AZ EN RU

Ötən il muxtar respublikada 4500-ə yaxın ev genişzolaqlı internetlə təmin olunub

Muxtar respublikada əhalinin keyfiyyətli rabitə və internet xidmətləri ilə təmin edilməsi, bütün yaşayış məntəqələrində istifadəçilərə genişzolaqlı internet təklif edilməsi, habelə göstərilən telekommunikasiya xidmətlərinin hər bir sakin üçün əlçatan olması  diqqət mərkəzindədir. 

Həyata keçirilmiş tədbirlər və artan tələbat fonunda ötən il ərzində muxtar respublikanın bir sıra yaşayış məntəqələrində abonentlərin keyfiyyətli rabitə  və internet xidmətlərindən istifadə etmələri üçün yeni avadanlıqlar quraşdırılıb, bir sıra yerlərdə köhnə avadanlıqlar yenilənib. Həmçinin, rayon, şəhər və kəndlərdə internet tutumları artırılıb. Nəticə etibarı ilə 2023-cü il ərzində 4500-ə yaxın ev genişzolaqlı internetlə təmin olunub, 1500-dən artıq sabit şəbəkə telefon nömrəsi isə abonentlərin istifadəsinə verilib.

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən yaşayış məntəqələrində sakinlərə rabitə və internet xidmətlərinin göstərilməsinə diqqət artırılır. Müasir texnologiyaların tətbiq edilməsi nəticəsində telekommunikasiya xidmətlərinin əhatə dairəsi ilbəil genişləndirilir, bu istiqamətdə ardıcıl və sistemli tədbirlər həyata keçirilir. Telefon, genişzolaqlı internet və digər telekommunikasiya xidmətlərininin yüksək səviyyədə təşkili istiqamətində bir sıra  layihələr icra edilir. O cümlədən, internet verilişində qırılmaların qarşısının alınması və keyfiyyətin artırılması istiqamətində mütəxəssislərin iştirakı ilə monitorinqlər aparılır.

                                                                   Naxçıvan Muxtar Respublikası

                                                                    Rəqəmsal İnkişaf və Nəqliyyat

                                                                    Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 09.01.2024 15:35