AZ EN RU

Öz taxılımızın çörəyi

    Tarixən insanlar yaşamaq üçün müxtəlif qidalarla öz tələbatlarını ödəyiblər. Zaman keçdikcə, cəmiyyət inkişaf etdikcə qida rasionu da zənginləşib. Uzağa getmədən, tarixi vərəqləmədən bu gün bu sırada çörəyin lap öndə durduğu da məlum həqiqətdir. Ona görə də çörək həmişə müqəddəs sayılıb. Bu müqəddəslik Türk-İslam dünyasında daha yüksək tutulub və bu gün də belədir. Çörək and yeri olub; müdriklər çörəyi “Qurani-Kərim”ə bərabər tutublar. Çörəyə öz dəyərincə qiymət verib xalqımız. Bundan sərt və gözəl deyim ola bilərmi: “Allah heç kimi çörəklə imtahana çəkməsin”. 

    Artıq XXI əsrdə yaşayırıq. Hər ötən gün, hər ay, hər il dünən gördüklərimizə əlavələr edir, imzasını atır, yeni münasibətlər meydana gəlir. Bu, həyatın qanunudur. Ancaq dəyişməyənlər də var. Başlıca olaraq bu sırada çörəyə ehtiram xüsusilə vurğulanmalıdır. Yəni çörək öz yerini və müqəddəsliyini dünən saxladığı kimi, bu gün də saxlayır və sabah da saxlayacağı şəksizdir. Uzağa getmədən mətləbə keçmək istəyirəm. Çörəyin strateji məhsul olmasını hamı bilir. Bu məhsula olan tələbatı ödəmək üçün dünyanın hər bir ölkə­sində taxıl əkilir. Əksər inkişaf etmiş ölkələr ən məhsuldar sortlara üstünlük verir, yeni sortlar yaradılır. 
    Ölkəmizdə, onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda da taxılçılığın iqtisadiyyatımızın əsasını təşkil etməsi təbiidir. Bu, məhsuldar torpaq sahələrimizdə özümüz üçün çörək istehsalına nail olmaqla yanaşı, həm də insanların məşğulluğunu, milli mətbəximizi öz məhsulumuzla təmin etmək, yüz illərin çörəkçilik ənənələrini yaşatmaqdır. Ona görə də qədim diyarımızda bu sahənin inkişafı üçün subsidiyalar verilir, yüksək məhsuldarlığa nail olmaq üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Belə tədbirlərin davamlı xarakter alması həm taxıl əkib-becərənlərə – istehsalçılara, həm də bu müqəddəs nemətdən istifadə edənlərə – istehlakçılara hərtərəfli dövlət qayğısının ifadəsidir. Faktlara müraciət etsək, cari ildə də bu sahənin diqqətdə saxlanıldığının şahidi olarıq. Ötən ilin payızında və cari ilin yazında muxtar respublikada 21247 hektar sahədə taxıl əkilib. Bunun 18 hektarı yazlıq buğda, 387,7 hektarı arpa, 12213 hektarı payızlıq buğda, 8549 hektarı isə arpadır. Taxıl əkinində ilk yer Babək rayonunun payına düşüb. Belə ki, bu bölgədə 6886 hektar sahə taxılçılıq üçün ayrılıb. Muxtar respublikanın ən böyük rayonlarından biri olan Şərurda isə cari ildə 4189 hektar sahədən məhsul götürülüb. Kəngərli taxılçıları da ötən illə müqayisədə əkin sahələrini bir qədər genişləndiriblər. Bu da həmin bölgədə son illərdə qapalı suvarma sisteminin yaradılması ilə bağlıdır.
    Digər rayonlarımızda da əkin sahələrinin genişləndirilməsi, mütərəqqi əkin texnologiyalarından istifadə etmək diqqətdə saxlanılıb. Burada bir məsələni xüsusi qeyd etmək lazımdır. Aqrar sahə ilə məşğul olanlar yaxşı bilirlər ki, dünyanı bürüməkdə olan su problemi muxtar respublikamızdan da yan keçməyib. Ancaq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında içməli su və suvarma sularının böhranlı vəziyyətində idarə olunmasına dair Tədbirlər Planı” torpaq mülkiyyətçiləri tərəfindən onlara göstərilən qayğının daha bir ifadəsi kimi dəyərləndirilib. Həmin plana əsasən əhali arasında maarifləndirici söhbətlər aparılıb, istehsalçıların müraciətlərinə operativ qaydada baxılıb, magistral və paylayıcı kanallarda su itkisini azaltmaq üçün tədbirlər görülüb, suvarmada innovativ texnologiyalardan istifadəyə üstünlük verilib, su itkisinin qarşısının alınması məqsədilə gecə suvarmalarının təşkili və suvarma işlərinə nəzarət mexanizmi gücləndirilib, digər tədbirlər reallaşdırılıb.
