AZ EN RU

Ötən ay muxtar respublikada 220 nəfərə əmək pensiyası və 573 sığortaolunana müavinət təyin edilib

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhalinin rifahının yüksəldilməsinə xidmət edən sosial islahatlar paketi muxtar respublikada da uğurla icra edilməkdədir. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən fevral ayı ərzində əmək pensiyalarının vaxtında ödənilməsi üçün müvafiq işlər həyata keçirilmiş, tələb olunan 20 milyon 971 min manat vəsait əmək pensiyaçılarının ödəniş kartı hesablarına və 349 min manat vəsait isə məcburi dövlət sosial sığorta ödəmələri almaq hüququ olan şəxslərin hesablarına köçürülmüşdür. 

    Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” 10 fevral 2023-cü il tarixli Sərəncamına əsasən ortaaylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 2023-cü il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsinin məbləği 14,7 faiz indeksləşdirilərək artırılıb. Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi muxtar respublika üzrə 43 min 881 əmək pensiyaçısına şamil edilib. İndeksasiyanın həyata keçirilməsi məqsədilə fondun büdcəsindən hər ay 2 milyon 353 min 280 manat əlavə vəsait ayrılıb. Bundan başqa, ölkə başçısı tərəfindən imzalanmış “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 8 fevral 2023-cü il tarixli Qanununa əsasən minimum əmək pensiyasının məbləği 1 fevral 2023-cü il tarixindən 280 manata çatdırılması təmin edilib.
    Fevral ayında müvafiq qurum tərəfindən məcburi dövlət sosial sığortahaqqı üzrə 12 milyon 932 min 900 manat vəsait yığılaraq fondun xəzinə hesabına köçürülmüşdür. Ay ərzində nəzərdə tutulan proqnoz 131,7 faiz icra olunmuşdur. Pensiya və müavinətlərin ödənişinə ayrılan vəsaitin 60,6 faizi məcburi dövlət sosial sığortahaqqı olaraq muxtar respublikada yığılmışdır.
    Əmək pensiyalarının qanunvericilikdə nəzərdə tutulmuş qaydada təyinatı ilə bağlı müvafiq işlər görülmüş, 159-u yaşa, 27-si orqanizmin funksiyalarının pozulmasına, 34-ü ailə başçısını itirməyə görə olmaqla, ümumilikdə, 220 nəfərə (11-i əmək pensiyası növünü dəyişənlərdir) əmək pensiyası təyin olunmuşdur.
   Ay ərzində qanunvericiliyə uyğun olaraq 73-ü əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, 76-sı hamiləliyə və doğuma görə, 237-si uşağın anadan olmasına görə, 46-sı uşağa qulluğa görə, 141-i dəfn üçün olmaqla, 573 sığortaolunana məcburi dövlət sosial sığorta hesabına müavinət təyin edilmişdir. 
    Hesabat dövründə ilk dəfə əmək fəaliyyətinə başlayan və fərdi uçot sistemində uçota alınan sığortaolunanların sayı 383 nəfər olmuş, ümumilikdə, fərdi uçot sistemində uçota alınan sığortaolunanların sayı 187 min 387 nəfərə çatmışdır. 
    Fevral ayı ərzində deputatların, hərbi qulluqçuların, məhkəmə və hüquq-mühafizə orqanları əməkdaşlarının həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası ilə bağlı sığortaedənlər tərəfindən fondun xüsusi hesabına 611 min 670 manat vəsait köçürülmüşdür. Ay ərzində sığorta ödənişi almaq üçün fonda müraciət etmiş 3-ü orqanizmin funksiyalarının pozulmasına görə, 3-ü az ağır xəsarətə görə, 1-i yüngül xəsarətə görə olmaqla, ümumilikdə, 7 nəfərə 15 min 915 manat sığorta ödənişi verilmişdir.

Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti

Nəşr edilib : 09.03.2023 21:48