AZ EN RU

Oxuyaraq yetişmiş bir cəmiyyət uğurlu və güclü olacaq…

    Müasir qloballaşma əsrində Azərbaycanda milli tərəqqinin yeganə yolu elm və təhsilin, yeni biliklərin, intellektual əməyin inkişafından keçir. “Elmlə gedilməyən yolun sonu qaranlıqdır”, – deyib aqillər. Bu qaranlığı aydınladan bir yol var – məktəb yolu! Bir ölkənin inkişafı, ayaqda durması həm də onun təhsil sisteminin inkişafı ilə bağlıdır. Çünki oxuyaraq yetişmiş bir cəmiyyət uğurlu və güclü olacaq. Bu baxımdan məktəb bütün zamanlarda insanların yaxşı vətəndaş kimi yetişməsinə xidmət göstərən bir müəssisə olub. Məktəb bizə yaşam tərzimizi tənzimləmək üçün ən vacib bilgiləri verən, bacarıq aşılayan, gözəl davranmağı, ailəmizi, dövlətimizi və Vətənimizi sevməyi, paylaşmağı, yaxşını pisdən, xeyri şərdən, həqiqəti yalandan ayırmağı öyrədən ən müqəddəs ocaqdır. 

    Ona görə də qürurluyuq ki, muxtar respublikamızda da təhsilə qayğı ən yüksək səviyyədədir. Bu sahədə həyata keçirilən hər bir islahat, baş verən hər bir hadisə, ilk növbədə, qədim diyarımızın xoşbəxt gələcəyinə hesablanıbdır. Təhsilin inkişafı ilə bağlı qarşıya qoyulmuş hədəflərdən biri yeni məktəb binalarının tikintisi, mövcud məktəblər üçün əlavə korpusların inşası, onların əsaslı təmiri, müasir avadanlıqla təminatı, istilik sisteminin, ümumilikdə, infrastrukturun yenilənməsidir. Belə ünvanlardan biri də bu yaxınlarda əsaslı təmirdən sonra istifadəyə verilən Şərur rayonundakı Alışar kənd tam orta məktəbidir. 
    Məktəbin direktoru Səlimə Rzayeva pedaqoji kollektivə göstərilən belə qayğı üçün minnətdarlığını bildirərək deyir ki, təhsil ocağının binası müasir tədris şəraitinə və yüksək maddi-texniki bazaya malikdir. Burada dərslərin yeni təlim üsulları ilə tədrisi üçün lazım olan bütün avadanlıqlar quraşdırılıb. 342 şagird yerlik ikimərtəbəli tam orta məktəbdə 140 şagird təhsil alır. Burada 19 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, şahmat sinfi, direktor, direktor müavini, kompüter, psixoloq və müəllimlər otaqları, hərbi kabinə, STEAM kabinəsi, kitabxana, qarderob və idman zalı müəllim və şagirdlərin ixtiyarına verilib. Məktəbin kitabxana fondunda dərslik və bədii ədəbiyyatlardan ibarət 3225 kitab vardır. Kompüter otaqlarında isə 22 kompüter, 4 elektron lövhə quraşdırılaraq internetə qoşulub. “Məktəbdə daxili nizam-intizam qaydaları möhkəm qorunur, dərsə davamiyyət hər zaman yüksəkdir”, – deyən məktəb direktoru onu da diqqətimizə çatdırır ki, pedaqoji heyət hazırlıqlı, daim öz üzərlərində çalışaraq bilik səviyyələrini artıran müəllimlərdən ibarətdir. Belə bir şəraitdə səmərəli fəaliyyət göstərmək isə hər bir kəsin vəzifə borcudur. Bunu dərk edən pedaqoji kollektiv də gələcəyimiz olan gənc nəsli Vətənə, torpağa məhəbbət, xalqa, adət-ənənələrə sədaqət ruhunda tərbiyə edir, şagirdlərin təhsilə, elmə marağının artırılması, geniş dünyagörüşə malik olması, vətənpərvər ruhda böyüməsi istiqamətində işlər görür. Bir sözlə, məktəbimizdə qarşıya qoyulan məqsəd və hədəflərə çatmaq üçün bütün lazımi işlər həyata keçirilir. Əminik ki, özünün ənənələri ilə tanınan məktəbimizdə bundan sonra da daim uğur əldə ediləcək. 
