AZ EN RU

Ötən ay ərzində 876 daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınıb

Naxçıvan Muxtar Respublikasında əmlak və torpaq münasibətlərinin qanunvericiliklə tənzimlənməsi, vətəndaşların mülkiyyət hüquqlarının dövlət qeydiyyatının operativ yerinə yetirilməsi, torpaqların mühafizəsinə və onlardan təyinatı üzrə istifadəyə dövlət nəzarəti Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən 2023-cü ilin noyabr ayında da prioritet istiqamət kimi müəyyənləşdirilib, göstərilən xidmətlər mütəşəkkil qaydada həyata keçirilib.

Vətəndaş müraciətlərinə əsasən cari ilin noyabr ayı ərzində ümumilikdə 876 daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınıb. Bu dövrdə 689 texniki sənəd hazırlanıb. Həmçinin, ilkin qeydiyyat, bölünmə və birləşmə nəticəsində yeni yaranan 93 daşınmaz əmlaka ünvanlar verilib. Naxçıvan Muxtar Respublikasında Ünvan Reyestri İnformasiya Sisteminin fəaliyyətinin təmin edilməsi, qanunvericiliyə uyğun olaraq ünvan məlumatlarının yenilənməsi və sistemləşdirilməsi məqsədi ilə Babək və Şahbuz şəhərlərinin yeni ünvan xəritələrinin layihəsi hazırlanıb.

Daxil olan vətəndaş müraciətlərinə əsasən ötən ay əmlakların məhdudiyyət və yüklülüyünə dair 153 arayış verilib, müvafiq dövr ərzində hüquqi və fiziki şəxslər tərəfindən elektron xidmətlərə 105 müraciət daxil olub. “ASAN xidmət” Mərkəzində göstərilən müvafiq xidmət növləri üzrə ümumilikdə 736 müraciət icra üçün qəbul olunub.

Hesabat ayı ərzində kənd təsərrüfatı təyinatlı torpaq sahələri və onların mülkiyyətçiləri haqqında əvvəllər yaranan hüquqlara dair 925 məlumat daşınmaz əmlakın elektron qeydiyyat sisteminə daxil edilib, 4 ailə təsərrüfatına məxsus həyətyanı təsərrüfat binası sənədləşdirilib.

Xidmət tərəfindən muxtar respublikanın bir sıra yaşayış məntəqələrində əmlak qeydiyyatı ilə bağlı əlçatanlığın təmin edilməsi və vətəndaşların xidmətlərdən yararlanması məqsədilə səyyar xidmətlər də təşkil olunub.

Naxçıvan Muxtar Respublikasının

                                                          Daşınmaz Əmlak və Torpaq Məsələləri

                                       üzrə Dövlət Xidmətinin mətbuat xidməti

Nəşr edilib : 05.12.2023 16:08