AZ EN RU

Ötən ay muxtar respublikanın mədəni həyatında bir sıra yeniliklərlə yadda qalıb

Fevral ayında Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin iş planına uyğun olaraq müxtəlif mədəni-kütləvi tədbirlər təşkil edilmiş, müvafiq fərman və sərəncamlardan, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələr icra edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” 29 sentyabr 2022-ci il tarixli Sərəncamına uyğun olaraq Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə hazırlanan A.Babayevin “Xilaskar” tamaşasının məşqləri davam etdirilmiş, Naxçıvan Dövlət Filarmoniyasının solistlərinin ifasında ulu öndərin sevdiyi mahnılardan ibarət DVD diskin hazırlanması istiqamətində məşqlər aparılmışdır. Filarmoniyanın yaradıcı kollektivləri Babək və Şərur rayonlarında ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsertlər təqdim etmişdir.

“Heydər Əliyev İli” çərçivəsində muxtar respublikada fəaliyyət göstərən muzeylər və kitabxanalarla orta və ali təhsil müəssisələri arasında qurulan əlaqələr davam etdirilmiş, ulu öndərin həyatı və siyasi fəaliyyətinə həsr olunmuş 1 interaktiv dərs, 2 mühazirə, 8 açıq dərs olmaqla, ümumilikdə fevral ayı ərzində 26 tədbir keçirilmişdir.

Həmçinin, ötən ay tarixi və əlamətdar günlər diqqətdə saxlanılmış, “Gənclər Günü”, “21 Fevral - Beynəlxalq Ana Dili Günü”, Heydər Əliyev Muzeyinin yaradılmasının 24-cü, Cəlil Məmmədquluzadənin anadan olmasının 154-cü ildönümü ilə bağlı yaddaqalan tədbirlər keçirilmişdir.

Hesabat dövründə Naxçıvan Dövlət Milli Dram Teatrında 5, Naxçıvan Dövlət Kukla Teatrında 8, Naxçıvan Dövlət Uşaq Teatrında 4 dəfə tamaşa nümayiş etdirilmiş, yeni tamaşaların məşqləri aparılmışdır.

Ötən ay muzeylərlə təhsil müəssisələri arasında elektron təhsilin təşkili ilə bağlı iş aparılmış, aid təşkilatlarla birgə keçirilən 4 interaktiv dərs muxtar respublikanın 200-dən artıq ümumtəhsil məktəbi tərəfindən izlənilmişdir. Qeyd edək ki, ay ərzində muzeylərdə 20 tədbir keçirilmiş, 11 sərgi qurulmuş, Təhsil və Mədəniyyət nazirliklərinin birgə qrafikinə əsasən əlamətdar və tarixi günlər, görkəmli şəxsiyyətlər, tarix və mədəniyyətimizlə bağlı müxtəlif mövzularda 45 açıq dərs və 33 mühazirə keçirilmişdir. Bununla yanaşı ay ərzində muzeyləri 14 min 554 nəfər tamaşaçı ziyarət etmiş, muzeylərə 49 yeni eksponat daxil olmuşdur.

Ötən ay kitabxanaların fəaliyyəti də diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmışdır. Kitabxanalarda yubileylər, əlamətdar və tarixi günlərlə bağlı 42 tədbir keçirilmiş, 62 sərgi qurulmuş, “Mütaliə Günü”,“Kitabxanaçı Günü” , “Nağıl Günü”  maarifləndirici təbirlərlə yadda qalmış, sağlamlıq imkanı məhdud 31 uşağa səyyar kitabxana xidməti göstərilmişdir.

Fevral ayında kitabxanalarda yeni oxucu sayı 1 min 751, oxucu gəlişi 8 min 865, kitab verilişi isə 62 min 231 nüsxə olmuşdur. M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Elektron kitabxanasında elektron kataloqda kitabların sayı 35 min 40-dan 35 min 102-yə çatdırılmış,elektron kitabxananın lokal şəbəkəsindən 420 oxucu istifadə etmişdir. Dövr ərzində kitabxanalarda ümumilikdə, 154 tədbir keçirilmişdir.

Azərbaycan xalqının adət-ənənələri, milli-mənəvi dəyərlərinin təbliği və yaşadılması istiqamətində iş aparılmış, tədbirlər keçirilmiş, sərgilər qurulmuşdur. Elmi-Metodik Mərkəz və klub müəssisələrində 47 tədbir keçirilmiş,19 sərgi qurulmuşdur.

