AZ EN RU

Oxucularla görüşdən bir gün əvvəl hisslərini “Şərq qapısı” qəzeti ilə bölüşən növbəti qonağımız yazıçı, şair-publisist Aqşin Yenisey oldu

Oxucularla görüşdən bir gün əvvəl hisslərini “Şərq qapısı” qəzeti ilə bölüşən növbəti qonağımız  yazıçı, şair-publisist Aqşin Yenisey oldu:
-Bu mənim Naxçıvana ilk səfərimdir, bundan əvvəl Naxçıvana səfər etməmişdim. Buraya yenicə gəlib çatmağımıza baxmayaraq gözəl əhval-ruhiyyə o dəqiqə hiss olunur. Naxçıvan bölgəsindən mənim əsərlərim və aktual məsələlər üçün bildirdiyim fikirlər  barədə sosial şəbəkələrdən çoxlu müsbət ruhlu  mesajlarda insanlar öz fikirlərini bildirir. Bu çox sevindirici haldır. Bu sərgidə mənim kitablarım arasında “Tarix və tale” olmasına baxmayaraq, həm də buraya toplaşanlar mənim şeirlərimin sevimli oxucularıdır. Bu şeirlərimdən biri də dillərdə əzbər olan və sözlərinə musiqi bəstələnən “Sənə məktub yazıram” şeiridir. Bu şeirin yazılma tarixçəsindən danışsaq, bu şeir əslində böyük ədəbiyyat naminə yazılmış şeirlərdən deyil. Bu şeiri mən əslində bir dostuma yazmışdım və həmin vaxt da mesaj şəklində dostuma yollamışdım. Sən demə ona hər dəfə yolladığım bu bənd-bənd şeirləri o, öz kompüterinin yaddaşında saxlayırmış. Günlərin bir günü gördüm ki, bu yığdığı şeirləri çap etdirib. Bu şeirin sevilməyində məndən çox bunu yığıb saxlayan dostumun daha böyük rolu var. 
Burada kitablarımın əksəriyyəti yoxdur. Bunun səbəbi isə kitabların nəşriyyatlar tərəfindən 1500-2000 tirajla nəşr olunmasıdır. Bu tirajlarda çap olunan kitablar da təbii haldır ki, Naxçıvan və digər regionlara çatmadan paytaxt Bakıda satılıb qurtarır. Ona görə də nəşriyyatlar özləri maraqlı olmalıdır ki, bu tirajların sayın artıraraq, kitabların ikinci, üçüncü nəşrlərini də çap edərək, oxucuların ixtiyarına versinlər. Biz də bu 1500 kitabla kifayətlənməyə çalışırıq. Kitabın müəllifi mən olsam da kitabın nəşrində mənim ixtiyarım artıq olmur. Bu vəzifə artıq nəşriyyat evlərinin üzərinə düşür. Bu problem tək mənim kitablarım üçün deyil, başqa müəlliflər üçün də keçərlidir. 
Şeirlərim və əsərlərimdən əlavə söylədiyim fikirlərə görə də Naxçıvan sakinlərindən dəstəkverici fikirlər alıram. Mənə çox xoş oldu ki, Naxçıvana ilk dəfə gəlməyimə baxmayaraq bu cür sevgi və rəğbətlə qarşılaşıram...

Nəşr edilib : 10.05.2024 15:31