AZ EN RU

Paleolit dövrünə aid yeni tapıntı

    Naxçıvan Muxtar Respublikası ərazisində aparılan araşdırmalar zamanı Ordubad və Şərur rayonları ərazisindən Alt Paleolit dövrünə aid əmək alətlərinin aşkar olunması bu diyarda ilk insan məskənlərinin 2 milyon 500 min il bundan əvvəl yarandığını təsdiq edirdi. 2022-ci ilin arxeoloji axtarışları zamanı Naxçıvanda, Şahbuz rayonu ərazisində, Qanlıgöl ətrafında yerləşən Osmantəpə yaşayış yerindən Alt Paleolit dövrünə aid yeni əmək aləti aşkar olunmuşdur. 
    Bəhs etdiyimiz arxeoloji tədqiqatların müəllifi, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevdən aldığımız məlumata görə, Aşel dövrünə (təqribən, 500-300 min il bundan əvvəl) aid əl çapacağı obsidiandan hazırlanmış və hər iki üzdən qəlpələnərək işlənmişdir. Qeyd edək ki, dəniz səviyyəsindən 2400 metr yüksəklikdə yerləşən Osmantəpənin Neolit dövründən məskunlaşması artıq karbon analizlərlə təsdiq edilmişdir. Yaşayış yerindən aşkar olan mikrolitlərin Mezolit dövrünə aid olması ilə bağlı fikirlər söylənsə də, bəzi mütəxəssislər bir qədər bu fikrə şübhə ilə yanaşırdılar. Yeni tapılan əmək aləti yaşayış yerinin daha qədim dövrdən – Alt Paleolit dövründən məskunlaşdırıldığını təsdiq edir.
    Qeyd edək ki, yaşayış yerində daşdan hazırlanmış digər əmək alətləri də aşkar olunmuşdur. Bu isə Osmantəpə yaşayış yerinin Daş dövrünə aid düşərgə olduğunu deməyə imkan verir. 
    Yeni tapıntılar Alt Paleolit dövründə insanların yalnız mağaralarda deyil, açıq düşərgələrdə də məskunlaşdığını təsdiq edir. Yaşayış yerinin araşdırılması yeni tapıntıların aşkar olunması ilə nəticələnə bilər. 

Xəbərlər şöbəsi

Nəşr edilib : 13.07.2022 20:07