AZ EN RU

Övladlarımızı milli dəyərlər ruhunda böyüdək

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə bağlı “Təbliğat-100” layihəsi, “18 İyun Azərbaycanda İnsan Hüquqları Günü” ilə əlaqədar “İnsan hüquqları aylığı” çərçivəsində “Qız övladlarını milli dəyərlərə bağlı böyüdək” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.
13 iyun 2024-cü il tarixdə Kəngərli rayonunun Təzəkənd kəndində təşkil olunan tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  
Kəngərli Rayon İcra Hakimiyyətinin əməkdaşı Kənan Məmmədov tədbirin əhəmiyyətindən danışaraq qeyd edib ki, dövlətimiz tərəfindən həyata keçirilən bütün tədbirlər gələcəyimiz olan uşaqların təhsilli, dünyagörüşlü, sağlam və vətənə layiq vətəndaş kimi yetişməsinə xidmət edir.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmmədova bildirib ki, cəmiyyətin və dövlətin formalaşması və inkişafında ailə mühüm vasitədir. Ölkəmizdə ailə dəyərlərinin qorunması, qızların təhsilinə önəm verilməsi, onlar üçün əlverişli şəraitin yaradılması, məşğulluq, sağlamlıq, təhsil, sosial və digər sahələrdə gender bərabərliyinin inkişaf etdirilməsi istiqamətində görülən işlər ailə, qadın və uşaq siyasətinin uğurla həyata keçirildiyinin göstəricisidir. 
Komitənin aparıcı məsləhətçisi Zərnigar Orucəliyeva təqdimatla çıxış edərək ailədə valideyn-övlad münasibətlərindən, qız övladlarının təhsilinin və milli-mənəvi dəyərlər əsasında tərbiyəsinin təşkil olunmasından, qızlarımızın erkən nikahdan qorunmasından danışıb. Qeyd olunub ki, övladlarını, xüsusilə də qız uşaqlarını milli adət-ənənələrimiz əsasında əsl vətəndaş kimi böyüdən ailələrimiz xalqımızın milli sərvəti hesab olunur.
Ümumilikdə 40 nəfərin yararlandığı tədbirin sonunda müvafiq mövzuda yazılı sorğu keçirilib və broşürlar paylanılıb. 


Naxçıvan Muxtar Respublikası 
Ailə, Qadın və Uşaq Problemləri üzrə 
Dövlət Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 13.06.2024 19:53