, beynəlxalq məktəbə 1-ci və 6-cı sinifdə təhsil alacaq şagirdlərin qəbulu həyata keçiriləcək. Birinci siniflərin qəbulu məktəbəhazırlıq dövründən başlayacaq. Yəni beynəlxalq məktəbin 1-ci sinfində təhsil almaq istəyən şagirdlər məktəbin məktəbəhazırlıq qruplarına qeydiyyatdan keçərək həmin qruplarda iştirak edəcəklər. Həmçinin 5-ci sinfi başa vuraraq 6-cı sinfi beynəlxalq məktəbdə təhsilini davam etdirmək istəyən şagirdlər üçün də məktəbdə hazırlıq qrupları yaradılacaq. Hazırlıq qruplarında iştirak edən şagirdlər may ayından başlayaraq imtahan əsasında bu məktəbdə təhsil almaq imkanı qazanacaqlar. Nazim Rəhimovun sözlərinə görə, gələcəkdə məktəbdə ingilis dilində fənlər üzrə tədrisin aparılması üçün xarici ölkələrdən müəllimlərin məktəbə dəvəti də nəzərdə tutulur. Bu, kimya, biologiya, riyaziyyat, fizika və digər fənlərin tədrisinin məhz ingilis dilində həyata keçirilməsində böyük əhəmiyyət daşıyır. 
    Burada olarkən 2023-2024-cü tədris ilində məktəbə qəbul olan şagirdlərlə görüşüb, onların da fikirlərini öyrəndik. 583 balla məktəbə qəbul olan Səid Həsənli deyir ki, biz gənclər bu gün sürətlə dəyişən və inkişaf edən dünyamızda başqa millətlərlə əlaqə qurmağa çalışmalıyıq. Dünya ölkələri ilə mədəni, siyasi, iqtisadi əlaqələrin qurulması üçün bizdə milyonlarla insanın istifadə etdiyi dilə müraciət etmək ehtiyacı yaranır ki, bu da ingilis dilidir. Dünyada özünü tanıtmaq, elmi biliklərini artırmaq, dünyada olan hadisələri şərh etmək üçün dil çox mühüm vasitədir. Bu gün beynəlxalq danışıq dili ingilis dili nəzərdə tutulduğu üçün ingilis dilini bilmədən dar mühitdən və çərçivədən kənara çıxmaq mümkün deyil. Bu baxımdan bu məktəbi seçmək məni çox sevindirir. Qəbul imtahanı zamanı ingilis dili üzrə 30 sualdan 29-nu düzgün cavablandırmışdım. Ümumiyyətlə, uşaq yaşlarından ingilis dilinə böyük marağım var. Gələcəkdə seçəcəyim peşənin ali təhsilinə bu dildə yiyələnməyim mənim üçün ən böyük uğur olacaq.
    573 balla məktəbə qəbul olan Rüqayyə Hüseynli də Səidin fikirlərinə qoşularaq deyir ki, bu günün reallıqlarından biri uğur qazanan insanların məhz ingilis dilini yaxşı bilmələridir. Bu gün istər elmi, istərsə də bədii ədəbiyyatla bağlı həddindən artıq yeni kitablar nəşr olunur. Həmin kitablar, əsasən, ingilis dilindədir. İstənilən bir sahə ilə bağlı yenilik əldə etmək onunla bağlı ədəbiyyat oxumaq üçün əlavə bir dil biliyin olmalıdır. Əgər sən bu dil biliyinə yiyələnməsən, həmin məlumat və bilgilər tərcümə olunana və gəlib sənə çatana qədər geridə qalacaqsan. İngilis dilinə yiyələnmək insana bir çox fürsətlər yaradır. Əgər xaricdə təhsil almaq, yeni dostlar qazanmaq, sərbəst ünsiyyət qurmaq və ən əsası başqa ölkələrin mədəniyyətini, ədəbiyyatını öyrənmək, eləcə də öz Vətənimizi, dövlətimizi, millətimizi, adət-ənənələrimizi dünyaya tanıtmaq istəyiriksə, biz gənclərin ingilis dilinə yiyələnməyi vacibdir. Məhz bu sahədəki ilk addımları bu məktəbdə atacağıq. İnanıram ki, bu məktəb arzularımın reallaşmasında həyatımda böyük rol oynayacaq. Çünki hələ ibtidai sinifdə oxuyarkən ingilis dili fənnini çox sevmişəm. Valideynlərim əgər yaxşı oxusam, bu dili öyrənsəm, məni xarici ölkələrə aparmağa söz veriblər. Bu mənim arzularımdan biridir, çünki başqa ölkələrin mədəniyyəti ilə tanış olmaq, başqa millətlərdən olan insanları tanımaq mənim üçün çox maraqlıdır.
    Məktəbdə yaradılmış hərtərəfli tədris şəraiti burada şagirdlərin yüksək təhsilə malik olmalarına imkan verməklə yanaşı, onların arzularına doğru inamla addımlamalarında körpü rolunu oynayacaq. İnanırıq ki, yüksək intellektə malik şagirdlərimiz yaradılan şəraitdən səmərəli istifadə edərək göstərilən etimadı doğruldacaqlar. Biz də Naxçıvan Dövlət Universitetinin ingilisdilli beynəlxalq məktəbinin kollektivinə və gələcəyimiz olan gənclərə şərəfli təhsil yolunda uğurlar diləyir, parlaq və etibarlı gələcək naminə irəlilədikləri yolda böyük nailiyyətlər qazanmağı arzulayırıq!

Gülcamal TAHİROVA

Nəşr edilib : 24.08.2023 20:47