AZ EN RU

Öz canını anasına, xalqına, millətinə qurban verib

Ruzi Əliağa oğlu İbrahimov

23.02.1983 – 07.11.2020

    Ruzi sakit, qapalı, həm də məsuliyyətli bir övlad idi. Heç kimlə işi olmazdı. Balaca vaxtı atasını itirdi. Bu itki mənə də, övladlarıma da çox ağır oldu. Ən çox Ruziyə təsir etmişdi bu itki, heç cür özünə gələ bilmirdi.

    Mənim üçün ən yaddaqalan, heç vaxt yadımdan çıxmayacaq xatirələrindən birini danışım. Atasını itirəndən illər sonra idi. Bir gün işdən gəldim ki, həyətdə velosiped var. Fikirləşdim ki, bu haradandır, axı bizim onu alacaq gücümüz yoxdur. O zaman bizim dörd qoyunumuz var idi. Demə, Ruzi qoyunun birini aparıb velosipedlə dəyişib. Dedim ki, Ruzi, bu nədir? Dedi ki, ana bir qoyun verdim, kənddən aldım. Mən də hirsləndim. Dedim ki, oğul, biz günlük çörəyimizi zorla qazanırıq. Sən qoyunu verib velosiped alırsan. Sonra velosipedi sahibinə verib qoyunu gətirdim. Kasıbçılıq idi, neyləyərdim? Amma özümü bağışlaya bilmirəm. Çünki Ruzinin arzusunu gözündə qoydum. Bu hadisədən sonra Ruzi daha da məsuliyyətli oldu. Məndən də velosipedə görə incimədi.
    Hər gün işə gedəndə məni öpməmiş evdən çıxmazdı. Elə deyirdi ki, ana, çox əziyyət çəkmisən. Səni özüm saxlayacağam. Sən bizim yolumuzda saçlarını ağartmısan. 
    Ruzi şəhid olanda mən Bakıda idim. Bilmirdim ki, Ruzi müharibəyə gedib. Tez-tez mənə zəng edirdi. Deyirdi, xəstəlik var, qonşuya getmə, bayıra çıxma. Ruzi oktyabrın 11-i gedib müharibəyə. Oktyabrın 28-i mənə zəng vurdu. Dedi, ana, necəsən, neyləyirsən? Dedim, ay Ruzi, qalmışam Bakıda. Evə gedə bilmirəm. Dedi ki, ana təyyarə yoxdu, bizi bu gün, bəlkə, Ordubada apardılar. Birdən zəng vurmasam, nigaran qalma ha, haqqını da halal elə. Dedim, Ruzi, o nə sözdü? Dedi, anam, olar da. Ruzi noyabrın 11-i şəhid olub. Bakıdan qayıdanda gördüm evə o qədər adam gəlir-gedir ki. Fikirləşdim ki, yəqin, məni görməyə gəlirlər. Ağlıma da gəlmir ki, balam şəhid olub. Öz canını anasına, xalqına, millətinə qurban verib!

Nəşr edilib : 01.03.2024 15:06