AZ EN RU

­ Ötən ay imtahanların sistemli şəkildə keçirilməsi davam etdirilib

    Hesabat dövründə Dövlət İmtahan Mərkəzi tərəfindən muxtar respublikada müxtəlif istiqamətlərdə işə qəbul üçün elan olunmuş müsabiqələrə test imtahanlarının və müsahibələrin keçirilməsi prosesi sistemli şəkildə davam etdirilib.
    Sentyabrın 5-də Naxçıvanda ilk dəfə olaraq mühəndis melioratorların işə qəbulu üçün müsabiqə keçirilib. Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin ixtisaslı kadrlara olan tələbatının ödənilməsi məqsədilə keçirilən müsabiqəyə çıxarılmış 26 vakant vəzifənin tutulması üçün 15 namizəd qeydiyyatdan keçib. Müsabiqənin nəticələrinə görə imtahanda iştirak edən 14 namizəddən 8-i keçid balını toplayıb və müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb.
    9-12 sentyabr tarixlərdə dövlət səhiyyə müəssisələrinə işə qəbul üçün növbəti test imtahanları keçirilib. Müsabiqəyə çıxarılmış 395 vakant vəzifənin tutulması üçün 248 müraciət qeydə alınıb. Müsabiqədə namizədlərin 201-i orta ixtisas tibb işçisi, 47-si isə həkim vəzifələri üzrə qeydiyyatdan keçib. Test imtahanının nəticələrinə görə 60 namizəd uğur qazanaraq klinik tapşırıq mərhələsində iştirak etmək hüququ əldə edib. Sentyabrın 29-da keçirilən klinik tapşırıq mərhələsində iştirak edən 58 namizəddən 49-u uğur qazanıb.
    Sentyabrın 12-də Naxçıvan Dövlət Universitetinin Musiqi Kollecinə işə qəbul üçün keçirilən müsabiqənin müsahibə mərhələsi baş tutub. Nəticədə, bu mərhələdə iştirak edən 13 namizəddən 12-si uğur qazanıb. 13-14 sentyabr tarixlərdə musiqi təhsili müəssisələrinə işə qəbulun müsahibə mərhələsi keçirilib. Qeyd edək ki, müsabiqənin test mərhələsində 70 vakant vəzifənin tutulması üçün 90 namizəd iştirak edib, onlardan 54-ü müvafiq keçid balını toplayıb. Müsahibə mərhələsində iştirak edən 43 namizəddən 39-u uğur qazanıb.
    14-15 sentyabr tarixlərdə mədəniyyət müəssisələrinə işə qəbul üçün növbəti müsabiqə keçirilib. Müsabiqədə iştirak etmək üçün 141 namizəd qeydiyyatdan keçib. Bu mərhələdə 63 namizəd uğur qazanaraq müsahibə mərhələsində iştirak hüququ əldə edib. 5 namizəd isə birbaşa müsahibə mərhələsində iştirak edəcək.
    Sentyabrın 22-də dövlət orqanlarında vakant mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçi vəzifələrinin tutulması üçün elan edilmiş müsabiqənin esse mərhələsi keçirilib. Esse mərhələsində iştirak etmək üçün sənəd təqdim etmiş 17 namizəddən 15-i imtahanda iştirak edib, onlardan 7-si müvafiq keçid balını toplayaraq müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb. 16-27 sentyabr tarixlərdə dövlət orqanlarında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatı üzrə vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan olunmuş müsabiqənin test mərhələsi keçirilib. Müsabiqəyə çıxarılmış 119 vakant vəzifənin tutulması üçün 755 müraciət qeydə alınıb. Müraciət edənlərin daha çox sənəd təqdim etdiyi dövlət orqanları sırasında Təhsil Nazirliyi birinci pillədə qərarlaşıb – 141 namizəd. Daha çox müraciətin qeydə alındığı digər dövlət orqanı isə Maliyyə Nazirliyidir ki, burada müvafiq vəzifələrin tutulması üçün 95 namizəd qeydiyyatdan keçib. Test imtahanının nəticələrinə əsasən 321 namizəd uğur qazanaraq müsahibə mərhələsində iştirak etmək hüququ əldə edib. 
    Sentyabrın 24-də mərkəz tərəfindən dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi ilə bağlı növbəti test imtahanı keçirilib. Qeydiyyatdan keçmiş 17 dövlət qulluqçusundan 13-ü uğur qazanaraq dövlət qulluğunda fəaliyyətini davam etdirmək hüququ əldə edib. Ötən ay Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunmuş müəllimlərin sertifikasiyası üçün hazırlıq kurslarında 51 nəfər iştirak edib.

Naxçıvan Muxtar Respublikasının 
Dövlət İmtahan Mərkəzinin mətbuat xidməti

Nəşr edilib : 17.10.2022 20:37