AZ EN RU

Ötən ay muxtar respublika muzeylərinə 66 yeni eksponat daxil olub

     Noyabr ayında “Şuşa ili”, Xurşidbanu Natəvanın 190 illiyi ilə bağlı tədbirlər keçirilmiş, Zəfər Günü münasibətilə muxtar respublikanın rayonlarında konsert proqramları təşkil edilmiş, Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının yeni binası istifadəyə verilmiş, yeni tamaşalar nümayiş olunmuş, açıq dərslər, kitab müzakirələri, seminarlar, yaradıcılıq müsabiqələri, ustad dərsləri keçilmişdir.

    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamının icrası ilə bağlı Naxçıvan Dövlət Universitetinin və Naxçıvan Müəllimlər İnstitutunun müvafiq ixtisaslarda təhsil alan tələbələri üçün hamiliklə bağlı açıq dərs və kitab müzakirəsi keçirilmişdir. Zəfər Günü münasibətilə muxtar respublika ərazisindəki hərbi hissə və bölmələrin şəxsi heyətinə konsert proqramı təqdim edilmişdir.Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Əl işləri sərgi-müsabiqəsi”nin yekun tədbiri, həmçinin ümumtəhsil məktəblərinin şagirdləri arasında Naxçıvan Muxtar Respublikasının yaradılmasının 99-cu ildönümünə həsr olunmuş “Rəssamların fırçasında əbədiləşən diyar – Naxçıvan” adlı rəsm müsabiqəsinin Şərur rayon turu keçilmişdir.
    Noyabr ayında Xatirə Muzeyi və Dövlət Bayrağı Muzeyi tərəfindən Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr edilmiş interaktiv dərslər muxtar respublikanın 200-dən artıq ümumtəhsil məktəbi tərəfindən izlənilmişdir. Bundan əlavə, əlamətdar və tarixi günlər, görkəmli şəxsiyyətlər, tarix və mədəniyyətimizlə bağlı müxtəlif mövzularda 47 açıq dərs və 49 mühazirə, Culfa Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan musiqi məktəbləri üçün müxtəlif ixtisaslar üzrə ustad dərsi keçirilmişdir.
    Hesabat dövründə muxtar respublika muzeylərini yerli və əcnəbi tamaşaçılar ziyarət etmiş, muzeylərə 66 yeni eksponat daxil olmuşdur. “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil olan müvafiq kitabların müzakirəsi keçirilmişdir. Ay ərzində kitabxanalarda yubileylər, əlamətdar və tarixi günlərlə bağlı 34 tədbir təşkil olunmuş, 47 sərgi qurulmuşdur. Həmçinin ay ərzində sağlamlıq imkanları məhdud 26 uşağa səyyar kitabxana xidməti göstərilmişdir. Noyabr ayında kitabxanalarda yeni oxucu sayı 610, oxucu gəlişi          7 min 548, kitab verilişi isə 40 min 260 nüsxə olmuşdur. Ötən ay M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Elektron kitabxanasında elektron kataloqda kitabların sayı 34 min 762-dən 34 min 823-ə çatdırılmışdır.
    Xalq yaradıcılığının öyrənilməsi, yaşadılması və gələcək nəsillərə çatdırılması ilə bağlı Naxçıvan Dövlət Film Fondu tərəfindən 26 material hazırlanmış, sosial şəbəkələrdə paylaşılmışdır. Bununla yanaşı, fond tərəfindən 6 filmin nümayişi təşkil olunmuş, Babək rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında “Sinematoqraf” kinoviktorinasının seçim turu keçirilmişdir. Naxçıvan Dövlət Milli Dram Teatrında ay ərzində Elçinin “Şekspir” əsəri əsasında hazırlanmış tamaşanın məşqləri davam etdirilmiş və Vaqif Səmədoğlunun “Mamoy kişinin yuxuları” əsəri əsasında hazır­lanmış tamaşanın bərpa məşqləri aparılmışdır. Teatr Ordubad Rayon Mədəniyyət Sarayında “Topal Teymur”, Sədərək Rayon Mədəniyyət Sarayında “Xurşidbanu Natəvan” tamaşaları ilə qastrol səfərlərində olmuşdur. Naxçıvan Dövlət Kukla Teatrında ay ərzində Asim Əliyevin “Şir və çaqqal”, Naxçıvan Dövlət Uşaq Teatrında Qrim qardaşlarının “Bremen musiqiçiləri” əsərləri əsasında səhnələşdirilən tamaşaların məşqləri davam etdirilmiş, Culfa Rayon Mədəniyyət Sarayında “Qoğalın sərgüzəşti” tamaşası nümayiş olunmuşdur. Rayon mədəniyyət saraylarının nəzdində fəaliyyət göstərən xalq teatrları tərəfindən ay ərzində tamaşalar nümayiş olunmuşdur. 
    Naxçıvan Dövlət Filarmoniyası ay ərzində əlamətdar günlərlə bağlı müxtəlif konsert proqramları ilə çıxış etmişdir.

Naxçıvan Muxtar Respublikası 
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 07.12.2022 19:26