    Məktəbdə Azərbaycan dili və ədəbiyyatı fənnini tədris edən, 2015-ci ildə “İlin müəllimi” adına layiq görülmüş Vüsalə Ağayevanın söhbəti də maraqlıdır: – Məktəbizimin açılışı zamanı böyük qürur hissi keçirdik. Binanın hər tərəfi gül-çiçəklə bəzədilib. Yaradılan gözəl şərait müəllimlərin məsuliyyət hissini daha da artırıb, onların şagirdlərin yetkin şəxsiyyət kimi, vətənpərvər ruhda formalaşdırmaq amalını daha da gücləndirib. Hər bir təhsil müəssisəsinin qarşısında duran başlıca vəzifə şagirdləri hərtərəfli şəxsiyyət kimi yetişdirmək və ümumi göstəricilərdə yüksək nailiyyətləri davam etdirməkdən ibarətdir. Müəllimlərin səmərəli fəaliyyət göstərməsindən ötrü bütün imkanlar səfərbər olunur. Bu gün məktəblilərin təlim-tərbiyəsi və onların şəxsiyyət kimi həyata hazırlanmasında fədakarlıqla çalışan, öz fənnini dərs dediyi şagirdlərə sevdirən müəllimlərimiz çoxdur. Onu da qeyd edim ki, biz müəllimlərin əsas məqsədi ondan ibarətdir ki, şagirdlərimizi yaradıcı düşünməyə, tədqiqatçılığa istiqamətləndirərək onlarda öz potensial imkanlarına inam yaratmaqdır. Belə gözəl bir şərait yaratdığı üçün dövlətimizə minnətdarlığımızı bildiririk.
    Onu da qeyd edək ki, kənddə müasir məktəb binası ilə yanaşı, yeni avtomobil yolu da istifadəyə verilib. Burada 900 metr əsas, 6180 metr kənddaxili yollara asfalt örtük salınıb, 3700 metr kənddaxili yollara qum-çınqıl qatı verilib, 12 metal boru su keçidi qoyulub, 994 metr beton su kanalı çəkilib, 1 körpü tikilib. Kənd ağsaqqalı Vaqif İsmayılov deyir ki, bu gün Alışar kəndinə baxanda sanki bir qəsəbə, bir şəhər görürsən. Keçmiş palçıqlı yollar, his basmış siniflər, az qala, adamın başına düşən elektrik xətləri indi yoxdur. Onların yerində asfalt yol, ən müasir standartlara cavab verən məktəb, dövlətimizin diqqət və qayğısı ilə abadlaşan Alışar kəndi var. Bir sözlə, Alışarda aparılan quruculuq işləri, yaradılan şərait ölkəmizdə ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyasının yeni müstəvidə uğurla davam etdirilməsinin nəticəsidir. Fəxrlə deyə bilərəm ki, qədim tarixə malik olan bu kəndin müasir görkəmi hər birimizdə sabaha inam hissi doğurur. İndi buraya üz tutan qonaqlar da kəndin dünəni ilə bu gününü müqayisə edir, qısa zamanda böyük fərqlərin yarandığını söyləyirlər. Müsahibimiz yeni istifadəyə verilmiş obyektlərlə bağlı sevincini bizimlə bölüşür və görülən işlərin kənd sakinləri tərəfindən razılıqla qarşılandığını bildirir.
    Ulu öndər Heydər Əliyev deyirdi: “Təhsil həyatımızın ən gərəkli, ən mühüm sahəsidir. O milli məqsədlər, mənafelər əsasında qurulmalıdır”. Muxtar respublikamızda da bu tendesiya əsas götürülür ki, təhsil əhalinin həyat səviyyəsinin yüksəldilməsinin, insanın inkişaf indeksinin mühüm amillərindən biri olmaqla sosial-iqtisadi inkişafın sürətlənməsinə hərtərəfli təsir göstərir. Bu gün Naxçıvanın hər hansı bir ucqar kənd məktəbində belə sürətli internet çıxışı olmayan məktəb təsəvvür etmək mümkünsüzdür. Bu gün ümumtəhsil məktəblərində yaradılan şərait, təhsil işçilərinə göstərilən hərtərəfli dövlət qayğısı, bir sözlə, muxtar respublikada insan kapitalına böyük önəm verilməsi hər bir valideyndə övladının yaxşı təhsil alacağına, onun gələcəyinin etibarlı əllərdə olduğuna əminlik yaradır. 

 Aytac CƏFƏRLİ

Nəşr edilib : 15.12.2022 19:48