AZ EN RU

Otuzikiillik sarsılmaz diplomatiya, dostluq və tərəfdaşlıq: Azərbaycan-Çin

Azərbaycan və Çin. Bu iki ölkə bir-birindən coğrafi baxımından nə qədər aralı düşsə də, mehriban dostluq və tərəfdaşlıq münasibətləri baxımından bir o qədər də yaxındırlar-desək, yanılmarıq. Ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasından ötən 32 illik qısa, eyni zamanda dərin mahiyyət kəsb edən yaxın keçmişə nəzər salmağımız yetərlidir ki, bu fikrimizin təsdiqini tapaq...

Bəli, hələ 1991-ci il dekabrın 27-də Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan ölkələrdən olan Çin bir neçə ay sonra, daha dəqiq desək, 1992-ci il aprel ayının 2-də ölkəmizlə diplomatik əlaqələr qurub. Bir-iki il ərzində hər iki ölkədə qarşılıqlı səfirliklər təsis olunub və zamanında atılan bu tarixi addımlar əlaqələrin sonrakı inkişafına təkan verib. Azərbaycan və Çin arasında ictimai-siyasi münasibətlərin formalaşmasında Ümummilli Liderimiz Heydər Əliyev böyük xidmətlər göstərib. 1994-cü il 7-10 mart tarixdə Ulu Öndər ölkə başçısı kimi Çində rəsmi səfərdə olub, Çin Xalq Respublikasının sədri Tszyan Tszemin, baş nazir Li Pen ilə rəsmi görüşlər keçirib. Səfər zamanı iki dövlət arasında əməkdaşlığın müxtəlif sahələr üzrə inkişafına hesablanmış 8 müqavilə imzalanıb. ÇXR sədri Tszyan Tszemin dahi şəxsiyyət Heydər Əliyevlə danışıqlar zamanı əlaqələri yüksək qiymətləndirərək deyib: “Çin Azərbaycanla münasibətlərin inkişaf etdirilməsinə böyük əhəmiyyət verir və bütün sahələrdə dostcasına əməkdaşlığın daha da genişləndirilməsi üçün onunla birlikdə səy göstərməyə hazırdır”.

Ümumiyyətlə, bu iki ölkəni birləşdirən ortaq cəhətlər çoxdur. Əgər tarixi vərəqləsək görərik ki, Çin xalqı da Azərbaycan xalqı kimi çətinliklərdən keçərək bugünkü gücə, nüfuza, rifaha qovuşub. Azərbaycan və Çin arasında əlaqələrdən, münasibətlərdən danışan zaman tarixi İpək yolunun rolunu da qeyd etməmək mümkünsüzdür. 2013-cü ildə Çin tərəfindən “Bir kəmər, bir yol” layihəsi irəli sürüldü ki, bu da bir növ sözügedən tarixi proyektin yaşadılması, ənənənin yenidən canlandırılması, həmin yoldan keçən ölkələr arasında iqtisadi əlaqələrin qurulmasına gətirib çıxartdı. Azərbaycan da, öz növbəsində, buna cavabsız qalmadı, “Bir kəmər, bir yol” layihəsinə verdiyi önəmi təkcə sözlə deyil, əməli fəaliyyətlə də göstərdi. 2015-ci ilin dekabrında Prezident cənab İlham Əliyevin Çinə səfəri zamanı ikitərəfli əməkdaşlıqda mühüm önəm daşıyan “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında İpək Yolu İqtisadi Kəmərinin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu”nun imzalanması bu istiqamətdə dəstəyin göstəricisinə çevrildi. 2017-ci ilin oktyabrında isə Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı ilə həmin layihəni əyani şəkildə təsdiqləmiş olan ölkəmizin bu mütərəqqi addımı Çin hökuməti tərəfindən yüksək dəyərləndirildi...

