AZ EN RU

Ovuc-ovuc torpaq qaytarıb, zərrə-zərrə Vətəni bütövləşdirən oğullar

    Nər igidlər düşmən üzərinə gedən zaman babalar da baş qaldırdı torpaq altdan qaya kimi. Torpağın taleyində igidlərin yaşaması dağ olmaqla mümkünləşdi. Bu basılmaz ərənlər, bu qaya sərkərdələr daş olub düşmənin başına yağdı. Min qoldan güc alan bir ağıl gücü zülmətdən aydınlığa aydın yol oldu, qol ağıl oldu, ağıl qol oldu. Mübariz harayının nidalarında, Poladlaşan biləklər yeri titrətdi, göyü əsdirdi.
    Torpaq! Hər kəsdən çox əsgər üçün əmanətdir bu qiymətli sərvət. Çiçək olur döşündə, sancaq olur yaxasında, qol verir boynunu qucaqlamağa, göyünə baxmağa göz verir bəzən. Bəzən qayalara yapışıb qalır, bəzən mamırlara dönüb göyərir, bəzənsə ikinci həyat olur Vətən torpağına.

    Yağış kimi yağdırılan mərmilərə məğrurcasına sinə gərərək düşməni məhv edib son anda torpağa gömülməsi onu əsgərə dost, qardaş və ana edir. O isə Vətən həsrətini əbədi olaraq torpağın lal sükutuna boşaldaraq vurulduğu yerdə yuxuya gedir.
    İndi qapı döyürəm – ürək qapısı. Seldən qopan, yeldən qopan, oddan yapışan ürək qapısı. Durub yeri öpüb, daşı qucub, doğruya qan, şərə qalxan olub, səs verirəm Vətənimin səsinə!    
    Ah torpaq, torpaq, torpaq! Canımızdan can qoparıb əmanətinə sahib çıxan torpaq. Ölüm haqdır, ona hər kəs qovuşar, amma hər kəs  haqq üçün dirilməz. Şəhidlik qəhrəmanın ölümü deyil, ölümün qəhrəmanlığıdır. Ey şəhid qardaşlarım, siz varsınız, siz sağsınız, siz gedər-gəlməzin çarxın döndərən, öz qanınızla yandırdığınız çırağa hələ də işıq olmaqda davam edənsiniz...İndi göylərdə sizsiz Günəş olub  haqq saçan, sizsiz bəyaz buludlara bürünərək günahsızlaşan, saflaşan…Rahat, səssiz uyuyan. Ovuc-ovuc torpaq gətirib, zərrə-zərrə qanınızdan Vətən yaradan siz deyilsinizmi?! “Ölüm-ölüm” deyə səs salan, “həyat-həyat” deyə sipər olan, torpaq üçün  “nəfəs olan’’ ey şəhid qardaşlarım! İndi yaşayan, yeni dünya quran, ayaq basdığımız torpaqlara kök salıb həyat olan sizsiniz. Sizsiniz öz içinə töküləcək hər daşın qanı. Sizsiniz dikələnə dirək olan, aşana çiyin. Biz gördük, ey şəhid qardaşlarım, canınızdan keçib torpağa can olmağınızı, zəfər cənglərini, əbədiyyət uğurlarını, torpağın əmanət müjdəçilərini... Sizsiniz öz bağınıza keşik çəkib bağban olan, torpağı qərənfillə, lalə ilə allandıran Vətən oğulları, qeyrət simvolları. İndi şərəf, namus deyə yetişdirən torpaq sizi qoynuna alıb, yenidən cücərdir, hər gün eyni ruhda doğulan oğullar ‘“sönməyən məşəl’’ yaradıb verir bu yurda...Bir dəfə can verib, ancaq daim yaşayan, ey şəhid qardaşlarım, gözləyənlərim, səsləyənlərim...    

    Mən, əzəldən bəridir, hürr yaşadım, hürr yaşayaram,
    Hansı çılğın mənə zəncir vuracaqmış? Şaşaram!
    Kükrəmiş sel kimiyəm, bəndimi çeynər, aşaram,
    Yırtaram dağları, ənginlərə sığmam, daşaram!
    Qərbin afaqını sarmışsa, çəlik zirehli divar,
    Mənim iman dolu köksüm kimi sərhədim var. 
    Ulusan, qorxma! Necə böylə bir imanı boğar
    “Mədəniyyət” dediyin tək dişi qalmış canavar?!
    Arxadaş, yurduma alçaqları uğratma, saqın,
    Sipər et gövdəni, dursun bu həyasızca axın!
    Doğacaqdır sənə vəd etdiyi günlər Haqqın,
    Kim bilir, bəlkə, yarın, bəlkə, yarından da yaxın!

