AZ EN RU

Ötən ay keçirilən kütləvi-mədəni tədbirlər yeniliklərlə yadda qaldı

    Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi 2023-cü ilin mart ayında öz fəaliyyətini nazirliyin iş planına uyğun qurmuş, müvafiq fərman və sərəncamlardan, qəbul edilmiş Dövlət proqramlarından irəli gələn vəzifələr icra edilmişdir.
    “8 Mart – Beynəlxalq Qadınlar Günü” münasibətilə Heydər Əliyev Sarayında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır” mövzusunda keçirilən tədbirdə Naxçıvan Dövlət Filarmoniyasının kollektivlərinin geniş konsert proqramı təqdim edilmiş, nazirliyin təşkilatçılığı ilə keçirilən flaşmob şəhər sakinləri tərəfindən alqışlarla qarşılanmışdır. “Heydər Əliyev İli” çərçivəsində A.Babayevin “Xilaskar” əsəri əsasında hazırlanan eyniadlı tamaşanın məşqləri, DVD diskin və albom-kataloqun hazırlanması işi davam etdirilmişdir. “Heydər Əliyev İli” ilə bağlı mart ayı ərzində, ümumilikdə, 24 tədbir, 10 açıq dərs keçilmişdir.
    19-26 mart tarixlərdə nazirlik və “Element” şirkəti tərəfindən “Əcəmi Seyrəngahı” Mədəniyyət və İstirahət Kompleksində Novruz bayramı münasibətilə “Novruz şəhərciyi” təşkil edilmiş, “Ağac bəzəmə” müsabiqəsi keçirilmiş, müsabiqədə iştirak edən komandalar tədbirin ilk günündə təşkilatçılar tərəfindən təşəkkürnamə ilə təltif olunmuşdur.
    Səkkizgünlük bayram tədbirlərində 8 bədii, 23 cizgi filmi nümayiş etdirilmiş, Naxçıvan Dövlət Filarmoniyası, rayon, şəhər mədəniyyət idarə və şöbələrinin musiqi kollektivlərinin və Bakı şəhərindən dəvət edilmiş müğənnilərin 14 konsert proqramı təqdim olunmuş, Naxçıvan Dövlət Kukla və Naxçıvan Dövlət Uşaq teatrlarının hər biri 3 tamaşa, rayon xalq teatrları və folklor qruplarının 4 tamaşası nümayiş etdirilmişdir. 
   Bayram günlərində insanların mədəni istirahətinin təşkili məqsədilə teatrlar tərəfindən tamaşalar nümayiş etdirilmiş, 6 muzey tərəfindən muzey xidməti göstərilmişdir. Həmçinin Naxçıvan Muxtar Respublikası ərazisində dislokasiya olunmuş hərbi hissə və bölmələrin əsgər və zabitlərinə şəhər və rayon mədəniyyət idarə və şöbələrinin musiqi kollektivləri tərəfindən 10 konsert proqramı təqdim edilmişdir.
    30 mart tarixdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndələri muxtar respublikaya səfər etmiş, mədəniyyət və incəsənət müəssisələri ilə tanış olmuşlar.
    Hesabat dövründə Naxçıvan Dövlət Milli Dram Teatrında “Milli Teatr Günü” və “Beynəlxalq Teatr Günü” qeyd edilmiş, 6 tamaşa nümayiş olunmuş, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı tərəfindən 25 tamaşa, Naxçıvan Dövlət Uşaq Teatrında 12 tamaşa, Babək Rayon Xalq Teatrının hazırladığı 1 tamaşa ictimaiyyətə təqdim edilmişdir.
    Muzeylərin fəaliyyəti nəzarətdə saxlanılmış, ay ərzində nazirlik tərəfindən 4, muzeylər tərəfindən 12 tədbir keçirilmiş, 9 sərgi qurulmuş, 43 açıq dərs və 32 mühazirə keçirilmişdir. Mart ayında muzeyləri 79 min 284 nəfər tamaşaçı ziyarət etmiş, muzeylərə 31 yeni eksponat daxil olmuşdur.
    Hesabat dövründə kitabxanaların fəaliyyəti diqqət mərkəzində saxlanılmış, ümumilikdə, 112 tədbir keçirilmiş, 78 sərgi qurulmuş, 19 uşağa səyyar kitabxana xidməti göstərilmişdir. Kitabxanalarda yeni oxucu sayı 1 min 285, oxucu gəlişi 8 min 690, kitab verilişi isə 57 min 97 nüsxə olmuş, elektron kataloqda kitabların sayı 35 min 102-dən 35 min 158-ə çatdırılmışdır.
    Ay ərzində Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəz, rayon mədəniyyət sarayları, o cümlədən klub və mədəniyyət evləri tərəfindən əlamətdar və tarixi günlər, yubileylərlə bağlı 46 tədbir keçirilmiş, 23 sərgi qurulmuşdur.
    Naxçıvan Dövlət Film Fondu tərəfindən ay ərzində 6 film nümayiş olunmuşdur. “Novruz şəhərciyində” cizgi filmləri və bədii filmlərin nümayişi diqqətdə saxlanılmışdır.
    Sədərək Rayon Uşaq Musiqi Məktəbində müxtəlif ixtisaslar üzrə ustad dərslər təşkil olunmuş, gənclərlə iş sahəsinə diqqət artırılmışdır.
    Nazirliyin medeniyyet.nakhchivan.az rəsmi internet səhifəsində mütəmadi olaraq məlumatlar yenilənmiş, ay ərzində səhifəyə 21 xəbər, 1 məqalə olmaqla, ümumilikdə, 22 material işlənmişdir. Nazirliyin “nmr_medeniyyet_nazirliyi” adlı Instagram səhifəsinin izləyicilərinin ümumi sayı 7 min 275 olmuş, səhifədə 178 paylaşım edilmişdir. Nazirliyin “Youtube”, “Facebook” hesablarında və nazirlik tabeli müəssisələrin sosial şəbəkə hesablarında paylaşımlar davam etdirilmiş, izləyici sayında artım qeydə alınmışdır. 
    Mart ayında nazirliyin keçirdiyi tədbirlərlə bağlı “Şərq qapısı” qəzetində 13, şəhər və rayon qəzetlərində 2 material dərc olunmuş, “Nuhçıxan” İnformasiya Agentliyinin saytında 8, digər informasiya agentliklərində 15, Naxçıvan televiziyasında 11 xəbər materialı işıqlandırılmış, nazirliyin və tabeliyində olan müəssisələrin əməkdaşlarının ölkədə və muxtar respublikada fəaliyyət göstərən KİV ilə əlaqələri davam etdirilmişdir.
    Azərbaycan televiziyasının Novruz bayramına həsr olunmuş “Oğuz elinin Novruzu: Naxçıvan” verilişinin çəkilişlərində Naxçıvan şəhər və rayon mədəniyyət idarə və şöbələrinin musiqi kollektivləri geniş şəkildə iştirak etmişlər.

Naxçıvan Muxtar Respublikası 
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 11.04.2023 20:49