Ölkə başçısı cənab İlham Əliyevin  son 20 ildən artıq bir dövrdə apardığı uğurlu siyasət sayəsində Çinlə mehriban dostluq və tərəfdaşlıq əlaqələri özünün yeni mərhələsinə qədəm qoyub. Hər iki ölkə lideri səfərlər çərçivəsində, eləcə də müxtəlif beynəlxalq tədbirlərdə çıxışları zamanı dəfələrlə dost, tərəfdaşlıq mesajını ötürməkdə davam edirlər. Bu baxımdan Çin Xalq Respublikasının sədri Si Cinpinin cənab İlham Əliyevi Çinin böyük dostu adlandırması da olduqca təqdiredici məqam, önəmli amildir. Prezident cənab İlham Əliyev Çinlə əlaqələri nəqliyyat-logistika baxımından yüksək qiymətləndirərək deyib: “Azərbaycan Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü tam dəstəkləyir. Azərbaycan və Çin arasında nəqliyyat sahəsində əməkdaşlıq üçün çox yaxşı perspektivlər var”. Öz növbəsində, Çin Xalq Respublikasının sədri Si Cinpin Çin Xalq Respublikası və Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Prezident cənab İlham Əliyevə ünvanladığı məktubda bir daha Azərbaycanı dost ölkə adlandırıb: “Mən ikitərəfli münasibətlərin inkişafına böyük əhəmiyyət verirəm və Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə bildirirəm ki, Çin-Azərbaycan münasibətlərində, ölkələrimizin və xalqlarımızın rifahı naminə müxtəlif sahələrdə əməkdaşlıqda yeni uğurlara nail olmaq üçün Sizinlə birlikdə səy göstərməyə hazıram. Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Azərbaycana firavanlıq, tərəqqi, onun xalqına xoşbəxtlik və əmin-amanlıq arzu edirəm”.

Son 5 ildə dünyada baş verən xaosun, hərc-mərcliyin, soyuq müharibələrin fonunda Azərbaycan-Çin əlaqələri daha da yüksələn xətlə inkişaf edir, iqtisadi, ticari əlaqələr genişlənir. 2019-cu ilin aprelində Pekində keçirilən “Bir kəmər, bir yol” Beynəlxalq Forumunda iştirak edən Azərbaycan Prezidenti cənab İlham Əliyevin səfəri çərçivəsində iqtisadiyyat, sənaye, investisiya sahələrində birgə əməkdaşlığa xidmət edən 10 mühüm sənəd imzalanıb. Onların reallaşması ilə Azərbaycanla Çin arasında ticari-iqtisadi əməkdaşlığın genişlənmə arealı gün ötdükcə daha bariz şəkildə görünür. Nəqliyyat–logistika baxımından Azərbaycan-Çin tərəfdaşlığına mühüm töhfə olan “Bir kəmər, bir yol” layihəsi barədə söhbət düşmüşkən bu layihənin mühüm hissəsi olan Orta Dəhlizin infrastrukturunun inkişafına əhəmiyyətli investisiyalar yatırılmasını da qeyd etmək lazımdır. Əminliklə demək olar ki, bu xüsusda Orta Dəhliz Mərkəzi Asiya və Azərbaycandan keçməklə çox perspektivli bir layihəyə çevrilməkdədir...

Dünyanın ikinci ən güclü iqtisadiyyatına, ən böyük ümumi daxili məhsul istehsalına malik Çin ölkəmizlə ticarət əlaqələrini ilbəil böyüdür. Nümunə üçün deyək ki, əgər 2018-ci ildə Azərbaycanla Çinin xarici ticarət dövriyyəsi 1,3 milyard dollar idisə, 2023-cü ildə bu rəqəm 3,1 milyard dolları üstələyib. Bu da müvafiq surətdə 2018-ci illə müqayisədə 1,8 milyard dollar və ya 2,4 dəfə, 2022-ci ilin müvafiq göstəricisindən isə 1 milyard dollar və ya 44 faiz çox deməkdir. Belə yüksək dinamika Çini Azərbaycanın əsas ticarət tərəfdaşlarından birinə çevirib. Əgər 2018-ci ildə Çin Azərbaycanın 6-cı ticarət tərəfdaşı idisə, indi 4-cü iri ticarət tərəfdaşı sayılır. İqtisadi çəkinin yüksək templə artmasını, ticari dövriyyənin sürətlənməsini göstərən bu rəqəmlər, eyni zamanda ölkələrarası zamanla formalaşmış tarixi ənənəyə sadiqlikdən, bir-birlərinə inamdan, etibardan, dostluq və əməkdaşlığa verdikləri önəmdən xəbər verir. Onu da vurğulamaq yerinə düşər ki, Azərbaycan və Çin ticarətlə yanaşı, həm də istehsal sahəsində fəal əməkdaşlıq etməyə, infrastruktur tikintisi, energetika, kimya və yüngül sənaye, kənd təsərrüfatı, nəqliyyat, telekommunikasiya və digər sahələrdə əməkdaşlığın möhkəmləndirilməsində də səylərini artırırlar. Çinin dünyaca məşhur şirkətləri Azərbaycanda müxtəlif sahələrə investisiya yatırmaqda maraqlıdırlar. Ümumilikdə, bu günədək 300-ə yaxın Çin investisiyalı şirkət ölkəmizdə qeydiyyatdan keçərək ayrı-ayrı sahələrə yatırım etmək təşəbbüsləri ilə çıxış ediblər. Ötən ilin sonlarına olan məlumata görə, Çinin 1995-ci ildən indiyədək Azərbaycana yatırdığı birbaşa investisiyanın həcmi 920 milyon dollara çatıb. Azərbaycanın Çinə sərmayə qoyuluşu isə bundan, təqribən, 2 dəfə çoxdur... Bundan başqa, hərbi sahədə də əməkdaşlıqlar quran Azərbaycan və Çin dünyada sülhsevər ölkələr kimi tanınır, Yaxın Şərqdə baş verən müharibələrin dayandırılması üçün tez-tez sülh çağırışları ilə gündəmə gəlirlər. ABŞ-ın  Tayvanla bağlı çirkin planlarına qarşı Azərbaycan vahid Çin siyasətinə dəstəyini ifadə etməkdən çəkinmir, bu mənada, Çin lideri də dəfələrlə Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini açıq şəkildə bəyan edir... 

