AZ EN RU

Özgə bir payızdır bu gələn payız

Bir payız gününün düşüncələri

     Qoca Şərqin qapısında vüqarla, əzəmətlə, məğrurluqla dayanan, günü-gündən cavanlaşan qədim Naxçıvanım! Nuhun izləri yaşayan diyar! Böyük Mirzə Cəlilin, Hüseyn Cavidin ana Vətəni! Beşminillik şəhər mədəniyyətinə malik olan ulu yurd yerim. Görkəmli dövlət xadimi Heydər Əliyevi dünyaya bəxş edən müqəddəs məmləkət! Səndə tarixlərin çox nişanı var. Sənin dünəninə boylanıram, bu gününə baxıram, sabahını görürəm. Yaşadığın şanlı tarix bu gün böyük sevgi və ehtiramla yad edilir, yaşadılır. Bu tarixin bir-birindən zəngin səhifələri qəhrəmanlıqlarla doludur. Bu gün isə özünün yeni dövrünü yaşayırsan, doğma məmləkətim. Sevinirik ki, gözəllik sənin yolyoldaşına çevrilib. Bütün fəsillərdə bu gözəlliyi, füsunkarlığı görmək olar. Diyarımıza yenicə qədəm qoyan payızın gözəllikləri də bu yurdun insanlarına özgə bir ovqat bəxş edir.
    Bu ovqat xəyallarımı bir neçə il öncəyə göndərir ilk payız günlərinin birində, şəhərimizin bir-birindən gözəl ünvanlarını gəzə-gəzə.
    ...Üç ildir ki, payızı həm də ölkəmizin ərazi bütövlüyünün təmin olunduğu fəsil kimi qeyd edirik. 2020-ci ilin ilk payız günlərinin birində – sentyabr ayının 27-də başlanan mücadilə 30 il işğal altında qalmış torpaqlarımızın geri qaytarılması, neçə-neçə igidimizin şəhidlik zirvəsinə ucalması, sağlamlığını itirərək doğma ev-eşiyinə qazi kimi qayıtması ilə nəticələndi. Ölkəmiz, necə deyərlər, dərindən nəfəs alaraq ərazi bütövlüyünə qovuşdu. Bu tarixi qələbədə naxçıvanlılar da öz torpaq təəssübkeşliyini, yurda bağlılıqlarını, Vətənə sevgi və məhəbbətlərini göstərdilər. Və bu illərin payızları həm də bizim onların ruhları qarşısında borcumuzu bir daha göz önünə gətirir. Bunları düşünə-düşünə yolumu şəhərimizin ən müqəddəs ünvanına – Şəhidlər xiyabanına salıram. Həmişə dolu olan bu ünvanda yenə də insanlar öz xilaskarlarını yad edirlər:

       Torpağın qoynunda şəhidlər yatır, 
       Şəhidlik! Ulu ad daşıyır onlar.
       Nə qədər bu torpaq, bu Vətən durur –
       Beləcə, ömr edib yaşayır onlar.

    Və istər-istəməz düşünürəm ki, onların ömrü də payızın ömrü kimi qısa oldu; ömürlərinin payızı daha tez gəldi...
    ...Qəlbimdə onlara dərin minnətdarlıq hissi ilə Əcəmi seyrəngahına üz tuturam. Seyrəngah insanlarla doludur. Payızın gözəlliyini burada duymağın özü bir gözəllikdir, – deyə düşünürəm: 

       Təbiət bu yeri gəzib ayrıca
       Nə qədər gözəllik bağışlayıbdır.
       Günəş zirvələrdən süzüb ayrıca
       Dağları yarıdan naxışlayıbdır.
                                           (M. Qasımzadə)

    Bəlkə də, payızın bundan gözəl poetik təsvirinə rast gəlməmişəm. Bu sətirlər bir rəssam tablosunu xatırladır sanki bəstəkar bəstəsidir, dinlədikcə ruhun təzələnir. Sənin payız gözəlliyini, elə bil ki, birinci dəfədir, görürəm. Düşünürəm ki, elə sənin gözəlliyinin ülviyyəti də bundadır. Hər seyr edəndə o gözəlliyin yeni qatları üzə çıxır, sirli-soraqlı bir aləmə aparır adamı. Qeyri-ixtiyari olaraq üzünə təbəssüm qonur ki, bu yurd mənim yurdumdur, bu payız mənim yurdumun payızıdır. 
    Mənim, sənin, onun olan bu yurd yerində, hələlik, payızın ilkin əlamətləri özünü göstərməkdədir. Bu da bir gözəllikdir: ağacların yarpaqları öz rəngini təzə-təzə dəyişməyə başlayıb. Elə o ağacların o yarpaqları yüngülvarı əsən mehdən tərpəşməkdədir. Başımı qaldırıb səmanın ənginliklərini seyr etmək istəyirəm. Çətirlənmiş ağacların arasından batmaqda olan Günəşin solğun şüaları gözümə dəyir. 
    Oturduğum skamyadan qalxıb seyrəngahın içərisinə doğru addımlayıram. Uşaqların, gənc­lərin, ahıl insanların təbəssümlü baxışları ilə rastlaşıram. Hiss etmək çətin deyil ki, buradakı istirahətdən zövq alırlar. Bəlkə də, hansı birininsə ürəyindən keçir:

          Ömrümə bir payız qonağı gəlib
          Saralan yarpaqlar üşüdür məni.
          Ömrümə bir payız sınağı gəlib
          Yaratmaq ümidi yaşadır məni.
                                                  (H.Eyvazlı)

    Bir neçə il əvvəl burada salınmış şəlalənin yaxınlığında ayaq saxlayıram. Təbiətin ən gözəl mənzərəsini burada yaratmaq insan zəkasının məhsuludur, insan övladının doğma yurd yerinə bağlılığının ifadəsidir, insan amilinə ehtiramın təcəssümüdür. Buradan görünən Qızlar bulağı isə təbiətin doğma Naxçıvana bəxş etdiyi möcüzələrdən biridir. 
    Bu payız günlərində Qızlar bulağı yenə də gənclərlə doludur. Neçə ülvi məhəbbətə şahidlik edib Qızlar bulağı. Bu gün yenə də bu “xeyirxah missiya”nı yerinə yetirir. Sevənlərə öz qoynunda yer verir. Sanki payıza yenidən vurulursan.
    Payız həm də sevib-sevilənlərin fəslidir, toy-büsat fəslidir:

          Yenə xatirələr baş alıb gedər
          Çəkər ortalığa söz məhəbbəti.
          Payız toylarında toy-bayram edər
          Hərənin qəlbində öz məhəbbəti.
                                            (M.Qasımzadə)

    Bu şeirin hər sətri bu payız günündə xatirələrimizi daha da ülviləşdirir, özümüzü o toylarda görürük, Qızlar bulağında gəzişən, söhbətləşən, çöhrələrindən məhəbbət yağan gənclərə, bir qədər həsədlə baxırıq...

          Tikilir, qurulur qədim Naxçıvan, 
          Hər an gözəlləşir, bu xoş günündə.
          Çiçək dənizidir qoynunda hər yan,
          Bütün gözəlliyi sənsən önündə.
                                               (İ.Yusifoğlu)

    Bir payız günündə bu füsunkar təbiətin, ülvi gözəlliyin qoynunda aldığım təəssürat ruhumu təzələyir. Bu, doğma Naxçıvanımızın payızıdır, sənin, mənim, hamımızın payızıdır...

Muxtar MƏMMƏDOV
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti

Nəşr edilib : 06.10.2023 20:23