Naxçıvan Dövlət Film Fondu tərəfindən ay ərzində 7 film nümayiş olunmuş, “Sinematoqraf” kinoviktorinasının seçim turu olmuş, “Bu kino ki var...” adlı 2 kinoviktorina keçirilmişdir.

Ay ərzində muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas məktəbləri ilə birgə tədbirlər keçirilməsi, kadr hazırlığı sahəsində iş aparılması diqqətdə saxlanılmışdır. “Naxçıvan” Universitetinin, Naxçıvan Dövlət Universitetinin, Naxçıvan Müəllimlər İnstitutunun müvafiq ixtisaslarda təhsil alan tələbələr üçün təcrübə keçirilmişdir. Ümumtəhsil məktəblərinin şagirdləri arasında Naxçıvan Muxtar Respublikasının yaradılmasının 99-cu ildönümünə həsr olunmuş “Rəssamların fırçasında əbədiləşən diyar – Naxçıvan” adlı rəsm müsabiqəsinin Şahbuz rayon turu təşkil edilmiş, təhsil müəssisələrində çalışan istedadlı müəllimlər tərəfindən Çalxanqala Kənd Uşaq Musiqi Məktəbində ustad dərslər keçirilmişdir.

Ay ərzində gənclərlə iş sahəsi də diqqət mərkəzində saxlanılmışdır. “Mədəniyyətdən bir parça: Retro” musiqili yarışı, “Tanımadığımız tanışlar” adlı maarifləndirici tədbiri keçirilmişdir.

Nazirliyin medeniyyet.nakhchivan.az rəsmi internet səhifəsinin fəaliyyəti diqqətdə saxlanılmış, mütəmadi olaraq məlumatlar yenilənmişdir. Ay ərzində səhifəyə 26 xəbər, 7  məqalə olmaqla, ümumilikdə 33 material işlənmişdir.

Nazirliyin “Youtube” kanalında, İnstagram və Facebook hesablarında mütəmadi paylaşımlar edilmiş, izləyici sayında artım olmuşdur. Nazirliyin “nmr_medeniyyet_nazirliyi” adlı İnstagram səhifəsinin izləyicilərinin ümumi sayı 6 min 870 olmuş, səhifədə 74 paylaşım edilmişdir. Bununla yanaşı mədəniyyət müəssisələrinin sosial hesablarında mütəmadi paylaşımlar edilmişdir.

Fevral ayında Nazirliyin və tabeliyində olan müəssisələrin əməkdaşlarının ölkədə və muxtar respublikada fəaliyyət göstərən KİV ilə əlaqələri davam etdirilmişdir. Belə ki, “Şərq qapısı” qəzetində 13, şəhər və rayon qəzetlərində 1 material dərc olunmuş, “Nuhçıxan” İnformasiya Agentliyinin saytında 5, digər informasiya agentliklərində 7 məqalə yerləşdirilmişdir. Tabeli müəssisələrin əməkdaşlarının müəllifi olduğu 4 məqalə müxtəlif media resurslarında işıqlandırılmışdır

Ay ərzində Naxçıvan televiziyası və radiosunda gedən verilişlərdə Nazirliyin tabeli müəssisələrinin  əməkdaşlarından 2 nəfər müsahibə verib, 4 nəfər iştirak edib. Naxçıvan Televiziyasının Su çərşənbəsinə həsr olunmuş bayram buraxılışında Babək Rayon Mədəniyyət İdarəsinin tabeli müəssisələrinin 45 nəfər əməkdaşı iştirak edib. Naxçıvan Televiziyasında Nazirlik tərəfindən keçirilən tədbirlərlə bağlı 8 xəbər süjeti efirə verilmişdir.

Vətəndaşların müraciətləri daim nəzarətdə saxlanılmış, Nazirliyin elektron poçt ünvanı da daxil olmaqla 183 nəfər vətəndaşın müraciəti cavablandırılmışdır.

Ötən ay istifadəyə verilmiş Babək rayon Vayxır və Şərur rayon Axura kənd mərkəzlərində kənd kitabxana filialı və mədəniyyət evi, Şərur rayon Həmzəli kənd mərkəzində kənd kitabxana filialı və kənd klubu, Ordubad rayon Xanağa kənd mərkəzində isə kənd kitabxana filialının fəaliyyəti üçün, müasir iş şəraiti yaradılmışdır.

Nəşr edilib : 03.03.2023 11:44