AZ EN RU

Parlaq Qələbəniz mübarək, cənab Prezident!

Bu gün şəhərimiz həmişəkindən daha qələbəlikdir. Atdığımız hər addımda, keçdiyimiz hər küçədə böyük bayram əhvali-ruhiyyəsi duyulur. İnsanların simasını sevinc hissləri bürüyüb. Onlardan biri də təsadüfən rastlaşdığımız nur üzlü şəhidimiz Emin Sadiqovun anası Gülşad anadır. Sevinclidir. Çünki Vətənimizin müdafiəsinə qalxaraq bizə bütöv Azərbaycanı bəxş edənlərdən olan  Eminin gücünə, hünərinə arxalandığı, arxalandığı üçün də əsla yanılmadığı Ali Baş Komandan Zəfər seçkisində qalib olub. Gülşad ana deyir ki, xoşbəxtəm, sevincliyəm, qürurluyam. İnanıram ki, mənim timsalımda digər şəhid valideynləri də mənim qədər sevinclidirlər. Çünki bu gün prezidentimiz böyük səs çoxluğu ilə yenidən prezident seçildi. O, çox böyük sərkərdə, qalib xalqın qalib Lideridir. Onun şəhid ailələrinə göstərdiyi diqqət, qayğı bizim üçün bir təskinlik deyil, həm də bütövlükdə cəmiyyətə bir mesajdır. Hər birimiz görürük ki, bizim arxamızda Azərbaycan dövləti, Azərbaycan Prezidenti dayanıb və şəhid ailələrinə hər zaman diqqət və qayğı göstərilir. Bütövlükdə, cənab Prezidentin şəhid ailələrinə öz xoş arzularını bildirməsi, bizim firavan həyatımız naminə yeni fərmanlar verməsi, sərəncamlar imzalaması bir daha göstərir ki, bizim kimi həssas insanlara cəmiyyət və dövlət başçısı tərəfindən böyük ehtiram var. Bu diqqətə görə Prezidentimizə dərin minnətdarlığımızı bildiririk. Zəfər seçkilərində qazandığımız ikinci böyük qələbə üçün Azərbaycan xalqını bir daha təbrik edir, ölkəmizə daim sülh və əmin-amanlıq arzulayıram.

Gülcamal TAHİROVA

Nəşr edilib : 07.02.2024 22:10