    Təbii ki, qarşıya qoyulmuş hədəfə çatmaq istiqamətli həmin tədbirlər nəticəsiz qalmayıb və öz bəhrələrini verib.
    Taxıl biçininin gedişi vaxtı torpaq mülkiyyətçilərinin zəhmətinin hədər getməməsi hamımızı ürəkdən sevindirdi. Hər birimizin də ürəyindən keçən fikri xatırlamaq yerinə düşər: Şükür ki, bu il də öz təndirimizin, təknəmizin çörəyi süfrəmizin bəzəyi olacaq.
    Bir qədər əvvəl daha çox taxıl əkilən  bölgələrimizin adlarını çəkdim. Bir qədər də daha çox məhsuldarlıq qeydə alınan rayonlarımız barədə oxucularımıza məlumat vermək istərdim. Bu sırada taxılçılıqda böyük təcrübə qazanmış Şərur rayonu ön sırada dayanır. Sonrakı yer Sədərəyə məxsusdur. Kəngərli taxılçıları üçüncü pillədədir. İlk məhsul tədarükü dövrünün nəticələri belə deməyə əsas verir ki, mövsümün sonuna qədər digər rayonlarımızda da məhsuldarlıq gözlənilən olacaq. Bu isə taxılçıları gələn ilin bol məhsulunun əsasını vaxtında qoymağa ruhlandıracaq.
    Bugünkü yazımızda Şərur rayonunda taxılçılığın inkişafını özündə ehtiva edən cari ilin nəticələri barədə danışmaq istəyirəm. Bölgədə ötən ilin payızında və cari ilin yazında 2164 təsərrüfat tərəfindən 4189 hektar sahədə taxıl əkilib; bunun 3592 hektarını buğda, 597 hektarını arpa təşkil edib. Sahələrdən bu günədək 14394,3 ton buğda, 1755,3 ton arpa olmaqla, 16149,6 ton məhsul götürülüb. Ümumi məhsuldarlıq 38,6 sentner, buğda üzrə 40,1 sentner, arpa üzrə 29,4 sentner olub. Taxıl tədarükü dövründə 8 kombayndan istifadə edilib.
    Əldə olunan yüksək nəticənin təməlində hansı amillər dayanıb? İlk növbədə, qaldırılan şumdan başlayaraq məhsul tədarükünə kimi bütün aqrotexniki tələblərə əməl olunmasını qeyd etmək lazımdır. Digər amillərə gəldikdə əkin sahələrinin vaxtlı-vaxtında suvarılması, gübrələrin verilməsi, zərərvericilərə qarşı mübarizə tədbirlərində bütün normativlərin yerinə yetirilməsi başlıca rol oynayıb.
    Bu il daha çox məhsul götürən rayonun taxılçıları Mübariz Şirəliyev, Xalidə Quliyeva, Yaqub Tağıyevlə söhbət zamanı onlar da bu amilləri açıqladılar.
    Mübariz Şirəliyev bildirdi ki, təsərrüfat adamına qayğı göstəriləndə o öz işinə daha məsuliyyətlə yanaşır. Onun sözlərinə görə, 63 hektar sahədə taxıl əkib, bunun 48 hektarı Günnüt kəndinə gedən yolun yaxınlığında, 15 hektarı Düdəngə kəndi ərazisində olub. Günnüt yolu ərazisində məhsuldarlıq 35, Düdəngədə isə 80 sentner təşkil edib. Bu, demək olar ki, nəinki Şərurda, hətta muxtar respublikada rekord göstəricidir.
    Həmsöhbətim onu da diqqətimizə çatdırır ki, bütün kənd təsərrüfatı texnikalarına sahibdir ki, bunları torpaqda çalışmaqla qazanıb. Həmin texnikalardan öz təsərrüfatında istifadə etməklə yanaşı, rayonun digər təsərrüfat adamlarına da köməyini əsirgəməyib. Yeri gəlmişkən onu da qeyd edək ki, nümunəvi təsərrüfat sahibi kimi tanınan Mübariz Şirəliyev əkinçiliyin digər sahələri ilə də məşğul olur. Belə ki, bu il 0,5 hektar sahədə kartof,           5 hektar sahədə qarğıdalı, 3 hektar sahədə soğan, 1 hektar sahədə isə bostan məhsulları yetişdirib. Müsahibim həm də bağbanlıqla məşğuldur – 9,5 hektar meyvə bağı var. Bu bağlarda müxtəlif növ meyvə yetişdirir. Tədarük etdiyi məhsulları Cəlilkənddəki anbara yığır. İlboyu həmin məhsullar həm Şərurda, həm də Naxçıvan şəhərində təşkil edilən müxtəlif festivallara və kənd təsərrüfatı məhsullarının satış yarmarkalarına çıxarılır.
