AZ EN RU

Özbəkistan Prezidenti Astanada ŞƏT-in sammitində iştirak edəcək

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində və “ŞƏT plus” formatında keçiriləcək iclasda iştirak etmək üçün iyulun 3-4-də Qazaxıstanın paytaxtına işgüzar səfər edəcək. Tədbirin yekununda iqtisadiyyat, təhlükəsizlik, ekologiya və enerji sahələrində tərəfdaşlığın genişləndirilməsinə dair sənədlərin qəbul ediləcəyi gözlənilir.

Bu barədə Özbəkistan mətbuatı iyulun 2-də dövlət başçısının mətbuat xidmətinə istinadla məlumat yayıb.

Qeyd olunur ki, sammitin gündəliyinə ŞƏT çərçivəsində çoxşaxəli əməkdaşlığın inkişafı və təşkilatın fəaliyyətinin təkmilləşdirilməsi məsələləri daxil edilib. Tədbirdə beynəlxalq və regional qarşılıqlı fəaliyyət problemləri də nəzərdən keçiriləcək. İclasın yekunlarına dair Astana Bəyannaməsi və iqtisadiyyat, təhlükəsizlik, ekologiya, enerji, turizm və bir çox digər sahələrdə tərəfdaşlığın genişləndirilməsi üzrə sənədlər paketinin qəbul edilməsi də planlaşdırılır.

Özbəkistan liderinin Astanaya səfəri zamanı xarici nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra ikitərəfli görüşlər keçirəcəyi də bildirilir.

İyunun 29-dan iyulun 7-dək Mərkəzi Asiya ölkələrində səfərdə olan BMT-nin Baş katibi Antonio Quterreş də ŞƏT-in sammitində iştirakını təsdiqləyib.

Nəşr edilib : 02.07.2024 15:46