    Əsrlərdir, bu torpaq intiqam üçün şərəf, namus, ləyaqət yetişdirib əlinə cəsarət silahını verdi Qarabağ üçün. Köksünə sancılan oxla ayaqda qalan, uğrunda tökülən qanla qidalanan, dillərdə  bir əfsanəyə dönən Qarabağ yaşayır artıq! Bağrı yansa da, çatlasa da, bir az daha dayandı, bir az daha dözdü!.. Başladı çal-çağırlı, Azərbaycanlı  günləri, qara taleyinin  ağ günlərə büründüyü günləri, minlərlə ölən günahsız insanların qanı ilə ağarıb, ağ günə çıxdığı günləri!!!
    Qan varsa, şəhid varsa, deməli, zəfəriniz qaçılmazdır! Bizim olanı qaytarıb, o həsrəti vüsala çevirdiniz. Torpaqlarımızda azğınlaşan, at oynadan haram əlləri kəsib, torpaqlarımızı “məhbəsdən azadlığa buraxdız”; elə həmin gün həsrətlə gözləyən xarıbülbül əsarətdən qurtulub, Azərbaycan üçün cəsarət rəmzi oldu və  yenidən xarıbülbül qucaq açdı öz bülbülünə... İllər ərzində neçə dəfə saralsa da solmadığından, ləçəklərini necə duaya dönüşdürdüyündən, bitdiyi yerə bağlılığından, Qarabağından danışdı. Siz isə onun bitdiyi yeri hər gün qanınızla necə suvardığınızdan danışdınız. Bitən bu illərin yığılmışı, qalmışı. Ağdam, Ağdərə, Cəbrayıl, əl-ələ verdi, sonra Şuşada, Laçında, Zəngilanda  uğrumuzda canlarından keçən şəhidlərimizin ölməzlik heykəli ucaldı, elə həmin gün haqqın səsi  dünyaya səs saldı. Polad polad kimi bərkiyib, əl-ələ verdi Mübarizlə. Düzüldü arxasınca torpağa can verənlər. Dillər himn olub oxudu:

        Minlərlə can qurban olsa da,
        Sinəmiz hərb meydanı olsa da.
        Sən hər zaman
        Üçrəngli bayrağınla məsud yaşadın,Vətən!..

    Xan gəldi,  quruldu taxt-büsat, oxundu Qarabağın şikəstəsi, elə həmin gün bu torpaq Xanı, Bülbülü, Rəşidi yenidən dünyaya gətirdi. Musiqilər, mahnılar ətək-ətək sinəsinə yara vurulan dağları, daşları sağaltdı. Quşlar da qıy vurdu, “Azadlıq, azadlıq!’’ deyə-deyə. Natəvanın misraları simləri qırılmış, yasa batmış tar-kamanı diriltdi, toya çağırdı. Vətən bayram gördü. Şuşada zaman ananı balaya, övladı ataya, ən əsası da, torpağı torpağa qovuşdurdu. Daha torpaq eşitməyəcək mərmi səsi, güllə səsi, lalədən, qərənfildən qan damlamayacaq, daha adları ilə deyil, Vətən uğrunda axıtdıqları qanla tanınacaqlar əsgərlər. Ölən arzular, ölən xəyallar anaların illərlə yığılıb qalan yaşlı gözlərindən dirilib baş qaldırdı. Göz yaşları parladı həmin an...közərdi ümidsizliklər azad olunmuş torpaqlarda...Elə həmin gün Günəşin heç batmayacağı gün oldu, Günəşin haqqa doğduğu gün Günəşin  ölməzliyi – haqqı saçdığı gün... Daha işıqlı, aydın günlərə qovuşdu. 
    Sizi qoynuna alan yumruq boyda torpağınız varsa, siz ölməzsiniz.Tarix yaşadıqca siz yaşayacaq, bu Vətənin hər qayasında qeyrət, hər daşında ər olacaqsınız...Bu yurdda yeni bədənlərdə eyni ruhdan doğulanlar olub, dolaşacaq...Vətən olub vətənləşən, qan olub bayraqları bayraq edən, mavi səmalara yüksələn, Azərbaycan deyə hökm edən bayraq olacaq. Siz heç zaman ölməyərək, “Bayraqları bayraq edən üstündəki qan, torpaq uğrunda ölən Vətən olacaqsınız!”
    Füzulidən Murovdağa, Hadrutdan Kəlbəcərə, Laçından Şuşaya, Kəlbəcərdən Zəngilana şanlı tariximizi qanlarıyla torpağa yazaraq bizlərə əmanət edən din, dövlət, mülki-millət, istiqlal və istiqbalımız üçün canlarını fəda edən, ürəklərini sipər edən Odlar yurdunun qəhrəman şəhidləri, siz ölməzsiniz, siz əbədisiniz. 
    Ey mavi göylərin bəyaz süsü, qız bacımın gəlinliyi, şəhidimin son örtüyü. Dalğalanan ay-ulduzlu bayrağım, sənin dastanını oxudum, sənin dastanını yazıram. Dalğalandığın yerdə nə qorxu, nə kədər var. Sabah olmasa, Günəş doğmasa belə kölgəsinə sığındığımız ay-ulduzlu and yerim.
    İndi birlik zamanıdır! Ruhunuzu candan qoparan mərmilərin caynaqlarında, hər gün üçrəngli bayrağa sarılıb, saçlarının bəyazında, üzlərinin qırışında böyüyən candaşlarınızın otuzillik həsrətinə qovuşduğu zamandır. Bu uğurda öz canlarından keçən candaşlarımız Vətən həsrətini özləriylə ürəyində, gözlərində haqq dünyaya apardı. Qanınızın son damlasını axıtdığınız o torpaqda artıq azan səsi eşidildi, qələm əlimizdə partladı, cümlələr dil açdı yazımızda söz-söz. Artıq hiss edə bilirik o ağrının içindəki duyğunu! Sərhəddən keçən mərmiyə göz yummadığınız üçün gözümüzdə Vətən böyüyüb dağ oldu. Artıq bu dağın zirvəsində Qarabağ şikəstəsi oxunur, Müşfiqin tarı çalınır! Çalınır ki,  namərdin cansız canlısına sinəsini sipər edən şəhidlərim rahat uyusun. Səngəri evi olan, namərdin cansız canlısına sinəsini sipər edən, ovuc-ovuc torpaq gətirib, zərrə-zərrə Vətən yaradanlar!!!

Fariz Əhmədov 
Naxçıvan Dövlət Universiteti Elmi kitabxanasının direktoru 

Nəşr edilib : 04.11.2022 21:44