AZ EN RU

Ötən il qapalı müəssisələrə 76 başçəkmə həyata keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yaz sessiyasının növbəti plenar iclasında çıxış edən Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva 2023-cü ildə Müvəkkil və onun Preventiv qrupu tərəfindən 76 başçəkmə həyata keçirildiyini və əvvəllər verilmiş tövsiyələrin icra vəziyyətinin yoxlanıldığını qeyd edib.

Ombudsmanın mətbuat xidmətindən “Şərq qapısı” qəzetinə bildirilib ki, illik məruzədə başçəkmələr zamanı icraata yazılı və şifahi formada 23 müraciətin daxil olduğu, müraciət edənlərə operativ şəkildə hüquqları izah edildiyi vurğulanıb. Günay Rzayeva qeyd edib ki, araşdırma tələb edən müraciətlər baxılmaq üçün icraata qəbul olunub, qanunvericiliyin tələbləri çərçivəsində araşdırmalar aparılıb və nəticəsi barədə müraciət edənlərə yazılı məlumatlar verilib. Başçəkmələrdə müraciət edənlərin 43,5 faizinin pozulmuş hüquqları bərpa edilib, qalan müraciətlərdə hüquq pozuntusu aşkar edilməyib.

Ümumilikdə, il ərzində həyata keçirilən başçəkmələrin nəticələri ilə bağlı Ombudsman aidiyyəti dövlət qurumlarına çoxsaylı təkliflərlə müraciətlər ünvanlanıb, aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması məqsədilə müvafiq tövsiyələr verilib.

Nail ƏSGƏROV

Nəşr edilib : 05.04.2024 12:28