AZ EN RU

Ötən ili uğurlarla tarixləşdirən gənclərimiz

    Naxçıvan Muxtar Respublikasında gəncliyə və gənclərə etimad öz təsdiqini tapmaqdadır. Bu gün diyarımızda gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir. 2 fevral – Gənclər Günü münasibətilə geridə qoyduğumuz ildə uğur qazanan bəzi gənclərimizin fikirlərini öyrəndik.

    1992-ci ildə Naxçıvan şəhərində musiqiçi ailəsində anadan olan Sevinc Babayeva 2002-ci ildən qanun ifaçılığı ilə məşğul olur. 11 yaşında “İlin ən yaxşı ifaçısı” adına layiq görülən Sevinc Naxçıvan Dövlət Filarmoniyasının kamera orkestri ilə dahi bəstəkar S.Ələsgərovun qanun üçün yazdığı “Poema”sını  ifa edərək mütəxəssislərin diqqətini cəlb edib. Bir çox tədbirlərdə iştirak edən, eyni zamanda müsabiqələrin qalibi olan gənc musiqiçi 2007-ci ildə Naxçıvan Musiqi Kollecinin qanun sinfinə qəbul olub: “Bakı şəhərində keçirilən gənc ifaçıların I Respublika müsabiqəsində “Qran Pri” mükafatına layiq görüldükdən sonra 2021-ci ilin may ayında Amerikanın Nyu-York şəhərində təşkil olunan “Fiestalonia Amerikan Edition” – beynəlxalq distant yaradıcı insanlar müsabiqəsinə qatıldım. Müsabiqədə bütün dünya ölkələrindən müxtəlif yaş qrupuna aid yaradıcı insanlar iştirak edirdilər. Müsabiqəyə “World Talent Rankinq”(ABŞ), Böyük Britaniya və  “Open İtaly” (İtaliya) assosiasiyaları rəhbərlik edirdi. Müsabiqədə 5 ölkədən 40-a yaxın dünya şöhrətli musiqiçilərdən, rəssamlardan, balet və rəqs ustalarından və dünyada tanınmış digər sənət adamlarından ibarət nüfuzlu  münsiflər heyəti fəaliyyət göstərirdi. Bura 5 sənət sahəsi üzrə dünyanın hər yerindən iştirakçılar dəvət edilmişdi:  vokal sənəti, instrumental ifa, xoreoqrafiya, rəssamlıq və dizayn. Müsabiqə şərtlərinə əsasən 2022-ci ilin may ayında İspaniyada keçiriləcək “Sea Sun” müsabiqəsinə də dəvət almışam”.
    2011-ci ildə Musiqi Kollecini fərqlənmə diplomu ilə bitirən Sevinc Babayeva Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində Qanun ixtisası üzrə təhsilini davam etdirib. Universitetin bakalavr və magistraturasını fərqlənmə diplomu ilə bitirən gənc musiqiçi 2019-cu ildə Bakı şəhərində keçirilən “Testene Art Baku” III beynəlxalq müsabiqəyə qatılır və bu müsabiqədə I dərəcəli diploma layiq görülür. Eyni zamanda 11 ildir, pedaqoji fəaliyyətlə məşğul olan Sevinc müəllimin tələbələri respublikada keçirilən müsabiqələrdə mükafatlara layiq görülüblər. Sevinc Babayeva 2021-ci ildə Prezident mükafatına layiq görülüb: “Bu gün muxtar respublikada gənc musiqiçilərə göstərilən diqqət və qayğının nəticəsidir ki, bu mükafata layiq görülmüşəm. Bu, insanı daha səylə, məsuliyyətlə işləməyə sövq edir. Bundan sonra da yaradılan şəraitdən maksimum istifadə edib, Azərbaycanı, Naxçıvanımızı beynəlxalq səhnələrdə daha layiqincə təmsil edəcəyəm”.