Pandemiya dönəmində Azərbaycana dost əlini uzadan Çin 44 günlük Vətən müharibəsindən sonra əməkdaşlıq əlaqələrini daha da gücləndirməkdə israrlıdır. İşğaldan azad olunmuş ərazilərdə reallaşdırılan infrastruktur layihələrin icrasında Çin şirkətləri də yer almağa çalışırlar. “Huawei” şirkəti artıq Qarabağ regionunda “ağıllı kənd” və “ağıllı şəhər” layihələrinin icrasına başlayıb. Bundan başqa, ölkə Prezidentinin dəfələrlə bəyan etdiyi bərpa olunan enerji mənbələrindən istifadə, “yaşıl enerji”yə keçid prosesində də bu super gücün sərmayədarları rol oynayırlar. Baxmayaraq ki, Azərbaycanın bu sahədə əsas investorları Birləşmiş Ərəb Əmirliklərindən “Masdar” və Səudiyyə Ərəbistanından “ACWA Power” şirkətləridir, ancaq bu təşəbbüsə digər ölkələrdən olan – BP, “Fortescue Future Industries”, “China Gezhouba Group Overseas Investment”, “Total Energies”, “Nobel Energy” və “A-Z Czech Engineering” şirkətləri də ümumi gücü 28 qiqavatdan çox layihələrə dair əməkdaşlıq sənədləri imzalamaqla qoşulublar. “ACWA Power” şirkətinin “yaşıl enerji” ilə bağlı Azərbaycanda qurduğu stansiyanın texniki təminatının Çin şirkətləri tərəfindən həyata keçirilməsi Azərbaycan-Çin əməkdaşlığının yeni müstəvidə inkişafının növbəti ifadəsidir.

Ümumilikdə, təməli minillik ənənələrə söykənən, tarixi İpək Yoluna dayanan ictimai-mədəni əlaqələri, otuzikiillik diplomatiyanı, tərəfdaşlığı, dostluq münasibətlərini qısa analiz edəndə o nəticəyə gəlirik ki, dövrün çətin sınaqlarına sinə gərən bu iki ölkə-Çin və Azərbaycanı dəyişən dünya düzəni timsalında bağlayacaq bağlar yaxın gələcəkdə daha da çoxalacaq. Ölkə başçısı cənab İlham Əliyevin ötən il yanvarın 17-də Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibəsində də dediyi kimi: “Əməkdaşlığımız üçün tərəfimizdən çox möhkəm platforma qurulub. 30 il ərzində davam edən siyasi münasibətlər artıq bizim yaxşı tərəfdaş və bir-birinə etibar edən dostlar olduğumuzu nümayiş etdirir. Bizim beynəlxalq təsisatlar çərçivəsində çox yaxşı əməkdaşlığımız var. Biz həmişə bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik. Biz çox möhkəm siyasi platforma qurmuşuq. İndi isə biz bunun üzərində iqtisadi əməkdaşlığımızı qururuq. Bugünkü vəziyyətdə bu çox mühümdür, çünki yeni çağırışlar, yeni problemlər və yeni imkanlar var”.

Nail ƏSGƏROV

Nəşr edilib : 25.07.2024 17:37