AZ EN RU

“Oxucu nə istəyir” mövzusunda tədbir keçirilib

Bu gün Adil Babayev adına Naxçıvan Muxtar Respublikası Uşaq Kitabxanasında “Oxucu nə istəyir” mövzusunda tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyi üzvləri və oxucuların iştirakı ilə keçirilən tədbiri kitabxananın direktoru Ruzi Süleymanov açıb.

Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Asim Yadigar çıxış edərək belə tədbirlərin gənclərin mənəvi tərbiyəsində, gənclərin bədii ədəbiyyata marağının artırılmasında, şairlərlə oxucuların ünsiyyətinin daha da sıxlaşmasında əhəmiyyətli olacağını qeyd edib.

Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin üzvləri Ramiz Babayev, Zeyqəm Vüqar, Almməmməd Eldaroğlu və başqaları çıxışlar edərək mütaliə mədəniyyətinin formalaşdırılmasında kitabxanaların mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər. Vurğulanıb ki, insanı kamilləşdirən, yüksək məqamlara çatdıran, digər varlıqlardan üstün edən onun zəkasıdır. Mütaliə isə ruhun mənəvi qidasıdır Zəkanın fəziləti isə elmdə, elm isə kitablardadır. İnsan oxuyursa, deməli həm də düşünür. Düşünmək isə var olmaqdır. Bu fikri ümumiləşdirdikdə, deməli, insanın özünü və dünyanı dərk etməsi üçün onun oxuması vacibdir.

Sonda şagirdlərin maraqlı fikirləri dinlənilib və suallarına cavab verilib.

                                                   Hüseyn ƏSGƏROV

Nəşr edilib : 29.11.2023 17:17