AZ EN RU

Öz nağılını yazan qəhrəman

    Quliyev İlkin Rəfail oğlunun valideynləri Ordubad rayonundandır. Özü isə 15 aprel 2002-ci ildə Moskva şəhərində anadan olmuşdu. 2008-ci ildə ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüş, Sabunçu rayonunun Bakıxanov qəsəbəsində fəaliyyət göstərən 310 saylı tam orta məktəbdə təhsil almışdı. Onu yaxından tanıyanlar deyirlər ki,  İlkin uşaqlıqda həm sakit, həm də çox ağıllı uşaq idi. Ondan həm müəllimləri, həm də yaxınları razı qalırdılar. İdmana böyük marağı var idi. Məktəbdə, həmçinin məktəbdənkənar idman yarışlarında fəal iştirak edirdi. 
    Orta təhsilini başa vuran İlkin 2019-cu ildə Qərbi Kaspi Universitetinin eyniadlı Kollecinə, Marketinq ixtisasına qəbul olmuşdu. O, ikiillik kollecin yalnız bir ilini oxuya bilir, təhsilini yarımçıq qoyaraq 2020-ci ilin aprel ayında hərbi xidmətə yollanır. İlkin cəmi altı ay əsgərlik edir. Bu altı ay ərzində əsgərlik həyatı ona çox şeylər öyrədir. Komandirlərinin əmrlərinə can-başla əməl edir, hərbi nizam-intizama tabe olmaqla bir əsgər kimi üzərinə düşən tapşırıqları vaxtlı-vaxtında yerinə yetirir. Ancaq ürəyi ön cəbhədə olan İlkinin arzusu yerinə yetir: öz istəyi ilə arxa cəbhədən ön cəbhəyə göndərilir. Ancaq ön cəbhədə olduğunu gizlədir. Xocavənd, Cəbrayıl və Füzuli uğrunda gedən döyüşlərdə iştirak edir. Bir sıra yüksəkliklərin alınmasında fəallıq göstərir. İnanır ki, xalqımızın haqq işi qalib gələcək. Öz qoçaqlığı, döyüş qanunlarına əməl etməsi ilə yoldaşlarının və komandirlərinin hörmətini qazanır. Geri alınan  hər bir yaşayış məntəqəmiz onu daha da ruhlandırır. Qəlbində düşmənə nifrət hissi yanan İlkin inanır ki, 30 ilə yaxın bir müddətdə işğal altında qalan torpaqlarımız geri alınacaq, soydaşlarımız öz doğma dədə-baba yurdlarına qayıdacaq. Ordumuzun günü-gündən güclənən əks-hücum əməliyyatı onda olan bu qənaəti getdikcə daha da gücləndirir.  
    8 oktyabr 2020-ci ildə ağır yaralanır və yaralandığı zaman əlcəklərini çıxarıb əsgər yoldaşına əmanət edərək deyir ki, həmin əmanəti atasına çatdırsın. İlkin hərbi hospitala gətirilsə də, onun həyatını xilas etmək mümkün olmur. 10 oktyabr 2020-ci ildə şəhadətə yüksəlir. Bu igid Vətən övladı Sabunçu rayonundakı Şəhidlər xiyabanında dəfn olunur. 
    44 günlük Vətən müharibəsində canından keçən İlkin Quliyevin dediyi “Nağıl yazıram” kəlməsi unudulmaz olaraq qalacaq bizə. 2020-ci il sentyabrın 27-dən Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən İlkin Quliyev ölümündən sonra “Vətən uğrunda”, 2020-ci il 25 dekabr tarixli Sərəncamına əsasən “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. 
       İlkin, dediyin kimi də oldu. Sən özünün nağılını yazdın. Unudulmaz olaraq qalacaqsan qəlblərimizdə və heç bir zaman unudulmayacaqsan. 

Fəxriyyə ALLAHVERDİYEVA 
Naxçıvan Musiqi Kollecinin III kurs tələbəsi

Nəşr edilib : 19.07.2023 19:23