AZ EN RU

Ötən ay muxtar respublika muzeylərinə 468 yeni eksponat daxil olub

    Aprel ayında Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən muxtar respublikada müxtəlif mədəni-kütləvi tədbirlər keçirilmiş, müvafiq fərman və sərəncamlardan, qəbul edilmiş Dövlət proqramlarından irəli gələn vəzifələr icra edilmişdir.
    “Heydər Əliyev İli” çərçivəsində keçirilən tədbirlərin davamı olaraq Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Adil Babayevin “Xilaskar” əsəri əsasında hazırlanan eyniadlı tamaşanın məşqləri davam etdirilmiş, Naxçıvan Dövlət Filarmoniyasının solistlərinin ifasında Ulu Öndərin sevdiyi mahnılardan ibarət DVD diskin hazırlanması istiqamətində məşqlər aparılmış, Heydər Əliyev Muzeyi tərəfindən Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş albom-kataloqun hazırlanması işi davam etdirilmişdir.
    “Heydər Əliyev İli” çərçivəsində nazirliyin tabe müəssisələrində, muzey və kitabxanalarda, musiqi və incəsənət məktəblərində açıq dərslər, konsert proqramları, dəyirmi masalar, sərgilər də daxil olmaqla, ümumilikdə, 34 tədbir keçirilmişdir.
    Heydər Əliyev Muzeyində Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə keçirilən görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyinə həsr olunmuş tədbir yaddaqalan  olmuşdur.
    15 aprel – Dünya İncəsənət Günü, Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə bağlı müxtəlif tədbirlər, həmçinin Naxçıvan Dövlət Rəsm Qalereyasında rəssam Qəhrəman Tağıyevin “Duyğular və rənglər” adlı fərdi yaradıcılıq sərgisi keçirilmiş, “Kətə” festivalında Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının və Naxçıvan Şəhər Mədəniyyət İdarəsinin “Araz” İnstrumental Ansamblının təqdim etdiyi konsert proqramları festival iştirakçılarında xoş ovqat yaratmışdır.
    Azərbaycan Respublikası Mədəniyyət Nazir­liyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə ölkə­mizdə keçirilən I Uşaq İncəsənət Festivalının ilk mərhələsinə muxtar respublikada aprelin 19-da start verilmişdir. Festivalın birinci mərhələsinin seçimləri davam edir.
    Muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas məktəbləri ilə birgə tədbirlərin keçirilməsi, kadr hazırlığı sahəsində iş aparılması diqqətdə saxlanılmış, Naxçıvan Dövlət Universitetinin və Naxçıvan Müəllimlər İnstitutunun müvafiq ixtisaslarda təhsil alan tələbələri üçün açıq dərslər, kitab müzakirələri təşkil edilmişdir.
    Aprel ayında dövlət teatrları tamaşa nümayişi ilə yanaşı, yeni tamaşların da məşqlərini davam etdirmişdir. Belə ki, Naxçıvan Dövlət Milli Dram Teatrında ay ərzində Ümüd Görkülünün “Cibimizdəki dəlilik” əsəri əsasında hazırlanan tamaşanın premyerası keçirilmiş, ay ərzində Mirzə Fətəli Axundovun “Lənkəran xanının vəzirinin sərgüzəştləri” əsərinin məşqləri aparılmışdır.
    Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı tərəfindən 8 tamaşa, Naxçıvan Dövlət Uşaq Teatrı tərəfindən              4 tamaşa nümayiş etdirilmiş, yeni tamaşaların məşqləri aparılmışdır. Kazım Ziya adına Ordubad Rayon Xalq Teatrı yazıçı-dramaturq Əhməd Orucun “Oğru” musiqili komediyası əsasında hazırladığı eyniadlı tamaşa ilə Ordubad Rayon Mədəniyyət Sarayında və Naxçıvan Dövlət Uşaq Teatrının səhnəsində teatrsevərlərin qarşısına çıxmışdır.
    Ötən ay muxtar respublika sakinlərinin, Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən muxtar respublikamıza səfər edən qonaqların, rəsmi nümayəndə heyətlərinin muzeylərlə tanışlığı zamanı onlara nümunəvi muzey xidməti göstərilməsi diqqət mərkəzində saxlanılmışdır. Ay ərzində muzeyləri 36 min 819 nəfər yerli, 2019 nəfər əcnəbi olmaqla, ümumilikdə, 38 min 838 nəfər tamaşaçı ziyarət etmiş, muzeylərə 468 yeni eksponat daxil olmuşdur. 
    Muzeylərlə təhsil müəssisələri arasında elektron təhsilin təşkili ilə bağlı iş aparılmış,  2 interaktiv dərs keçilmiş, muzeylərdə müxtəlif seminar-treninqlər, müsabiqələr, sərgilər, görüşlər gerçəkləşmiş, muzeylərin fondlarında təkrar uçotun aparılması və muzey sərvətlərinin elektron məlumat bazasının yaradılması ilə bağlı iş davam etdirilmişdir.  
    Təhsil və Mədəniyyət Nazirliklərinin birgə qrafikinə əsasən tarix və mədəniyyətimizlə bağlı müxtəlif mövzularda 51 açıq dərs və 48 mühazirə keçilmişdir.
    Hesabat dövründə kitabxanaların fəaliyyəti diqqət mərkəzində saxlanılmış, 13 kitab müzakirəsi, yubileylər, əlamətdar və tarixi günlərlə bağlı 39 tədbir keçirilmiş, 62 sərgi qurulmuşdur. Uşaq və yeniyetmələrdə kitaba olan marağın artırılması, onlarda mütaliə mədəniyyətinin formalaşdırılması üçün “Kitabxana Günü”, “Mütaliə Günü”, “Oxucu Günü” ilə bağlı müxtəlif tərkibli tədbirlər gerçəkləşmiş, sağlamlıq imkanları məhdud 24 uşağa səyyar kitabxana xidməti göstərilmişdir. Dövr ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Elektron kitabxanasında elektron kataloqda kitabların sayı 35 min 194-ə çatdırılmışdır. Ay ərzində kitabxanalarda oxucu gəlişi 10 min 23, kitab verilişi isə 65 min 232 nüsxə olmuşdur. Dövr ərzində kitabxanalarda, ümumilikdə, 170 tədbir keçirilmişdir.
    Ay ərzində Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəz, rayon mədəniyyət sarayları, o cümlədən klub və mədəniyyət evləri tərəfindən müxtəlif tədbirlər keçirilmiş, sərgilər qurulmuşdur.
    Naxçıvan Dövlət Film Fondu tərəfindən         5 film nümayiş olunmuş, Ordubad və Şahbuz  rayon ümumtəhsil məktəbləri arasında “Sinematoqraf” kinoviktorinasının seçim turları keçirilmişdir.
    Nazirliyin medeniyyet.nakhchivan.az rəsmi internet səhifəsinin fəaliyyəti diqqətdə saxlanılmış, mütəmadi olaraq məlumatlar yenilənmişdir. Aprel ayı ərzində nazirliyin və tabeli müəssisələrin sosial şəbəkə hesablarında mütəmadi olaraq paylaşımlar edilmişdir.
    Aprel ayında nazirliyin və tabeliyində olan müəssisələrin əməkdaşlarının ölkədə və muxtar respublikada fəaliyyət göstərən KİV ilə əlaqələri davam etdirilmiş, keçirilən tədbirlərin media orqanlarında işıqlandırılması diqqətdə saxlanılmışdır.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət

Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 11.05.2023 22:19