AZ EN RU

Ötən il keçirilən imtahanlar nəticəsində 735 nəfər müvafiq vəzifələrə təyin olunub

    Ötən il Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrə, ədliyyə orqanlarında vakant vəzifələrə, gömrük orqanlarına işə qəbul, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə, dövlət mətbuat orqanlarına, dövlət ümumtəhsil müəssisələrinə, dövlət ümumtəhsil müəssisələrində vakant vəzifələrə, məktəbəqədər tərbiyə müəssisələrinə, Naxçıvan Musiqi Kollecinə, AMEA Naxçıvan Bölməsinə, dövlət qulluğu üzrə inzibati vəzifələrin 5-7-ci təsnifatına və Səhiyyə Nazirliyinin tabeliyindəki müəssisələrə işə qəbulla bağlı, ümumilikdə, 19 müsabiqə keçirilib. 
    Eyni zamanda müxtəlif istiqamətlər üzrə – Daxili İşlər, Ədliyyə, Mədəniyyət nazirliklərinin, Naxçıvan Muxtar Respublikası Prokurorluğu və Hərbi Prokurorluğun, Dövlət Miqrasiya Xidmətinin əməkdaşları, ümumtəhsil müəssisələrində fəaliyyət göstərən müəllimlər və səhiyyə işçiləri üçün, ümumilikdə, 10 dəfə attestasiya, sertifikasiya və diaqnostik qiymətləndirmə imtahanları keçirilib ki, bu imtahanlarda iştirak edən 4100 nəfərdən 3292-si keçid balını toplayıb. 
    2022-ci ildə bir neçə istiqamətdə – mədəniyyət müəssisələrinə, məktəbəqədər tərbiyə müəssisələrinə, Naxçıvan Dövlət Universitetinin Musiqi Kollecinə və Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə işə qəbul üçün ilk dəfə müsabiqələr keçirilib. Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi ilə bağlı test imtahanları da ilk dəfə ötən il reallaşıb. 
    Ümumilikdə, 2022-ci il ərzində Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən 31 test imtahanında 9533 namizəd iştirak edib, 6488 namizəd test imtahanlarında uğur qazanıb. Keçirilən müsabiqələrdən 719, ehtiyat kadrlar siyahısından 11, inzibati rəhbər vəzifələrin tutulması üçün keçirilmiş müsabiqələrdə 5 nəfər olmaqla, ümumilikdə, 735 nəfər müvafiq vəzifələrə təyin olunub.

Naxçıvan Muxtar Respublikası 
Dövlət İmtahan Mərkəzinin mətbuat xidməti

Nəşr edilib : 31.01.2023 20:05