AZ EN RU

Ötən il ölkə üzrə ən yüksək qəbul nəticəsi Naxçıvan, Şahbuz və Ordubad rayonlarında olub

    Ölkəmizdə dövlətimiz tərəfindən təhsilə göstərilən diqqət və qayğı artıq öz nəticələrini verir. Naxçıvan Muxtar Respublikasında bu sahədə ildən-ilə uğurlu nəticələr əldə edilir. Məktəblilərimiz dövlətimiz tərəfindən onlar üçün yaradılan müasir tədris şəraitindən səmərəli istifadə edərək təhsildə yüksək nəticələr qazanırlar. 
    Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin 2022-2023-cü tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinin elmi-statistik təhlili ilə bağlı çap etdiyi “Abituriyent” jurnalının 12-ci nömrəsində də muxtar respublikanın ümumtəhsil məktəblərinin yüksək nəticə göstərmələri ilə bağlı məlumatlar yerləşdirib. Jurnalda digər bölgələr kimi muxtar respublikanın ümumtəhsil məktəblərini bitirən məzunların da ötən tədris ilinin qəbul nəticələri geniş təhlil olunub. Belə ki, ölkə üzrə 2022-ci ildə məzunların ali təhsil müəssisələrinə qəbulolma göstəricilərində ilk onluqda muxtar respublikanın altı rayonunun təhsil şöbələri  yer alıb.

    Jurnalda məzunlarının ali təhsil müəssisələrinə qəbulolma göstəriciləri ölkə üzrə  75 rayonun  ümumtəhsil məktəblərini əhatə edib. Məzunlarının ali təhsil müəssisələrinə qəbulolma göstəricilərinə görə sıralamada Naxçıvan  şəhəri 1-ci, Şahbuz rayonu  2-ci, Ordubad rayonu 3-cü, Culfa rayonu 5-ci, Şərur rayonu 9-cu, Babək rayonu 10-cu sırada yer alıb. Məktəbi 2022-ci ildə bitirmiş abituriyentlərin ali təhsil müəssisələrinə qəbulolma göstəricilərinə görə həm respublika üzrə, həm də respublikanın bölgələri içərisində ən yüksək nəticə Ordubad rayonunun məzunlarına məxsusdur. Ordubad rayonunun imtahanda iştirak edən hər 100 məzunundan 69-70 nəfəri ali təhsil müəssisələrinə qəbul olmuşdur. 
    Ali təhsil müəssisələrinə qəbul olan məzunların onların ümumi sayına nisbətdə faizinə görə 2022-ci ildə  də təqdim edilib. Bu göstərici üzrə cari ildə Naxçıvan şəhərinin, Şahbuz, Ordubad və Culfa rayonlarının ümumtəhsil müəssisələri respublikanın digər bölgələrini təmsil edən məktəblərlə müqayisədə çox böyük üstünlüyə malik olub. Məktəbi 2022-ci ildə bitirən hər 100 nəfər məzundan Naxçıvan şəhəri üzrə 62-63-ü, Şahbuz rayonu üzrə 60-61-i, Ordubad rayonu üzrə 58-59-u, Culfa rayonu üzrə 57-58-i ali təhsil müəssisələrinə qəbul olunub.
    Qeyd edək ki, muxtar respublikada 2021-2022-ci tədris ili üzrə ümumtəhsil məktəblərini  Heydər Əliyev adına Hərbi Lisey də daxil olmaqla, 2990 məzun  bitirmiş, onlardan 2848-i,  yaxud  95 faizi  qəbul imtahanlarında  iştirak etmiş, 2159-u yəni  76 faizi ali və orta  ixtisas müəssisələrinə daxil olmuş, 6 məzun Prezident təqaüdünə layiq görülmüşdür.
    Hazırda 2022-2023-cü tədris ili üzrə qəbul imtahanları yekunlaşıb. I və IV ixtisas qrupu üzrə qəbul imtahanının nəticəsi də bu yaxınlarda elan ediləcək. Məzunların  ixtisas seçiminə start veriləcək. Ümidvarıq ki,  bu il də məzunlarımız ötən il olduğu kimi, ali və orta ixtisas təhsili müəssisələrinə qəbulda uğurlu nəticə qazanacaq, muxtar respublikanın şəhər və rayon təhsil şöbələri qəbul nəticələrinə görə  ölkə birinciliyini qoruyub saxlayacaqlar.

Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 02.08.2023 19:44