AZ EN RU

Ötən ay Naxçıvanda muzeyləri 42 min 567 nəfər ziyarət edib

    Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi 2023-cü ilin avqust ayında öz fəaliyyətini nazirliyin iş planına uyğun qurmuş, müvafiq fərman və sərəncamlardan, qəbul edilmiş Dövlət proqramlarından irəli gələn vəzifələr icra edilmişdir. Ay ərzində nazirlik tərəfindən müxtəlif tədbirlər, konsert proqramları, kitab və film təqdimatları keçirilmiş, əlamətdar və tarixi günlər qeyd olunmuş, insanların mədəni istirahətinin təmin edilməsi diqqətdə saxlanılmışdır.
    “Heydər Əliyev İli” çərçivəsində nazirliyin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş albom-kataloqun hazırlanması və “Əl işləri sərgi-müsabiqəsi”nə ərizə qəbulu davam etdirilmişdir. “Heydər Əliyev İli” ilə bağlı avqust ayı ərzində, ümumilikdə, 12 tədbir keçirilmiş, 1 sərgi qurulmuşdur.
    Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası ərazisində arxeoloji qazıntılar aparan və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədilə onlarla təmasda elmi-tədqiqat işlərini yerinə yetirən şəxslər tərəfindən aparılmış tədqiqat işləri barədə hesabat verilməsi Qaydası”na əsasən Naxçıvan Muxtar Respublikasının ərazisində arxeoloji qazıntıların aparılmasına nəzarət edilmişdir. 
    Ötən ay nazirlik tərəfindən Qərbi Azərbaycandan deportasiya edilmiş azərbaycanlılardan yer-yurd adlarının, folklor nümunələrinin toplanması diqqətdə saxlanılmış, işin təşkili ilə bağlı seminar keçirilmiş, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən Qərbi Azərbaycanla bağlı kitabxanaçı tövsiyəsi hazırlanmışdır. Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin əməkdaşları tərəfindən Kəngərli rayonunun Çalxanqala və Babək rayonunun Kərimbəyli kəndlərində yaşayan Qərbi Azərbaycandan olan sakinlərdən Qərbi Azərbaycan folkloru və toponimləri ilə bağlı nümunələr toplanmışdır. 
    Avqust ayında nazirliyin təşkilatçılığı ilə “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü”, “2 avqust – Azərbaycan Kinosu Günü” geniş qeyd olunmuş, görkəmli fırça ustası İbrahim Səfiyə həsr edilmiş “Rəngləri danışdıran adam” kitabının və eyniadlı filmin təqdimatı  keçirilmişdir. Bundan əlavə, “Heydər Əliyev-100” devizi ilə təşkil olunan Diaspor gənclərinin IV Yay Düşərgəsinin  Heydər Əliyev Sarayında açılış və “Duzdağ” otelində bağlanış mərasimlərində Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının konsert proqramları alqışlarla qarşılanmışdır. Qeyd edək ki, filarmoniyanın kollektivlərinin “18 sentyabr – Milli Musiqi Günü” ilə bağlı konsert proqramlarının hazırlıq məşqlərinə start verilmişdir.
    Yeni teatr mövsümünə hazırlaşan teatr müəssisələrində – Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında repertuarda olan tamaşaların bərpa məşqləri, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında V.Haqverdiyevin “Qarınqulu ayı balası”, Naxçıvan Dövlət Uşaq Teatrında isə T.Seyidovun “Şir ağa və yumruçanaq tısbağa” tamaşasının məşqləri aparılmışdır.
    Avqust ayında  muzeylərin fəaliyyəti də nəzarətdə saxlanılmış, lazımi əməli və metodiki köməklik göstərilmiş, nümunəvi muzey xidməti göstərilməsinə diqqət artırılmış, muzey əməkdaşlarının peşə biliklərinin artırılması, təcrübə mübadiləsinin aparılması məqsədilə seminar-treninq təşkil olunmuş, sakinlərlə muzey əməkdaşlarının görüşləri keçirilmiş, müxtəlif tədbirlər gerçəkləşmişdir. Ay ərzində muzeyləri 25 min 99 nəfər yerli, 17 min 468 nəfər əcnəbi olmaqla, ümumilikdə, 42 min 567 nəfər ziyarət etmiş, muzeylərə 213 yeni eksponat daxil olmuşdur. 
    Avqust ayında kitabxanalarda keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmış, mərkəzləşdirilmiş kitabxana sistemlərinin kitabxanaçıları arasında reallaşan “İntellektual kitabxanaçı” bilik müsabiqəsinin  qalibləri bəlli olmuş, onlar nazirliyin diplomları ilə təltif edilmişlər. Həmçinin ay ərzində kitabxanalarda yubileylər, əlamətdar və tarixi günlərlə bağlı tədbirlər keçirilmiş, sərgilər qurulmuşdur.
    Avqust ayında A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 1 və MKS-lərin uşaq kitabxanaları və şöbələri tərəfindən 26 nəfər olmaqla, ümumilikdə, sağlamlıq imkanı məhdud 27 uşağa səyyari kitabxana xidməti göstərilmişdir. Kitabxanalarda yeni oxucu sayı 1014, oxucu gəlişi 8 min 600, kitab verilişi isə 55 min 114 nüsxə olmuşdur. M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Elektron kitabxanasında elektron kataloqa 646 adda kitab işlənmiş, ümumilikdə, elektron kataloqda kitabların sayı 36 min 90-a çatdırılmışdır. 
    Həmçinin ötən ay klub müəssisələri, mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən Azərbaycan xalqının adət-ənənələri, milli-mənəvi dəyərlərinin təbliği və yaşadılması istiqamətində iş aparılmış, əlamətdar tarixi günlər, görkəmli şəxsiyyətlərin ildönümləri ilə bağlı tədbirlər keçirilmişdir.
    Nazirliyin nəzdində fəaliyyət göstərən “Tətbiqi sənət və rəsm əsərləri, tarix və mədəniyyətimizlə bağlı müxtəlif növ çap məhsullarının satış mərkəzi”ndə muxtar respublika sənətkarları ilə suvenirlərin və hədiyyəlik xatirə əşyalarının hazırlanması məqsədilə bağlanmış müqavilələrə əsasən ay ərzində 1500 manatlıq 14 adda 125 ədəd iş satılmışdır.
    Naxçıvan Dövlət Film Fondu tərəfindən filmlərin nömrələnməsi, pasportlarının yenilənməsi və  lentlərin təmizlənməsi  işləri davam etdirilmiş, film nümayiş olunmuşdur.
    Avqust ayında nazirliyin və tabeli müəssisələrin sosial şəbəkə hesablarında mütəmadi olaraq paylaşımlar edilmiş, keçirilən tədbirlərin KİV-də işıqlandırılması diqqətdə saxlanılmışdır.

Naxçıvan Muxtar Respublikası 
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 06.09.2023 18:32