AZ EN RU

Ötən ay muxtar respublikada keçirilən maraqlı mədəni tədbirlərlə yadda qalıb

    Ötən ay ərzində “Heydər Əliyev İli” çərçivəsində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Tədbirlər Planına əsasən Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında A.Babayevin “Xilaskar” əsəri əsasında hazır­lanan eyniadlı tamaşaya ictimai baxış keçirilmiş, Heydər Əliyev Muzeyi tərəfindən albom-kataloqun hazırlanması işi davam etdirilmişdir. 
    Dahi liderə həsr olunmuş konsert proqramları, interaktiv və açıq dərslər, elmi nəzəri konfrans, mühazirələr daxil olmaqla, ümumilikdə, 58 tədbir təşkil edilmişdir. Azərbaycan Respublikasının Mədəniyyət, Elm və Təhsil nazirlikləri və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli Liderin 100 illik yubileyinə həsr edilən           I Uşaq İncəsənət Festivalının muxtar respublika mərhələsinin seçimlərinə yekun vurulmuş, Azərbaycan Respublikası Elm və Təhsil, Naxçıvan Muxtar Respublikası Mədəniyyət  və Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə SABAH İncəsənət Festivalı keçirilmişdir.
    Ulu Öndərin zəngin və çoxşaxəli irsinin öyrənilib təbliğ edilməsindəki müstəsna rolu nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2023-cü il 10 may tarixli Qərarı ilə Heydər Əliyev Muzeyinə “muxtar respublika” statusu verilmişdir.
    Heydər Əliyev Sarayında keçirilən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbirdə Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı konsert proqramı ilə çıxış etmişdir. Nazirliyin təşkilatçılığı ilə Heydər Əliyev Muzeyinin qarşısında, muxtar respublikanın rayonlarında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsertlər təqdim edilmişdir. 28 May – Müstəqillik Günü ilə bağlı Naxçıvan şəhərində və rayonlarda rayon (şəhər) mədəniyyət idarə və şöbələri tərəfindən konsert proqramları təşkil edilmişdir. 
    May ayı ərzində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazir­liyinin  təşkilatçılığı ilə Heydər Əliyev Muzeyində “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda elmi-nəzəri konfrans, ümumtəhsil məktəblərinin şagirdləri üçün interaktiv dərs keçilmişdir. Ay ərzində nazirliyin tabeliyində olan uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində  dahi liderin yubileyinə həsr olunmuş tədbirlər, konsertlər də maraqla qarşılanmışdır.
    Həmçinin ay ərzində Naxçıvan Dövlət Filarmoniyasının kollektivlərinin məşqləri davam etdirilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə reallaşan “Naxçıvan – Bəşəriyyətin Beşiyi” VI Beynəlxalq Rəsm Festivalının açılış mərasimində Filarmoniyanın yaradıcı kollektivlərinin  və “Şərur” Xalq Yallı Ansamblının çıxışı alqışlarla qarşılanmışdır.
    Ay ərzində muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas məktəblərinin tələbələrinə 3 açıq dərs, 1 kitab müzakirəsi, 1 mühazirə keçirilmiş, tələbələrin nazirliyin tabeliyində olan muzeylərdə və kitabxanalarda təcrübə qazanmaları təmin edilmişdir. 
    Naxçıvan Teatrının yaradılmasının 140 illiyi qeyd edilmiş, “Lənkəran xanın vəzirinin sərgüzəştləri” tamaşasına ictimai baxış keçirilmişdir. Hesabat dövründə 17 tamaşa nümayiş etdirilmişdir. Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında B.İskəndərlinin “Yalanlara inanmayaq” əsəri əsasında hazırlanan tamaşanın ictimai baxışı aparılmışdır.
    Ay ərzində muzeylərdə nazirlik tərəfindən 3, muzeylər tərəfindən 11 tədbir keçirilmiş, 3 sərgi qurulmuş, müxtəlif mövzularda 45 açıq dərs və 46 mühazirə keçirilmiş, muzey əməkdaşlarının sakinlərlə görüşü təşkil edilmişdir. Ümumtəhsil məktəblərinin şagirdləri arasında “Rəssamların fırçasında əbədiləşən diyar – Naxçıvan” adlı rəsm müsabiqəsinin muxtar respublika mərhələsi keçirilmişdir. Hesabat dövrü ərzində muzeyləri, ümumilikdə, 60 min 539 nəfər tamaşaçı ziyarət etmiş, mədəniyyət müəssisələrinə 35 yeni eksponat daxil olmuşdur. “Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan muzeylərin fondlarında təkrar uçotun aparılması və muzey sərvətlərinin elektron məlumat bazasının yaradılması barədə” nazirliyin 2021-ci il 18 iyun tarixli əmrinin icrası ilə bağlı iş davam etdirilmişdir.  
    Ay ərzində 18 may – Beynəlxalq Muzeylər Günü qeyd olunmuşdur. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin təşkilatçılığı ilə  Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi və 18 may – Beynəlxalq Muzeylər Gününə həsr olunmuş “Heydər Əliyev – həmişəyaşar lider” adlı tədbirdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən bir sıra muzey direktorları onlayn olaraq iştirak etmişlər.
    Hesabat dövründə kitabxanalarda, ümumilikdə, 159 tədbir keçirilmiş, kitabxanalarda may ayı üçün yeni oxucu sayı 1 250, oxucu gəlişi 10 min 503, kitab verilişi isə 69 min 334 nüsxə olmuşdur. Dövr ərzində Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Elektron kitabxanasında elektron kataloqa 57 adda kitab işlənmiş, ümumilikdə, elektron kataloqda kitabların sayı 35 min 201-ə çatdırılmışdır.
    Şəbəkəyə 50 kitab (PDF) işlənmiş və ümumi sayı 4 min 458-ə çatdırılmışdır. Ay ərzində elektron kitabxananın lokal şəbəkəsindən 470 oxucu istifadə etmişdir.  Həmçinin MKS-lərin uşaq kitabxanaları və şöbələri tərəfindən sağlamlıq imkanları məhdud 23 uşağa səyyari kitabxana xidməti göstərilmişdir.
    May ayında 2022-ci il ərzində mədəniyyət evləri və klubların əməkdaşları tərəfindən toplanmış folklor nümunələri ümumiləşdirilərək istifadə üçün AMEA Naxçıvan Bölməsinə göndərilmişdir.
    Hesabat dövrü ərzində Elmi-Metodiki Mərkəz və klub müəssisələrində 27 tədbir keçirilmişdir. 
    Naxçıvan Dövlət Film Fondunun fəaliyyəti ay ərzində diqqət mərkəzində saxlanılmış, ümumilikdə,         5 film nümayiş olunmuş, “Sinematoqraf” adlı kinoviktorinanın muxtar respublika birinciliyi keçirilmişdir.
    Ay ərzində gənclərlə iş sahəsi də diqqət mərkəzində saxlanılmış, Naxçıvan Gənclər Fondunda Nazir­liyin Gənclər Təşkilatının üzvləri arasında “Yaşa və öyrən” bilik yarışı təşkil edilmişdir.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 09.06.2023 19:27