    Naxçıvan Dövlət Universitetinin müəllimi olan Əziz Qasımov, eyni zamanda Tələbə-Gənclər Təşkilatının sədridir. Onunla Gənclər Günü öncəsi görüşümüz üçqat əlamətdar, sevincli hadisəyə təsadüf etdi. Əziz müəllim də fəal gənclərimizdən biri kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci il 1 fevral tarixli Sərəncamına əsasən 2022-ci il Gənclər üçün Prezident mükafatına layiq görülmüşdü. Digər bir tərəfdən Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Tələbə-Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə keçirilən Tələbə-Gənclər təşkilatlarının I strateji planlaşdırma forumu çərçivəsində 2021-ci ildə ölkədə ictimai və sosial əhəmiyyətli o cümlədən könüllü fəaliyyətin təşkili və bu fəaliyyətin həyata keçirilməsində fəal iştirakına görə Əziz Qasımovun sədrlik etdiyi Naxçıvan Dövlət Universitetinin Tələbə-Gənclər Təşkilatı “İlin ən yaxşı Tələbə-Gənclər Təşkilatı” nominasiyası üzrə mükafatlandırılmışdı. Onu bu əlamətdar mükafatlandırma münasibətilə təbrik edərkən sevinc və fərəh hisslərini bizimlə belə bölüşdü: “Bu gün ölkəmizin hər bir yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da gənclər üçün hərtərəfli şərait yaradılıb. Gənclərin yüksək təhsil alması, həmçinin asudə vaxtlarının səmərəli təşkili üçün ardıcıl tədbirlər görülür. Geridə qoyduğumuz il Naxçıvan Dövlət Universitetinin Tələbə-Gənclər Təşkilatı üçün uğurlu olub. 2021-ci ildə 2500-ə yaxın tələbəni əhatə edən 16 layihə, 23 tədbir, 28 intellektual yarış keçirilib. Göstərdiyimiz fəaliyyətə görə 2021-ci il dekabrın 28-də Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən fəal gənclər təşkilatı nominasiyası üzrə təltif olunmuşuq. Naxçıvan Dövlət Universitetinin Tələbə-Gənclər Təşkilatının “İlin ən yaxşı Tələbə-Gənclər Təşkilatı” nominasiyası üzrə mükafatlandırılması muxtar respublikada gəncliyə, gənclərimizin hərtərəfli inkişafına göstərilən dövlət qayğısının nəticəsidir. Tələbə-gənclər adından yaradılan şəraitə, bir gənc kimi fəaliyyətimin yüksək qiymətləndirilməsinə görə ölkə başçısına və muxtar respublika rəhbərinə minnətdarlığımı bildirirəm”.

    1996-cı il yanvarın 1-də Ordubad rayonunun Tivi kəndində anadan olan Babaəmir Hacıyev hazırda Naxçıvan Tibb Kollecinin ikinci kurs tələbəsidir. Keçirilən gənclər tədbirlərində fəallığı ilə seçilən Babaəmir, eyni zamanda Tibb Kollecinin Tələbə-Gənclər Təşkilatının sədridir: “Təhsil aldığım müddətdə kollecdaxili bir çox nailiyyətlərə imza atmışam. Təşkil olunan yarışlarda fərqlənməyimlə yanaşı, kitabxananın da fəal oxucusuyam. Fövqəladə Hallar Nazirliyi tərəfindən keçirilən ilk tibbi yardımda fəal iştirak etdiyimə görə təltif olunmuşam. Hər ay davamlı keçirilən kitab müzakirələrində iştirak etməklə yanaşı, tələbələrimizin də mütaliəyə marağını artırmaq üçün bir çox tədbirlər həyata keçiririk. Həm də Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının üzvüyəm və yarışlarda mükafata layiq görülmüşəm. O cümlədən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin könüllüsü olaraq muxtar respublikanın bir çox tədbirlərində fəal iştirak edirəm. Ağbulaq İstirahət Mərkəzində təşkil olunan “Yay məktəbi”ndə, o cümlədən nazirlik tərəfindən keçirilən tədbirlərdə fərqləndiyimə görə diplom və hədiyyələrlə təltif olunmuşam. Naxçıvan Muxtar Respublikası Gənclər Fondu tərəfindən 24-26 sentyabr 2021-ci ildə keçirilən Gənclər təşkilatlarının 2022-ci il üçün fəaliyyət strategiyasının planlaşdırılması düşərgəsində, Zəfər düşərgəsində fəal iştirak etdiyimə görə təltif olunmuşam. Muxtar respublikada bu gün təşkil olunan bütün tədbirlərin bir məqsədi var: gəncləri fəal fərd olaraq cəmiyyətə qazandırmaq. Məhz bu amil hər zaman biz gəncləri ruhlandırır, bizə böyük motivasiya verir. Gənclərimizin sağlam gələcəyə doğru addımlamasında hər zaman bizə dəstək olan muxtar respublika rəhbərinə minnətdarlığımı bildirirəm”.

