AZ EN RU

Özəlləşdirmə qanunauyğun olaraq həyata keçirilir

    Naxçıvan Muxtar Respublikasında yaşayan qaçqın və məcburi köçkünlərin bir qismi müvəqqəti yaşayış yerlərinin özəlləşdirilməsi ilə bağlı Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə müraciət ediblər. Onlar dövlət tərəfindən təmin olunduqları evlərin özəlləşdirilməsini istəyirlər. 
    Qəzetimizə də ünvanlanan çoxsaylı müraciətləri nəzərə alaraq Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətindən bu məsələyə aydınlıq gətirilməsini istədik.
    Xidmətdən qəzetimizə məsələ ilə bağlı verilən məlumata görə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 91.1.6 (qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri), 91.2 (Xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir) və 91.3-cü maddələrinə əsasən (Xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz) bu evlərin özəlləşdirilməsi qanuna uyğun deyil. Yalnız məcəllənin 146.4-cü maddəsinə əsasən yaşayış sahələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada özəlləşdirilməsinə yol verilir. 
    Bildirildi ki, bu məsələ ilə bağlı əvvəllər də müraciətlər olunub və özəlləşdirmələr qanuna uyğun olaraq həyata keçirilib. 

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 13.01.2023 11:55