AZ EN RU

Özünüməşğulluq proqramı çərçivəsində növbəti aktivlər təqdim edilib

    “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yanvar ayı üzrə 30 sosial qayğıya ehtiyacı olan ailə müəyyənləşdirilib. Özünüməşğulluq proqramının bu mərhələsində 14 ailənin hər birinə 2 baş iribuynuzlu, 10 ailənin hər birinə 20 baş xırdabuynuzlu, 3 ailəyə miniyerşumlayan aqreqat, 2 ailəyə inkubator və quş tükü təmizləyən aparat, 1 ailəyə isə bərbər avadanlıqları və ləvazimatları verilib. Özünüməşğulluğu təmin edilmiş ailələlərin üzvlərindən 14 nəfərini sağlamlıq imkanları məhdud şəxslər, 3-nü cəzaçəkmə müəssisəsindən azad olunan şəxs, 2-ni nikahı pozulan şəxs, 1-ni müharibə veteranı, 1-ni müharibə iştirakçısı, 4-nü isə şəhid ailəsi üzvləri olan şəxslər təşkil edib. 
    Sözügedən aktivlərin sənədlərinin təqdim olunması məqsədilə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev muxtar respublikada sosial qayğıya ehtiyacı olan ailələrə göstərilən dövlət qayğısı, onların məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb, sosial qayğıya ehtiyacı olan şəxslərə göstərilən dövlət qayğısına görə Ali Məclisin Sədrinə minnətdarlığını bildirib. 
    Çıxışlarda ötən dövr ərzində proqramın icrası çərçivəsində görülən işlərdən danışıb, əldə olunan nəticələrdən bəhs ediblər. Tədbirin davamında yeni aktiv verilmiş ailə təmsilçilərinə müvafiq sənədlər təqdim olunub. 
    Qeyd edək ki, bu mərhələdə təsərrüfatını nümunəvi şəkildə inkişaf etdirdiyinə görə Culfa rayonun Saltaq kənd sakini Ələkbər Novruzov həvəsləndirmə tədbirlərinə cəlb edilib və bu məqsədlə ona arpa-buğda qıran aqreqat verilib. 
    Tədbirdə iştirak edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi

Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 08.02.2022 19:08