AZ EN RU

Ötən il “SAT-2” serotipi üçün vaksinlər alınıb

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatına əsasən son zamanlar bir sıra ölkələrdə (Türkiyə Respublikası (İğdır vilayəti), İraq Respublikası və İordaniya Haşimilər Krallığı) heyvan sağlamlığına təhlükə yaradan dabaq xəstəliyinin “SAT-2” serotipinin aşkarlandığını nəzərə alaraq ötən il Naxçıvanda müvafiq tədbirlər görülüb.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata görə riskli ölkələrdən daxil olan aidiyyəti nəqliyyat vasitələrinin, o cümlədən piyada keçidlərinin dezinfeksiyası ilə bağlı tədbirlərin (dezobaryerlərin qurulması) həyata keçirilməsinin təmin olunması üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsi məlumatlandırılıb. Şəhər və rayon İcra hakimiyyətlərinə heyvandarlıq təsərrüfatlarının diqqətdə saxlanılması üçün məktub göndərilib. Sözügedən məsələlərlə bağlı Səlahiyyətli Nümayəndəliyə, o cümlədən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə görülmüş işlərlə bağlı məlumat xarakterli məktub ünvanlanıb. Ehtiyat tədbirlərinin görülməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən dabaq xəstəliyinin “SAT-2” serotipi üçün vaksinlər alınaraq saxlanması üçün soyuducu anbarlara tədarük edilib. Baş verə biləcək xüsusi təhlükəli xəstəliklərin qarşısının alınması məqsədilə indiyədək iribuynuzlu heyvanlar arasında “Qarayara”, “Dabaq”, “Pasterelyoz”, “Emkar”, “Nodulyar dermatit”, xırdabuynuzlu heyvanlar arasında  “Qarayara”, “Dabaq”, “Bradzot”, “Çiçək”, “Bruselyoz”, sahibli itlərdə “Quduzluq”, təkdırnaqlı heyvanlarda “Qarayara” xəstəliklərinə qarşı profilaktik peyvəndləmə tədbirləri  aparılıb.

Nail ƏSGƏROV

Nəşr edilib : 02.02.2024 11:20