AZ EN RU

Özüm bilərəm, haradan keçirəm!

    Qışın soyuğunda keçidin qarşısında dayanıb bizə yol hərəkəti mədəniyyəti öyrədən polisə minnətdar olmaq yerinə, onun “zəhmət olmazsa, keçiddən keçin” çağırışına “özüm bilərəm, haradan keçirəm” kimi heç bir etik çərçivəyə sığmayan cümləylə cavab vermək nə dərəcədə düzgündür? Naxçıvan şəhərindəki Əziz Əliyev küçəsində avtobus gözləyərkən müşahidə etdiyim bu mənzərə məni bu haqda yazmağa vadar etdi. Yolun digər tərəfində bazar və ticarət mərkəzi olduğundan bu istiqamətdə hərəkət edən avtomobillərin və piyadaların sayı çoxluq təşkil edir. Elə bu səbəbdən qanun keşikçiləri yol hərəkəti qaydalarına riayət etməyən piyadaların təhlükəsizliyi məqsədilə onlara keçiddən istifadə etmək lazım olduğunu bildirirlər. Lakin nədənsə onların bəziləri nə özləri, nə də sürücülər üçün yaratdıqları təhlükəni dərk etmirlər. Hər kəsin isə dilində bir bəhanə var: “tələsirəm”.  

    Nəqliyyat vasitələrinin və piyadaların hərəkətini tənzimləmək və təhlükəsizliyini təmin etmək üçün yollarda işıqforlar quraşdırılır, keçidlər inşa olunur. Lakin piyadaların bir çoxunun nə işıqfora, nə də keçidlərə əhəmiyyət vermədiyini görürük. Nə üçün bu qaydanı polislər məcburən həyata keçirməlidirlər? Axı polis yollarda dayanıb hər kəsə piyada zolağından istifadə etməyi və işıqfordan keçmə qaydasını öyrədə bilməz. Şəhərimizdə kifayət qədər piyada keçidlərinin olmasına baxmayaraq, piyadaların əksəriyyətinin onlardan istifadə etməmələrinin səbəbi nədir? Piyadalar üçün kifayət qədər maarifləndirici tədbirlərin aparılmamasımı, yoxsa cəmiyyətimizdə hələ də piyada mədəniyyətinin formalaşmamasımı? 
    Suallarımızı Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis kapitanı Ayaz İsmayılov cavablandırdı. Söhbət zamanı bildirdi ki, piyadaların qayda pozuntusunun qarşısını almaq üçün ilk olaraq piyada mədəniyyəti formalaşdırılmalıdır. Bu isə təkcə yol polisindən asılı olmamalıdır. Bunun üçün evlərdə valideynlər, bağçada və məktəblərdə isə müəllimlərin üzərinə böyük məsuliyyət düşür. Biz onsuz da yol polisi olaraq funksional vəzifəmizi hadisələrin sayını azaltmağa yönəltmişik. Təhlükənin baş verməməsi üçün əməkdaşlarla birlikdə xidmət aparır, hərəkətin təhlükəsizliyinin tam təmin edilməsi üçün öz vəzifəmizi həyata keçiririk. Lakin hadisələrin qarşısını almaq üçün tək polislə iş olmaz. Yol polisi hər yerdə insanları xoşagəlməz hadisələrdən qoruya bilməz. Elə yerlər var ki, nə işıqfor var, nə də polis. Bu o demək deyil ki, orada hökmən yol-nəqliyyat hadisəsi baş verməlidir. Yaşımızdan, tutduğumuz mövqeyimizdən asılı olmayaraq, yol hərəkəti qaydalarını öyrənməli və yerinə yetirməliyik. Hər birimiz yol hərəkəti haqqında qanunu və bu qanundan irəli gələn tələbləri bilməliyik. Əgər hər yerdə polis əməkdaşının köməyi ilə yolu keçiriksə, bu artıq özümüzü sərbəst idarə edə bilmədiyimiz anlamına gəlir.  
    Müsahibimiz deyir ki, insanlar istədikləri yerdə yolu keçməyin mümkünlüyünü düşünürlər. Bəzi piyadalar vəzifələri haqqında çox səhv məlumatlara malikdirlər. Həmin məlumatlara əsasən də hərəkət edirlər. Məsələn, deyirlər ki, piyada ayağını yola atdısa, sürücü harada olmasından asılı olmayaraq, saxlayıb yol verməlidir. Təəssüf ki, aparılan təbliğat işlərinə baxmayaraq, insanlar keçidlərdən düzgün istifadə etmədikləri üçün problemlər ortaya çıxır. “Yol hərəkəti haqqında” Qanunun 40-cı maddəsində piyadaların vəzifələri sadalanır. Piyadaya deyilir ki, siz piyada keçidinə daxil olmazdan əvvəl sağa-sola baxmalısınız, yaxınlaşmaqda olan nəqliyyat vasitəsinin olub-olmamasına fikir verməlisiniz, onun təxmini sürət həddini hesablamalısınız ki, mən ayağımı piyada keçidinə qoysam, sürücü əyləci basmaqla maşını saxlaya biləcəkmi, yoxsa məni vuracaq? Eləcə də digər vəzifələr...
    Müsahibimizin fikrincə, nəqliyyat hadisələrinin baş verməsinə əsas səbəb sürücü səhlənkarlığı və piyada diqqətsizliyidir. O deyir ki, baş verən qəzaların mütləq əksəriyyəti yol hərəkəti qaydalarının pozulmasından yaranır. Bəzən istər sürücülər, istərsə də piyadalar qaydaları bildiyi halda pozur. Bu da bədbəxt hadisələrin baş verməsinə gətirib çıxarır. Statusundan, vəzifəsindən, cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq, qanun hamı üçün eynidir. Hər birimiz qaydalara riayət etməli, yol hərəkəti zamanı təhlükəli vəziyyət yaratmamalı, qanunun tələblərindən kənara çıxmamalıyıq. Çünki yol hərəkəti qaydalarına əməl etmək təkcə vəzifə borcumuz deyil, həm də vətəndaşlıq borcumuzdur.

Gülcamal TAHİROVA

Nəşr edilib : 20.12.2023 18:08