    Müsahibim artıq taxıl əkiləcək sahələrdə şum qaldırılmasının vaxtı olduğunu da diqqətimizə çatdıraraq yaxın günlərdə bu işə başlayacağını deyir. Onunla söhbətdə başa düşmək çətin deyildi ki, təsərrüfat adamının builki  uğurları torpağa bağlılığın, onun qədrini bilməyin ifadəsidir. Torpağın qədrini bilmək isə gənclərə bir örnəkdir. Belə gənclərdən biri də Yaqub Tağıyevdir. Onun söhbəti:
    – Bir neçə ildir ki, torpağın ruzi-bərəkətini görürəm. Bu qiymətli sərvət heç kimin zəhmətini yerə vurmur, əvəzini birə-beş qaytarır. Mən də ailəmlə birlikdə mövsüm ərzində gecəni gündüzə qataraq torpaqda çalışır, müxtəlif əkinçilik məhsulları yetişdiririk. Təsərrüfat işlərinin qızğın vaxtı əlavə qüvvə də cəlb edərək aqrotexniki tədbirləri vaxtında yerinə yetirməyə çalışırıq. Bəlkə də, kiməsə inanılmaz gələr ki, torpaq, əkin canlı orqanizmdir. Onların tələbatı vaxtında ödənilməlidir.
    Müsahibimin üzündə təbəssüm görünür: – Yəqin, elə buna görədir ki, ötən illər ərzində də, cari ildə də istədiyimizə nail ola bilmişik.
    Onun sözlərinə görə, 15,7 hektar taxıl əkini sahəsində məhsuldarlığı 75 sentnerə çatdırıb. 30 hektar sahədə kartof, 12 hektar sahədə soğan, 10 hektar sahədə qarğıdalı yetişdirib. Nümunəvi fermer təsərrüfatı qurmağa nail olmuş Yaqub Tağıyev son illərdə muxtar respublikada torpaq mülkiyyətçilərinə, fermerlərə, sahibkarlıq subyektlərinə göstərilən qayğıdan bəhs edərək deyir ki, bu il “Naxçıvanbank”dan 120 min manat kredit götürüb, qısa zamanda həmin vəsaiti qaytaracaq. Onu da öyrənirik ki, onun da öhdəsində bir neçə kənd təsərrüfatı texnikası var. Ona görə də texnika üçün başqalarına müraciət etmir, əksinə, öz təsərrüfatçı dostlarına da kömək əlini uzadır. 
    Bölgədə taxılçılıqda yaxşı təcrübə qazanmış ailə təsərrüfatlarından biri də Xalidə Quliyevaya məxsusdur. O, cari ildə 57 hektar sahədə taxıl əkib-becərib. Məhsuldarlığı 35,1 sentnerə çatdırıb. Qeyd edək ki, o əkini Mahmudkənd inzibati ərazi dairəsinin tərkibindəki Bəhruz Kəngərli kəndində aparıb. Torpaq mülkiyyətçisinin sözlərinə görə, bu sahə uzun illər baxımsız qalıb, əkilib-becərilməyib. Bu təşəbbüsü göstərən ailə təsərrüfatına dəstək olanlara minnətdarlığını bildirən Xalidə Quliyeva gələcəkdə taxıl əkini sahəsini bir qədər də genişləndirmək barədə düşünür. Deyir ki, yaradılan imkanlardan istifadə edən hər bir kəs öz yaşayış səviyyəsini yüksəldə, ölkəmizin iqtisadiyyatının gücləndirilməsinə töhfəsini verə bilər. 
    Hörmətli oxucu! Şərur rayonunda belə torpaq mülkiyyətçiləri çoxdur və onların hamısı haqqında bir qəzet yazısında bəhs etmək mümkün deyil. Ancaq onu vurğulamaq istərdim ki, həmsöhbət olduğum torpaq mülkiyyətçilərinin hər biri ölkə başçısının “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 2023-cü il 5 iyun tarixli Sərəncamının digər sahələrlə yanaşı, taxılçılığın inkişafına da stimul olduğuna, gələcəkdə daha böyük uğurlar qazanılacağına əminliklərini ifadə edərək göstərilən qayğıya görə minnətdarlıqlarını dilə gətirdi.
    Biz də torpağa ən halal qazanc mənbəyi kimi baxan muxtar respublikanın bütün torpaq mülkiyyətçilərinə daha böyük nailiyyətlərə sahib olmağı arzulayırıq.

Muxtar MƏMMƏDOV

Nəşr edilib : 21.08.2023 19:44