    25 yaşlı Fərqanə Seyidova Babək rayonunun Şəkərabad kəndində anadan olub. Uşaqlıqdan rəsm çəkməyə marağı olan müsahibimizin bu sənətə gəlməyində böyük rolu atası oynayıb: “Gözümü açandan atamın rəssam-heykəltəraş olmasını görüb bu sahəyə maraq göstərmişəm. Uşaqlıqdan həvəsim, qabiliyyətim olsa da, bunu dəyərləndirməmişdim, bir sözlə, özümü kəşf etməmişdim. Sonradan bu sənəti daha da təkmilləşdirməli olduğumu düşündüm və 2019-cu ildə Naxçıvan Dövlət Universitetinin Təsviri incəsənət müəllimliyi ixtisasına daxil oldum. Hazırda üçüncü kursda təhsilimi davam etdirirəm. Universitetdə dekanımız Cavid İsmayılovun köməkliyi ilə özümü kəşf etdim. Hər rəsm əsəri çəkərkən onun “sən bunu bacararsan” sözləri məni daha da ruhlandırdı. Rəssamlıqla yanaşı, heykəltəraşlığa da böyük həvəsim və marağım var. Ötən il bu sahədə qabiliyyətimi ortaya qoydum və uğurlu nəticələr əldə etdim. Onu da deyim ki, bunlarla yanaşı, bədii tikmə sənəti ilə də məşğul oluram. Bu müddət ərzində tikmə üsulu ilə bir  çox portret, animalistik janrlarda əl işlərim var. Bunlar arasında Bəhruz Kəngərlinin portretinin, “Tovuz quşu” və digər miniatür əsərlərimin adlarını çəkə bilərəm. Bu sənəti öyrənməkdə Siddiqə Hacıyevanın mənə köməyi əvəzsizdir. 2020-ci ildən Naxçıvan Muxtar Respublikasının Rəssamlar Birliyi Gənc rəssamlar bölməsinin üzvüyəm. Həmçinin həmin il “İlin gənc rəssamı” adına layiq görülmüşəm. Bunlarla yanaşı, gənc rəssamlar bölməsinin hesabat sərgisində iştirakıma, “Nizami xəmsəsi” layihəsi çərçivəsində baş tutan “Xəmsə möcüzəsi”, “Nizami dünyası”, “Qarabağ Azərbaycandır!”, “Bayraq mənliyimdir”, “Qalib bizik”, “Qızıl payız”, “9 Noyabr – Dövlət Bayrağı Günü” adlı rəsm müsabiqələrində, 10-17 noyabr  Beynəlxalq Tələbə-Gənclər Həftəsinə həsr olunmuş rəsm sərgisində mükafatlara layiq görülmüşəm. Naxçıvan Dövlət Universitetinin rektoru, dosent Elbrus İsayev tərəfindən Təşəkkürnamə almışam”.
    Naxçıvan gənclərinin diyarın ictimai-siyasi həyatında rolu gündən-günə artır. Hazırda muxtar respublikada mövcud olan qeyri-hökumət və gənclər təşkilatlarının fəaliyyəti dövlətin yaratdığı şərait sayəsində mümkün olub. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Naxçıvan gəncliyində özünə, öz gücünə, istedadına inam artıb. Gənclər də, öz növbəsində, dövlət qayğısını daim hiss edərək nailiyyətləri ilə onlara göstərilən etimadı layiqincə doğrultmağa çalışırlar. Gəncliyin sağlam ruhlu, savadlı, yüksək mənəvi tərbiyəyə malik olması dövlət üçün önəmlidir. Cəmiyyətin gələcəyi gənclərdir və öz gələcəyini düşünən hər bir cəmiyyət gənclərə qayğı göstərir.

 Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 01.02.2022 21:36