AZ EN RU

Özbəkistan istehsal etdiyi yaşıl enerjini Azərbaycan üzərindən ixrac edəcək

Azərbaycanın nəqliyyat və tranzit sahəsində əməkdaşlıq etdiyi Orta Asiya ölkələrindən biri də Özbəkistandır. Özbəkistan Çindən Avropaya uzanan nəqliyyat dəhlizinin üzərində yerləşdiyinə görə Transxəzər marşrutunun reallaşmasında çox maraqlıdır. Yükdaşımalarla yanaşı Özbəkistan Transxəzər marşrutu ilə Azərbaycan üzərindən Avropaya yaşıl enerji də ixrac etmək niyyətindədir.

Beynəlxalq Enerji Agentliyinin hesabatında bildirilir ki, Özbəkistanın illik tələbatdan 30 dəfə çox - 2091 milyard kilovat-saat elektrik enerjisi istehsal etmək potensialı var. Özbəkistan iqlimi ildə 320 günəşli gündən ibarətdir ki, bu da böyük həcmdə alternativ enerji istehsalına imkan yaradır. Ölkənin Surxandərya, Buxara, Kaşkadərya vilayətləri coğrafi baxımdan elə bir iqlim qurşağında yerləşirlər ki, bu regionlarda ümumilikdə 2058 milyard kilovat-saat günəş enerjisi hasil etmək olar. BMT-nin yaşıl enerjinin inkişafına dair hazırladığı hesabatda vurğulanır ki, Özbəkistanın Şimal-Qərb və Cənub-Qərb əraziləri 9,9 milyarda kilovat-saat külək enerjisi istehsal etmək iqtidarındadır.

Son 5 il ərzində Özbəkistan prezidenti yaşıl enerjinin inkişaf etdirilməsi üçün 15 Sərəncam imzalayıb. Hökumət yaşıl enerji potensialını düzgün qiymətləndirərək müxtəlif xarici şirkətlərlə 21 müqavilə imzalayıb.

Bu gün Özbəkistanda yaşıl enerji istehsalı ilə əlaqədar olaraq 19 layihə icra olunur. Bunlar istehsal gücü 3977 meqavat günəş və 3100 meqavat külək elektrik stansiyalarıdır (7 stansiya). Bu layihələrin həyata keçirilməsi üçün xarici şirkətlər tərəfindən 9 milyard dollar həcmində sərmayə yatırılıb. Cari 2024-cü ilin ikinci yarısında Səmərqənd, Katakurqan, Buxara, Namanqan, Tomdin, Buxara və Daşkənd rayonlarında 3 külək və 4 günəş enerjisi istehsal edən stansiyalar istismara veriləcək. 2025-ci ildə isə Buxara vilayətinin Peşkin və Qijguvan rayonlarında hər biri 500 meqavat istehsal gücü olan 2 külək elektrik stansiyasının istismara verilməsi nəzərdə tutulub. Hökumətin yaşıl enerjinin inkişafı proqramına əsasən 2026-ci ildə Özbəkistanda ümumi gücü 1600 meqavat olan 4 külək, 8000 meqavat gücü olan günəş və 868 meqavat gücü olan su elektrik stansiyası istismara veriləcək.

Nəzərə çatdıraq ki, 2023-cü ilin dekabrında Bakıda Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında Mərkəzi Asiya ölkələrindən Azərbaycan ərazisi vasitəsilə Avropaya elektrik enerjisinin ixracı perspektivlərinin müzakirə edildiyi üçtərəfli görüşün nəticəsi olaraq birgə kommünike imzalanıb. Müvafiq strukturların rəhbərləri tərəfindən imzalanan birgə kommünike bərpaolunan enerji mənbələrinə fokuslanan enerji mübadiləsi, yaşıl hidrogen və yaşıl ammonyakın inkişafı və ixracı, müvafiq infrastrukturun yaradılması sahəsində əməkdaşlıq kimi məsələlər əks olunub. Sənədə əsasən, tərəflər elektrik enerjisinin ixracı ilə bağlı birgə müəssisənin yaradılması və layihənin iqtisadi əsaslandırılmasına hazırlıqla bağlı razılığa gəliblər.

Nəşr edilib : 18.03.2024 22:28