AZ EN RU

Özbəkistanda ilk dəfə “Şuşa günləri” silsilə tədbirləri keçiriləcək

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondun Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə layihəsi çərçivəsində aprelin 11-12-də Özbəkistanda "Şuşa günləri" silsilə tədbirləri keçiriləcək.

Mədəniyyət Mərkəzindən bildirilib ki, tədbirin əsas məqsədi TÜRKSOY tərəfindən Şuşa şəhərinin Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi, habelə Azərbaycanın Qarabağ bölgəsinin, Şuşanın zəngin mədəniyyəti, incəsənəti, poeziyası, tanınmış şuşalılar, şəhərin turizm imkanlarını bütün dünyaya çatdırmaq və təbliğ etməkdir.

Daşkənd şəhərində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində baş tutacaq “Şuşa Günləri”i tədbirlərinin rəsmi açılış mərasimində Şuşanın mədəniyyəti, ədəbiyyatı, incəsənəti və tarixi ilə bağlı beynəlxalq konfrans, kitab təqdimatı, foto və nəşrlərdən ibarət sərgi, Qarabağa aid milli geyimlərdən ibarət moda nümayişi, bədi şeir kompazisiyaları və konsertlərin təşkili nəzərdə tutulmuşdur.

“Şuşa günləri”nin açılış mərasimində Azərbaycan Mədəniyyət Mərkəzinin foyesində “Azad və çiçəklənən Şuşa” adlı foto və nəşr sərgisi təqdim ediləcək, Azərbaycan Mədəniyyət Mərkəzinin böyük zalında isə beynəlxalq konfrans öz işinə başlayacaqdır.

Beynəlxalq konfransda Özbəkistanın dövlət və hökumət nümayəndələri, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rəhbərliyi, Daşkənddəki Türk dövlətlərinin səfirləri, diplomatlar, Özbəkistanın tanınmış ictimaiyyət və mədəniyyət xadimləri, çoxsaylı mötəbər qonaqların iştirakı gözlənilir.

Daha sonra azərbaycanlı rejissor Ülviyyə Heydərovanın müəllifi olduğu Xurşidbanu Natəvan haqqında sənədli filmin nümayişi nəzərdə tutulub.

Tədbirin bədii hissəsində azərbaycanlı musiqiçilər Nisbət Sərdayeva, Rüstəm Müslümov, Elnur Salahovdan ibarət muğam triosunun Xurşidbanu Natəvanın qəzəllərindən ibarət muğam dəstgahları da təqdim ediləcəkdir. Bundan başqa, Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan qızları” Rəqs Ansamblı Şuşaya dair milli rəqslərimizi ifa edəcəklər.

Bədii hissədə Özbəkistanın Xalq artisti, “Yalla” Ansamblının bədii rəhbəri Fərrux Zakirovun və dünyaca məşhur “Özbəgim yoshlari” (Özbək gəncləri) musiqi qrupunun rəngarəng çıxışları gözlənilir.

“Şuşa günləri”nin ikinci günündə isə Özbəkistan Turon kitabxanasında baş tutacaq, tədbirdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Özbəkistan Yazıçılar Birliyi, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin, Özbəkistan və Azərbaycan Parlamentinin deputatlarının iştirakı və çıxışları nəzərdə tutulub.

Turon kitabxanasında “Şuşa günləri” tədbirləri çərçivəsində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə özbək dilinə ilk dəfə olaraq tərcümə və çap olunmuş “Xurishidga yetar boshim” adlı kitabın təqdimat mərasimi və özbək tələbələr tərəfindən Xurşidbanu Natəvanın şeirlərindən ibarət ədəbi-bədi kompozisiya təqdim ediləcək.

“Şuşa günləri” çərçivəsində Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunda da tədbir təşkil ediləcək. Tədbirdə Azərbaycan və Türk dünyasının mədəniyyət paytaxtı Şuşaya dair çıxışlar və təqdimatlar nəzərdə tutulur.

Tədbirin bədii hissəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi fondunun təşəbbüsü ilə yaradılmış yeddi türk xalqının nümayəndəsindən ibarət “Yeddi gözəl” çalğı alətləri ansamblının konserti və azərbaycanlı modelyer Gülnarə Xəlilovanın geyimlərindən ibarət Qarabağ bölgəsi, ələxüsus da XVII əsrin sonu XIX əsrin əvvəllərində Şuşa şəhərində dəbdə olmuş qadın libaslarının moda sərgisi keçiriləcək.

Qeyd edək ki, “Şuşa günləri” tədbirlərinin davamı olaraq Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycan mədəniyyəti, habelə Şuşaya dair zəngin kitab kolleksiyası Özbəkistanın aparıcı kitabxanalarına hədiyyə ediləcək və cari ilin iyun ayında Şuşa ilə tanışlıq, Şuşaya dair verilişlərin hazırlanması məqsədilə Özbəkistanın populyar telekanallarının təmsilçiləri və onların jurnalistlərinin mədəniyyət paytaxtımız Şuşaya, habelə işğaldan azad edilmiş bölgələrimizə mediaturu təşkil ediləcək.

Nəşr edilib : 08.04.2023 12:49