AZ EN RU

Ötən ay muxtar respublika muzeylərinə 175 yeni eksponat təqdim edilib

    Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və tabe müəssisələr tərəfindən aprel ayında da müxtəlif səpkili tədbirlər keçirilmişdir. 
    Mədəniyyət və Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilən məktəblilərin dram, milli musiqi və rəqs müsabiqələrinin yekununa həsr olunmuş tədbirlər keçirilmiş, qaliblər mükafatlandırılmışlar. Ötən ay Ordubad, Culfa və Şərur Rayon Tarix-Diyarşünaslıq muzeylərinin 40 illiyi qeyd edilmiş, muzeylərə yeni eksponatlar hədiyyə olunmuşdur. Hesabat dövründə “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri”nin YUNESKO-nun “Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahısı”na daxil edilməsi haqqında sertifikatın təqdimat mərasimi keçirilmiş, həmçinin Azərbaycan Respublikası Baş nazirinin müvafiq qərarı ilə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrına “milli” statusu verilmişdir. 
    Nazirliyin hamiliyinə verilmiş Naxçıvan Müəllimlər İnstitutunun və Naxçıvan Dövlət Universitetinin müvafiq ixtisasları üzrə təhsil alan tələbələri üçün kitab müzakirələri keçirilmiş, açıq dərslər təşkil edilmiş, mühazirələr oxunmuş, film nümayişi olmuşdur. Həmçinin Naxçıvan Dövlət Universitetinin bir qrup tələbəsinin nazirliyin sistemində olan muzeylərdə və kitabxanalarda təcrübə keçmələri təmin edilmişdir. Ay ərzində muxtar respublikanın muzeylərini 43 min 598 yerli, 4 min 544 əcnəbi olmaqla, ümumilikdə, 48 min 142 tamaşaçı ziyarət etmiş, muzeylərə 175 yeni eksponat daxil olmuşdur.
    Hesabat ayında muxtar respublikanın ümumtəhsil məktəbləri ilə C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyi arasında “Azərbaycanın görkəmli ədibləri” mövzusunda interaktiv dərs keçilmişdir. Ay ərzində “Molla Nəsrəddin” jurnalının nəşrə başlamasının 116-cı ildönümü münasibətilə Cəlil Məmmədquluzadənin Naxçıvan şəhərindəki ev, Nehrəm qəsəbəsindəki və Cəlilkənddəki Xatirə muzeylərində tədbirlər olmuş, Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində dəyirmi masa təşkil edilmişdir. Ötən ay muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün muzeylərdə, ümumilikdə, 46 açıq dərs keçilmiş, 14 mühazirə oxunmuşdur. Muzeylər tərəfindən şəhidlərimizin doğum və anım günləri, əlamətdar və tarixi günlər, tanınmış şəxsiyyətlərlə bağlı və digər bu kimi mövzularda 330 sayda material hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır.
    Ötən ay kitab müzakirələri davam etdirilmişdir. “Mütaliə”, “Nağıl”, “Kitabxanaçı”, “Ktabxana”, “Oxucu” və “Nağıl” günləri ilə bağlı muxtar respublikanın kitabxanaları tərəfindən 136 tədbir keçirilmiş, həmçinin sağlamlıq imkanları məhdud 33 uşağa səyyar kitabxana xidməti göstərilmişdir. Aprel ayında muxtar respublikanın kitabxanalarına 341 adda 443 nüsxə çap məhsulu daxil olmuşdur. Həmçinin kitabxanalara 1015 yeni oxucu müraciət etmiş, oxucu gəlişi 8 min 719, kitab verilişi isə 49 min 39 nüsxə olmuşdur. Bundan başqa, ötən ay elektron kataloqa 714 adda kitab işlənərək elektron kataloqdakı kitabların sayı 31 min 723-ə, şəbəkəyə işlənmiş (PDF) kitabların sayı isə 3 min 823-ə çatdırılmışdır. Ay ərzində elektron kitabxanadan, ümumilikdə, 686 oxucu istifadə etmişdir.
    “Milli dəyərlərimiz folklorumuzda” adlı səhnəciklərin nümayişi müsabiqəsi keçirilmiş, müsabiqədə Naxçıvan Şəhər, Şərur, Culfa, Babək, Ordubad və Şahbuz Rayon Mədəniyyət saraylarında kollektivlər tərəfindən səhnəciklər nümayiş olunmuşdur. Naxçıvan Dövlət Film Fondu tərəfindən görkəmli kino xadimləri, dünya və Azərbaycan kinosunun inciləri haqqında, film çəkilişlərindən maraqlı faktlarla bağlı paylaşımlar edilmiş, film nümayişi həyata keçirilmişdir. Ay ərzində filmlərin nömrələnməsi, pasportlarının yenilənməsi və lentlərin təmizlənməsi işləri davam etdirilmişdir. “Keçmişdən soraq, gələcəyə səsləniş” mövzusunda qısametrajlı filmlər müsabiqəsinin keçirilməsi ilə əlaqədar olaraq, muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələrində seminarlar təşkil edilmişdir.
    C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında İ.Əfəndiyevin “Xurşidbanu Natəvan”, H.Cavidin “Topal Teymur”, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında Ş.Perronun “Çəkməli Pişik”, Naxçıvan Dövlət Uşaq Teatrında isə C.Məmmədquluzadənin “Saqqallı uşaq” əsərləri əsasında səhnələşdirilən tamaşaların məşqləri aparılmışdır. Naxçıvan Dövlət Filarmoniyasının musiqi kollektivləri 23-24 aprel tarixlərdə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən “Kətə” festivalında konsert proqramı ilə çıxış etmişdir. Aprel ayında nazirliyin Gənclər Təşkilatının üzvləri və Naxçıvan Müəllimlər İnstitutunun tələbələrinin iştirakı ilə “Yaşa və öyrən – Bahariyyə” intellektual bilik yarışı keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

 

Nəşr edilib : 19.05.2022 16:54